Gecikmiş sosial müavinətlər ödənilir -NAZİRLİK

sosial
13-08-2015, 11:56 949
Gecikmiş sosial müavinətlər ödənilir -NAZİRLİK
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə də xüsusi diqqət yetirilir.
DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin iyul ayında işəgötürənlər tərəfindən ümumilikdə 14693 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 88,8 faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.
Ümumilikdə cari ilin yanvar-iyul aylarında Xidmətin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manat təşkil edib. Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.