SƏXAVƏT DÜNYASI

gundem
7-06-2024, 14:48 1465
SƏXAVƏT DÜNYASIİyun ayının üçü qələm dostumuz şair-qəzəlxan, memar, AYB-nin üzvü Səxavət Talıblı yubileyini qeyd etdi. Şəxsən mən tanıdığım bütün qələm dostlarımızın adından deyə bilərəm ki, Səxavətin adını eşidəndə çöhrələri gülür, haqqında ürəyəyatımlı, xoş sözlər söyləyirlər. İnsan bir kitabdır, elə bir kitab ki, oxuduqca oxumaq istərsən, əgər o insan sənə başqalarına nisbətən daha əziz olarsa... Əgər o insan sənə yoldaş , dost, sirdaş olarsa, bax, o zaman oxuduğun həmin kitabın dəyəri daha qiymətli olacaq. Əgər bir şəxs cəmiyyət arasında öz ziyalı düşüncələri, davranışı, məsuliyyəti, nitqi və xoş əməlləri ilə başqaları üçün nümunə olarsa, onun daxili aləmində daha hansı xoş niyyətlərin olduğunu bilmək elə də çətin deyil. Elə tanınmış nasir, şair-qəzəlxan dostumuz Səxavət Talıblı kimi.


Səxavət Talıblını uzun illərdi tanıyıram. Tanıdığım zaman ərzində, müxtəlif tədbirlərdə görüşmüşük, ümumi yaradıcılıq haqqında bəzi məqamaları müzakirə edib danışmışıq. Amma haqqında yazmağa bir azca ehtiyat etdim. Ehtiyat etdim ona görə ki, Azərbaycan ədəbiyyatında artıq özünəməxsus yer tutmuş bir insan haqqında hansısa cümləni tam təfsilatı ilə anlada bilmərəm. Ehtiyat etdim ona görə ki, dostlara qarşı mərdliyini, qayğısını, diqqətcilliyini tam nəzmə çəkə bilmərəm. Təbii ki, hamı ilə dost ola bilməzsən. İlk öncə ağlımız, yəni həyata baxışımız dost olacağımız insan və ya insanlara uyğun olmalıdır. Bizi başa düşə bilən, ağrı-acımıza, sevincimizə şərik olan, lazım olanda yaradıcılığımızda bizə dəstək verən, hər şeydən əvvəl bizi incitmədən səhvlərimizi sirdaş kimi anlayan, daşsız-kəsəksiz yol göstərən insanlarla dost olmalıyıq.
Səxavəti yaxından tanıyanlar bilirlər ki, Səxavətin ruhu Tanrıya, insanlığa, vətənə sevgi dolu bir dünyadı. Tanrıya və insanlığa, vətənə sevgi isə, hər şeydən daha yüksəkdə duran elə bir cazibədir ki, onsuz dünya mövcud ola bilməz. Kainatın dönəmi, bütün ümidlərin nicatı isə insanın insana xoş münasibətidir. Bax, bu özü bir gözəllikdir, budur Səxavət dünyası.

Ay üzü qibləyə dayanan Vətən,
Məkkədə Kəbəni ziyarət eylə.
Məkkə Qarabağdı, Kəbə Xocalı,
Öpüb qara daşın, ibadət eylə.

“Öpüb qara daşın, ibadət eylə”- deyən şair-qəzəlxan vətəni sevməyi, vətən fədaisi olmağı ən böyük şərəf bilir. Vətənə səcdəgah kimi baxmaq, torpağa, öz xalqına bağlı olmaq deməkdir. Vətəni sevmək, Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcu deməkdi.
SƏXAVƏT DÜNYASI

Gözünün yaşını gülşəndə gülab eyləmisən,
Bülbülün qəlbini ey gül nə xərab eyləmisən.
Ələnib hər çiçəyin ətri, hopub saçlarına,
Bağı-bağçanı çəkib, başa hicab eyləmisən.
Güzgütək üz-gözünə rəngi düşüb gülşənimin,
Laləni, nərgizi zərxarə niqab eyləmisən.
İçirəm badə bilib, hər dəfə dolduqca gözün,
Bu nəmaz əhlini sən, əhli şərab eyləmisən.
Yazılıb gül ləçəyi üstə Səxavət qəzəlin,
Bu gülüstanı əcəb dəst-kitab eyləmisən.

