“ƏLLƏRİMDƏN YAĞIŞ DAMİR” Həkim-şair Nazilə Gültac
gundem
5-06-2023, 22:45
1946

Kitabın redaktoru Əlirza Həsrət :
“Poeziyamızın Gül tacı Nazilə Gültacın şeirlərində maraqlı ifadələr, poetik obrazlar, lakoniklik diqqət çəkir. Sevda dolu şeirləri könül məlhəmidir.
Sevimli oxucularının sevgi tacı olacağına əmin olduğum “Əllərimdən yağış damır” şeirlər kitabının müəllifinə uğurlar arzu edirəm.”
Nazilə Gültac –həkim, şair, yazar, araşdırmaçı, tərcüməçidir, Bakıda yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidentinin mükafatçısı olmuşdur. “Suya yazılan sevda”, “Yaşıl pıçıltı”, “Qəlbdən dodağa” (Bakı), “Ben gönlümü bilmezmiyem” “Sevgi yağmuru”(Ankara) şeirlər kitablarının müəllifidir. “Ailə də vətəndir” povest və hekayələr kitabı çapa hazırlanır. Şeirləri Azərbaycanda olduğu kimi, Türkiyədə də “Kardeş kalemler”, “Türk Edebiyyati”, “Bizim Ece”, “Yaşam Sanat” dərgilərində yayımlanmışdır.
Türk xalqları ədəbiyyatının Azərbaycanda yayımlanmasına və ədəbi əlaqələrinin inkişafında uğurlarına görə 2017-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq fondun “Şan Yarlığı” , bir neçə Rusiyalı şairlərin şeirlərinin tərcümədəki uğuruna görə, Rusiya Yazıçılar Birliyinin “Təşəkkürnamə” mükafatına layiq görülmüşdür.
Həmişə fikirləşmişəm ki, mən cəmiyyətdə bir neçə şirkətdə çalışarkən, gənclik illərindən başladığım yazılarımı niyə ara-sıra, oğrun-oğrun gözdən keçirir, həmin dəftəri bu günədək əziz, antikvar bir əşya kimi, bakirə bir nəsnə kimi əzizləmişəm. Elə hiss etmişəm ki, o dəftərdəki mürəkkəbi solmuş yazılar, vərəqləməkdən nazilib, hətta, bezib saralmış vərəqlər tamam itərsə, özümü pis hiss edərəm. Hiss etmişəm ki, o dəftər itərsə, gəncliyim və bu günüm o dəftərlə birgə itəcək, çökəcək...Məndə olan bu hiss elə bilirəm ki, isti, qızmar səhrada günlərlə susuz qaldıqdan sonra, Allahdan su istəmək yalvarışıdır, gözəgörünməzlə söhbətdir...Elə bu səbəbdən də, əlində qələm olan həmkarlarımı, onların yuxusuz gecələrini, bir misra üzərində bəzən saatlarla (!) fikirləşən dostlarımı elə gözəl anlayıram ki...

Həkim-şair NAZİLƏ GÜLTAC poeziyasını mütəmadi oxumuşam, oxuyuram. Həkim xanımın şeirləri elə özü kimi saf, gözəl, həlim, ibratamiz, məzmunlu, oxunaqlıdır. Vətən, torpaq, səngər ətirlidir.
Qızım çəkdi
Vətən xəritəsini.
Azərbaycan sözünü
Yerləşdirə bilmədi.
Xəritənin üstünə.
“Azər” yazdı,
“Bay” yazdı,
Dedi ki, ana,
“Can” sözünə yer azdı.
Məndən yardım istədi,
Baxdım xeyli ana yurdun
Paralanmış köksünə,
Dağ çəkilən səddinə.
Dəmirqapı Dərbəndin
Qapısını döymədim.
“C”-nı cənuba yazdım,
Dedim canımız orda.
“A” qondu Borçalıya,
And yerimizdi dedim.
“N”-nı qərbinə yazdım,
İrəvana xal saldım .
Orda nidamız qalıb,
Orda naləmiz yanıb!
Qızım indi bax, dedim:
Böyük Vətənimizin
Bəxtsiz xəritəsinə!
Bəxtsiz Vətənimizin
Böyük xəritəsinə!

Gəlin razılaşaq ki, şeir musiqi deyil, lakin müəyyən mənada musiqisiz də şeir yoxdur. Şeir sözü təbiət və cəmiyyətdə olanların ən gözəllərini və onların gözəlliklərini bildirən bir söz kimi işlənir. Ruhu qidalandıran şeir insan qəlbinin aynası, gözəl sənətlərin ən gözəlidir.
Nazilə xanımın poeziyası bütünlüklə bilikdir, milli qürurdu , mərhəmətdi, ruhun şər qüvvələr üzərindəki qələbəsidir. Eyni zamanda, həkim-şair xanımın şeirlərində dünyanı dəyişən qığılcım işartısı var, poetik təbiətində, dünyanı gözəlliyə, səadətə doğru yönləndirən bir inqilabilik var! Nazilə Gültac poeziyası bizə bu dünyanın mahiyyətini açır və ruhumuzda sanki, başqa bir dünya yaradır.
“Əllərimdən yağış damır” şeirlər kitabını oxuyarkən hiss edirsən ki, yazmaq özü bir sənətdir, seçilmişlərin çörəyidir, amma, hər kəsin dişi batmaz...
Nazilə Gültac poeziyası haqqında çox yazmaq olar, inşallah, bu mövzuya zaman-zaman qayıdacağıq.
Biz də, realfakt.az saytının əməkdaşları həkim-şair xanıma daha böyük uğurlar arzu edirik!
Əllərinizdən saf, bərəkət-ruzi dolu yağış damsın!

Mayisə Əsədullaqızı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.