Yeni ildə dolların məzənnəsi artacaq? - VİDEO

iqtisadiyyat
7-12-2022, 21:23 673
Yeni ildə dolların məzənnəsi artacaq? - VİDEO2015-ci il Azərbaycanda böyük devalvasiya ili kimi yadda qaldı. Manat ilin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğradı. Milli valyutamız dollar qarşısında 34% dəyərdən düşdü. Dolların məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə dəyişdi. 10 ay sonra təzyiqlərə tab gətirməyən manat ikinci dəfə ucuzlaşmaya məruz qaldı.

Budəfəki əmsal isə 47% oldu. Yeni məzənnə - 1 dollar/1,55 AZN təyin olundu. Mərkəzi Bank “üzən məzənnə” sisteminə keçidlə bağlı qərarını ictimaiyyətə bildirdi. Sonrakı dövrlərdə dollar/manat məzənnəsi dəfələrlə yuxarı-aşağı hərəkət etdi. Hətta bəzi hallarda 1 dollar 1.90-2 AZN həddinə gəlib çatsa da, Neft Fondunun transferləri ilə manatın məzənnəsi bu günə qədər 1,7 AZN səviyyəsində qalmaqdadır.
Bəs görəsən, 2023-cü ildə manatın aqibəti necə olacaq?
Manata təzyiq göstərəcək, əsasən, üç amil var: idxalın çoxalması nəticəsində dollara olan tələbatın artması, ABŞ Mərkəzi Bankının fevral ayında keçiriləcək iclasında uçot dərəcəsini yenidən artıra bilməsi ehtimalı və nəhayət, neftin qiyməti.
Mütəxəssislərin fikrincə, 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən məhz manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar civarında nəzərdə tutulmuşdu.
Nəzərə alsaq ki, bu il neftin bareli 80-100 dollar arasında seyr edib, bu da öz növbəsində manata qarşı olan təzyiqləri tarazlamaqda Mərkəzi Banka dəstək olub. 2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat proqnozlaşdırılır. Fondun büdcəsində 2022-ci illə müqayisədə gəlirlər və xərclərin azalacağı gözlənilir.
Bəs görəsən, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi, məsələn, Türkiyədə silsilə devalvasiyalar, “üzən məzənnə” fonunda türk lirəsinin 18 dollar səviyyəsini keçməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar milli valyutaların çökməsi növbəti ildə manata təsir edəcəkmi?

Daha ətraflı Baku TV-nin süjetində: