Çingiz Abdullayev: “Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?”

gundem
2-12-2022, 20:24 624
Çingiz Abdullayev: “Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir?”“Çətin vəziyyətdə olan yazıçılarımız özləri bizə müraciət etmir. AYB üzvü olan 2 800-ə yaxın şair, yazıçı var”.
Bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.
Çingiz Abdullayev bildirib ki, AYB-də cəmi 3 katib var.


“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq”, - AYB katibi vurğulayıb.
Əlisa Nicatın kitablarının geniş auditoriyaya çatdırılmasına dəstək göstərilməsi məsələsinə gəlincə isə Çingiz Abdullayev qeyd edib ki, onlar kitabların satışı və nəşr olunması işinə baxmırlar:
“Biz onun yaradıcılığı ilə bağlı müzakirələr apara, müvafiq yerlərə məktub yaza bilərik. Ümumiyyətlə, pul işlərinə baxmırıq. Azərbaycan Yazıçılar Birliyinin özünün təqaüdü bir-iki aylıq olur, amma biz Əlisa Nicata 1 illik məbləğ vermək istəyirik. Qərar qəbul olunub. Kömək edəcəyik. Yoxlaya bilərsiniz”.
Qeyd edək ki, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Əlisa Nicata maliyyə yardımı edəcək:
“İndiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.