AQTA xüsusi gündə beş ilin hesabatını verdi - VİDEO

iqtisadiyyat
7-06-2023, 15:04 788
AQTA xüsusi gündə beş ilin hesabatını verdi - VİDEO7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Artıq beşinci dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün builki fəaliyyət planı “Keyfiyyətli qida həyatları xilas edir” şüarı üzərində qurulub.

Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır. Təsadüfi deyil ki, hazırda 188 ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü də məhz Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə FAO-nun Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirir. İstehlakçılara və sahibkarlara sosial şəbəkələr, kütləvi informasiya və digər kommunikasiya vasitələri ilə müxtəlif mesajlar ötürülür.
Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi işləri davam etdirilir. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı və Abşeronda yeddi, regionlarda doqquz olmaqla, ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik laboratoriyaların fəaliyyətinin əsas məqsədi respublikamıza idxal olunan və ölkədə istehsal edilən qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsidir.
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasının da beş ili tamam olur. Fəaliyyətini şəffaflıq və hesabatlılıq, qərəzsizlik və bitərəflik, sahibkarlarla tərəfdaşlıq, istehlakçı mənafeyinin üstünlüyü, innovativlik, səmərəlilik və nəticəyönümlülük, risk əsaslı yanaşma və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində quran agentlik ötən dövrdə bir sıra uğurlar əldə edib.

AQTA tərəfindən ötən beş il ərzində həyata keçirilən bir sıra tədbirlərlə aşağıdakı videoçarxda tanış ola bilərsiniz: