Bakıda qəssablar cərimələnəcək

sosial
14-09-2015, 12:09 809
Bakıda qəssablar cərimələnəcək Qanunsuz yerdə ət kəsənlər 25 -125 manat arası cərimələnə bilər
Heyvanların insanların gözü qarşısında, səki və ictimai yerlərdə kəsilməsinə qadağa qoyulub.
ANS TV-nin məlumatına görə, amma hələ də belə mənzərənin olması bəzilərinin bu qadağaya məhəl qoymamasından xəbər verir. Bu, xüsusilə şəhər kənarındakı qəsəbələrdə baş verir.
Heyvanların belə yerlərdə kəsilməsi zamanı sanitar normalara əməl olunmaması bir tərəfə, heyvan kəsilmə əməliyyatı insanların, xüsusən də uşaqların psixikasına mənfi təsir göstərir.
Qəssablar üçün bu, adi hal olsa da bir canlının başının gözü qarşısında kəsilməsi uşaqda potensial zorakılıq meyillərinin yaranmasına səbəb ola bilər.
Psixoloq Elnur Rüstəmov bu hadisənin uşaqlarda aqressiv hal yarada biləcəyini deyib. Hətta bu gələcəkdə uşaqların yeməkdən imtina etməsinə səbəb ola bilər.
Bəs görəsən, dəfələrlə reydlər keçirilməsinə və qadağalar qoyulmasına baxmayaraq, nəyə görə bəzi yerlərdə hələ də heyvanlar xüsusi yerlərdə kəsilmir?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsinini rəisi Aslan Aslanov indiyə qədər bir çox sahibkarın sanitaq qaydaları pozduqları üçün cəzalandıqlarını açıqladı. 40 mağaza sahibi cərimə olunub və 15 satış məntəqəsinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb,
Təbii ki, qəssablar öz xeyirlərini güdmək üçün həmin məntəqələrə getmirlər. Çünki istəmirlər ki, kəsimdən sonra heyvanın əti həkim müayinəsindən keçsin və buna görə də əlavə xərc çıxsın. Bunu etməmək üçün heyvanları özbaşına istədikləri yerlərdə kəsirlər.
İnzibati Xətalar Məcəlləsinə görə, müəyyən olunmamış yerlərdə heyvan kəsənlər cərimə olunurlar. Cərimə ilk dəfə 25 manatdan başlayır və getdikcə artır. Yəni bunu bir neçə dəfə təkrar edənlər 125 manat məbləğində cərimə olunurlar. Hətta bu, bir neçə dəfə təkrarlanarsa, həmin məntəqənin bağlanması, qəssabın fiziki şəxs kimi fəaliyyətinin dayandırılması məsələsi gündəmə gəlir.
Yəqin ki, cərimələr tətbiq olunmadığı halda onlar bu qanunsuz fəaliyyətlərinə hələ də davam edəcəklər.