Metro qatarlarının sayı artırılacaq

sosial
11-09-2015, 13:39 961
Metro qatarlarının sayı artırılacaq Qış rejiminə keçidlə bağlı Bakı Metropolitenində bir sıra dəyişikliklər olacaq.
Sentyabrın 15-dən Bakı Metropoliteni qış rejiminə keçəcək.
Bunu ANS PRESS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, yeni rejimlə əlaqədar qatarların sayında və intervallarda dəyişiklik olacaq.
"Qış rejiminə keçdikdən sonra 24 cüt qatar əvəzinə 30 cüt qatar xəttə buraxılacaq. Sıxlığı nəzərə alaraq intervallar da azaldılacaq.
"28 May"-"Həzi Aslanov" stansiyaları arasındakı interval 2,5-3 dəqiqədən 2 dəqiqəyə endiriləcək. "28 May"-"Dərnəgül" və "28 May"-"İçərişəhər" stansiyaları arasındakı interval isə 5-6 dəqiqədən 4-5 dəqiqəyə qədər azaldılacaq. Bu xətlərdə pik vaxtlarda interval 4, qalan vaxtlarda isə 5 dəqiqə olacaq", - deyə Nəsimi Paşayev bildirib.
Dərs ilinin başlanması ilə yaranacaq sıxlıqla bağlı təhlükəsizlik tədbirlərinə gəldikdə isə, Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsindən bildirildi ki, əgər ehtiyac yaranarsa, metrostansiyalarda polislərin sayı artırıla bilər. "Metro istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər polis fəaliyyət göstərir. Lakin əgər gələcəkdə ehtiyac yaranarsa, əlavə tədbirlər görülə bilər", - qurumun açıqlamasında belə deyilir.