RUHUN ŞAD OLSUN, ALBERT
gundem
26-09-2023, 23:49
1112

Albertin çəkiliş vaxtı dediyi : “Mən bu torpaqda doğulmuşam. Doğulmuşam burda, yaşayıram burda. Məni heç nə məcbur eləmir. Müharibənin axırına kimi” –kəlməsini elə gün olub 100 dəfə dinləmişəm. Səsində də xüsusi tembr var idi rəhmətliyin. Diqqətlə dinləyəndə, zəhm- yəni sözü bircə dəfə konkret deyən və tələb edən, cəsarət hiss edir adam. Elə bir insanla ünsiyyət qurarkən də heç yorulmazdın. Əksinə, söhbətindən rahatlıq, sakitlik duyur insan. Elə vaxt olur ki, müsahibindən bəzən heç oxumadığın, eşitmədiyin tarixi faktlar, gözəl kəlamlar eşidirsən. Bunlar insan ruhunu qidalandırır, rahatladır. Bilikli idi rəhmətlik Albert. Bilik cəmiyyət arasında insanı güclü edir. Çünki bilikli insan həm də ziyalıdı. Albert kimi insanlar yaşadığı cəmiyyətin bütün keyfıyyətlərini, mənsub olduğu millətin zəngin mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərinin qəhrəmanlıqlarını təkrarlayır, bir növ özünü və ətrafını güclü olmağa məcbur edir. Bu cür insanlar eyni zamanda yaşadığı müasir cəmiyyətin nail olduğu texnologiyanın, müasir avadanlıqların və onlarla davranış mədəniyyətinə də sahiblənirlər. Tankçı idi Albert, həm də ən sərrast tankçı, atıcı...Bilikli insan hərtərəfli olduğu üçün hər hansı bir çətin vəziyyətdən çox asanlıqla çıxa bilir. Belə ki, dili, ünsiyyəti güclü olan insan malik olduğu bilik və bacarığını daha rahat, başa düşüləcək tərzdə ifadə etmək qabiliyyətindədir. Budur ziyalılıq. Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, əslən dağ yəhudisi olan Albert Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır.Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə, sürücüyə yol göstərərkən Şəhid olmuşdur. Hər dəfə məzarını ziyarət edəndə ruhuna sonsuz dualar edir, əzizlərinə səbr diləyirik.
Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış tankı bərpa edilərək Xankəndi-Şuşa yolunda, Şuşa şəhərinin girişində Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı. 2023-cü il 19 sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra həmin tank ordan götürülmüş və Bakıya Hərbi Qənimətlər Parkına gətirilmişdir.
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk əsgərlərdən biri olmuşdur. Medal Aqarunovun ailə üzvlərinə 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmişdir. Albert Aqarunov həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı. Hazırda Hərbi Qənimətlər Parkında yerləşdirilib. Yaşasın Dövlətimiz, Ordumuz, əsgər və hərbçilərimiz, xalqımız!
Ruhun şad olsun, igid Albert!
Mayisə ƏSƏDULLAQIZI
