ŞEİRLƏR-Mayisə Əsədullaqızı
gundem
13-09-2023, 22:44
1673

Payız gəldi, leysanında acizəm,
Küləklərə deyən sözüm qalmayıb.
Sən qəlbimdə ola-ola sənsizəm,
Dərdləri yazmağa üzüm qalmayıb.
Bitməyir dünyanın eşqi, həvəsi,
Min yerə yozurlar xırda adamlar.
Ruhumu oynadır sevgi nəfəsi,
Bağlıdır elinə, yurda adamlar.
Məhəbbətsiz günüm olmasın, Allah,
Məni ruhsuzların gününə salma.
Alırsan canımı birdəfəlik al,
Amma, məhəbbəti ruhumdan alma.
DUYĞULARIM
Şam işığı, nə danışım,
Məni anlamazsan ki...
Tellərimə bürünə-bürünə
Sürünə-sürünə
Tüstün
Duyğularımı anlamaz,
Qəlbim ovunmaz.
Namərddən nə ədalət,
Nə mərhəmət,
Nə məsləhət...
Bəzən, şaxtada belə,
Çiçək çıxar qar altından,
Gözlərimə nur gələr,
Şəklindəki qaraltından...
BU SAHİLLƏR
Tellərindi sığallanıb
Bir yana,
Hansı dərddi səni
Salıb tufana?
Gedənlərin dönüşü yox,
Qalanların nahaq ilə,
Davası çox.
Əlvida dediklərim üçün,
Zaman donmuş.
Onların fikrincə,
Onlardı haqlı.
Mən elə iyirmi
Yaşındakı kimi
Nadinc qalmışam.
Ərköyünəm, ağıllanmamışam.
Bəzən, gizli bir öpüş
Yazılar ömrümə,
Közündən alışarsan ocaq kimi.
İsti bir qucaq kimi...
Gecələr hətta, ulduzlar
Sevgi arzular.
Ayrıldın bu yerlərdən
Sanki, əsrlər öncə,
Gözləyir səni sahillər,
Bu yerlərə dönüncə...
Mayisə ƏSƏDULLAQIZI
