Vulkan püskürməsi bu ölkəni qorxuya saldı

dunya
14-09-2015, 21:34 1082
Vulkan püskürməsi bu ölkəni qorxuya saldı Ölkədə 5 ballıq şkala ilə 3-cü dərəcəli təhlükəlilik səviyyəsi elan edilib.
Yaponiyada Aso vulkanı yenidən püskürüb. ANS PRESS-in məlumatına görə, Kyuşu adasındakı vulkan 2 min metr hündürlüyə lava püskürüb. Püskürmə Nakadake kraterində olub. Bununla əlaqədar ölkədə 5 ballıq şkala ilə 3-cü dərəcəli təhlükə elan edilib.
Aso vulkanı Yaponiyanın ən fəal vulkanı olduğu üçün ölkənin ən məşhur turistik yerlərdəndir. "The Guardian" qəzetinin yazdığına görə, püskürmə zamanı vulkanın ən yüksək nöqtəsində turistlər olub. Təhlükə ilə əlaqədar olaraq onların hamısı təxliyə ediliblər. Həlak olanlar və xəsarət alanlar haqqında isə heç bir məlumat yoxdur.
Vulkan püskürməsi ölkənin avia şirkətlərinin işinə də maneə yaradıb. "Japan Airlines" şirkəti reyslərin gecikəcəyi haqqında xəbərdarlıq edib. Buna səbəb vulkanın havaya kül atması və qatı tüstü buludunun yaranmasıdır.
Bundan başqa, bəziləri vulkandan 160 kilometr cənubda yerləşən "Senday" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətindən də narahat olublar. Lakin "Kyushu Electric Power Co" Aso vulkanının AES-in fəaliyyətinə təsir etməyəcəyini bildirib.
Bundan əvvəl də Yaponiyada vulkan təhlükəsi yaşanmışdı. May ayında Kaqoşima prefekturasının Kuçinoerabu adasında eyniadlı vulkan fəallaşmışdı. Püskürmənin elə ilk dəqiqələrindən tüstünün hündürlüyü 9 min metrə çatmışdı. Həmin vaxt 5-ci dərəcəli təhlükəlilik səviyyəsi elan edilmişdi. Sonuncu dəfə isə həmin vulkan 22 il əvvəl püskürmüşdü.