Taliban 352 məhbusu qaçırtdı

dunya
14-09-2015, 12:05 906
Taliban 352 məhbusu qaçırtdı Taliban döyüşçülərinin həbsxanaya hücumu zamanı 4 əfqan polisi ölüb, 7-si isə yaralanıb.
Əfqanıstanda Taliban silahlılarının həbsxanaya hücum etməsi 352 məhkumun qaçmasına səbəb olub.
ANS PRESS-in məlumatına görə, hadisə Əfqanıstanın Qəznə şəhərində yerləşən həbsxanaların birində baş verib. İnsidentlə bağlı Qəznə Qubernator Köməkçisi Məhəmməd Əli Əhmədi təşkil etdiyi mətbuat konfransında danışaraq, açıqlama verib. Onun sözlərinə görə, Taliban xadimləri polis formasında həbsxananın girişinə gələrək, bomba partladıblar və 352 məhbusun qaçmağına kömək ediblər.
Məhəmməd Əli Əhmədi, həmçinin, Taliban döyüşçülərinin həbsxanaya hücumu zamanı 4 əfqan polisinin həyatını itirdiyini, 7 polis və 4 məhbusun da yaralandığını vurğulayıb.
Taliban sözçüsü Zebihullah Mücahid insidenti şərh edərkən Qəznədəki həbsxana basqınını boynuna alaraq, 400 Taliban məhbusunun azad olduğunu bildirib.
O, həmçinin, basqın zamanı ən azı 40 əfqan polisi və həbsxananın təhlükəsizlik xidmətinin işçisinin öldürüldüyünü iddia edir.
Əfqanıstan hökümət nümayəndəsi həbsxanadan hal-hazırda cəmi 80 məhkumun qaldığını deyir.