Qəzəlxan şairimizin ruhundan süzülən hər misra, hər kəlmə onun dünya ilə söhbəti, gözəllyə səmimi “üsyanıdı”. Çünki Səxavət dünyası Tanrı və gözəllik işığı ilə nurlanıb, insan ruhu gözəlliyə tapınanda isə bir varlıq, yaradıcı bir qüvvə kimi dəyişir. Təbiət, gözəllik pərəstişkarı olan xeyirxah insanlardan ibarət cəmiyyət özü gözəl, kamil və ədalətli olmalıdı. Düşünürəm ki, bu gözəlliyin sirri də insan sevgisindədir.

Səxavət dünyasının və bu mühitin öz ruhu, öz meyarları - təbiətə, sevgiyə, mərhəmətə, insanlığa yüksək maraq dairəsi vardır. Bu mühitə düşən insanlar kimi, Səxavət də həmin bu maraqlara xidmət etməyə, öz həyatını həmin bu meyarlar baxımından qurmağa çalışıb həmişə...
Səxavəti dinlədikcə hiss edirsən ki, özünəməxsus xoş aurası, xarakteri çoxcəhətli xüsusiyyətə malikdir. Bu əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil, vəhdət halında birləşərək əsil xarakterin vahid strukturunu yaradır. Budur Səxavət dünyasının kamilliyi!
Səxavətin daha bir qəzəlinə nəzər yetirsək, görərik ki, şair-qəzəlxan Füzuli ənənələrini davam etdirib, yaşadır. Səxavət Talıblı Azərbaycan ədəbiyyatında qəzəl janrında bəxti olan qələm adamlarından biridir. Onun qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir.

Getdin, gözümün içrə dolan yaş, səni gözlər,
Sənlə məni dost etmiş o göz-qaş səni gözlər.
Gizlincə toxundum saçına fərqinə vardın,
Arxamca qaçıb atdığın o daş səni gözlər.
Şıltaqlıq edib sirrimizi Xaliqə açdıq,
Kimdir sorur, o sirrinə sırdaş, səni gözlər.
Ərz eyləmiş idik cüt ölək, cüt gömülək biz,
Allah buyurur, gəlsin o yurddaş, səni gözlər
Qıl körpüsünə çıxmağa Rizvan da buraxmır,
Qalmış o yazıq ortada çaş-baş, səni gözlər.
Tək qoyma, yet imdadına, huşsuzdu Səxavət,
İtmiş şüuru, yox gilə yaddaş, səni gözlər.

Səxavət dünyası deyəndə fikirləşirəm ki, bu dünya təkcə həyat yolunun yeganə qurucusu, özü-özünün tək subyekti deyil. Burada “alın yazısı”nı və yaşadığı dövrün və mühitin təsirlərini də nəzərə almaq lazım gəlir. Bu göstəricilərə görə, insanın bütün həyatı mühitlə dialoqa və ya mücadiləyə, yaxud, yaradıcılığa həsr olunur. İnsan, onun yaxın ətrafı, uzaq ətrafı, ictimai mühit, millət, bəşəriyyət – hamısı bir zəncirin halqalarıdır. Düz demişlər ki, cəmiyyət arasında düzgün davranış gözəl nailiyyətlərə , xoş münasibətlərə yol açır. Göstərilən misаllаrdаn аydın оlur ki, Səxavət yаrаdıcılığı öz bədii dəyəri, mənа tutumu ilə digərlərindən fərqlənir.
Səxavət dünyasına mən humanizm də deyərdim. Çünki, həm Səxavətin düşüncələri, həm humanizmin əsas hədəfi insanın inkişafı və bütün insanlar üçün həyatı yaxşılaşdırmaqdır. Səxavətin bulaq kimi axan yaradıcılığından bəhrələnən humanizm isə, gözəl işlər görməyə, xeyirxahlığa, yaxşı yaşamağa çalışmaqdır. Budur Səxavət dünyası. O bir-birindən gözəl qəzəlləri ilə klassiklərimizin ruhunu, duyğusunu oxucularına xatırladır. Şаirin hər bеytində, hər misrаsındа bədii vаsitələrdən, ustalıqla istifаdə оlunmuş, ustаdlıq nümаyiş еtdirmiş, охucu zövqünün, охucu təfəkkürünün mаksimum nöqtəsini fəth еdən yüksək sənətkаrlıq nümunələri yаrаtmışdır. Yubileyi şərəfinə işıq üzü görən kitabda Səxavətin qələm dostları Səxavət haqqında öz ürək sözlərini yazmışlar. Səxavət Talıblının 65 illik yubileyinə həsr olunmuş kitabı araya-ərsəyə gətirən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitab müəllifi Əfşan Yusifqızıdır.

Səxavət Talıblıya uğurlar arzu edirəm, gözlərin işıqlı, qələmin iti olsun!

Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.