Yağın idxal həcmi və qiymətindəki artım necə önlənə bilər? - TƏKLİFLƏR + FOTO

gundem
1-12-2022, 14:56 729
Yağın idxal həcmi və qiymətindəki artım necə önlənə bilər? - TƏKLİFLƏR + FOTODövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, cari ilin 10 ayı ərzində Azərbaycan xaricdən 311 milyon dollar dəyərində bitki və kərə yağı alıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 239,5 milyon dollar təşkil edib. Yəni dəyərdə təxminən 71,5 milyon dollarlıq artım müşahidə edilib. Lakin kərə yağında qiymətlə bərabər, idxal həcmi də artsa da, bitki yağında qiymət artarkən idxal edilən məhsulun həcmində ciddi şəkildə azalma müşahidə edilib. Belə ki, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 2022-ci ilin yanvar-oktyabr aylarında dəyər ifadəsilə 24 milyon 826 min dollar, miqdar ifadəsilə 3 min 6 ton artıb. Ancaq həmin dövrdə bitki yağlarının idxalı dəyər ifadəsilə 46 milyon 625 min dollar artdığı halda, miqdar ifadəsilə isə 138 ton azalıb.

Maraqlıdır, ümumi bahalaşma və kərə yağının idxal həcminin artması nədən qaynaqlanır? Ümumiyyətlə, kənd təsərrüfatı sahələrində idxal asılılığını artıran faktorlar nələrdir?
Məlumdur ki, mütəmadi olaraq ölkədə qeyri-neft sektorunun inkişaf mexanizmlərindən söz açılır və vaxtaşırı ekspertlər, mütəxəssislər bununla bağlı təkliflər irəli sürürlər. 2022-ci ilin doqquz ayında büdcə gəlirlərində 1930,7 milyon manat məbləğində artıqlıq (profisit) yaranıb. Yəni dövlətin bu sektora əsaslı diqqət göstərməsinə maliyyə baxımından da hansısa əngəl görünmür.
Belə olan təqdirdə, niyə hələ də qeyri-neft sektoru ölkə gəlirlərində aparıcı paya sahib deyil? Problemin aradan qaldırılması üçün işlək mexanizmlər mövcuddurmu?
Mövzu barədə Oxu.Az-a danışan Bakı Ali Neft Məktəbinin (BANM) dosenti Altay İsmayılov yağ baxımından ciddi idxal asılılığımızın olduğunu təsdiqləyib:
“Bu asılılıq duru yağda 94 faiz kimi yüksək bir həddədir. Bizdə istehsal olunan duru yağların xammalının böyük bir hissəsi də xaricdən gətirilir. Qeyd olunan artım isə həcmlə birlikdə daha çox dəyər ölçüsündə mövcuddur. Nəzərə almaq lazımdır ki, dünya bazarında da, bizim bazarda da yağın qiyməti kifayət qədər artıb. Ona görə də məhsulu keçənilki miqdar qədər idxal etsəniz belə, dəyər ölçüsündə artım hiss edilməlidir. Kərə və bitki yağında, eləcə də duru yağdakı artım faizləri təxminən 30 faiz civarındadır. Bəzi məhsullarda isə bu daha çoxdur. O nöqteyi-nəzərdən, kəmiyyət artımı ilə birlikdə qiymət artımının təsirini qeyd etmək lazımdır. Eyni zamanda, qeyd olunan dövr ərzində istehlakda bitki yağlarının qismən kərə və digər yağlarla əvəz olunduğunu da demək mümkündür. Bu da duru yağlardakı artımın daha çox olmağı ilə izah oluna bilər”.

Ekspert 2014-2015-ci ilə qədər olan perioda da diqqət çəkərək neft gəlirlərindən olan asılılıqdan söz açıb:

“Məlumdur ki, tək sektordan asılı olduqda digər sektorlar inkişafdan geri qalır. 2014-2015-ci ildəki devalvasiyadan sonra biz iqtisadi vəziyyətin çətinliyini daha çox hiss etdik və müəyyən planlar qurulmağa çalışıldı ki, qeyri-neft sektoru inkişaf etsin. Ancaq sonrakı illərdə, xüsusilə son bir ildə neft və təbii qazdakı böyük qiymət artımı yenidən neft və qazdan gələn gəlirlərimizin artmasına səbəb olub. Belə olduqda investisiyalar real istehsal sahələrindən daha çox, xidmət sektoruna yönəlir, çünki istehsal sektoru həm daha riskli, həm də xidmət sektoru qədər mənfəətli deyil. Eyni zamanda real sektora, istehsala olan investisiya uzunmüddətlidir və xərclərin geri dönüşü daha çox vaxt tələb edir. Çünki konkret olaraq real investisiya edirsiniz, zavod, fabrik qurursunuz, pulunuzu birbaşa sahəyə yatırmış olursunuz”.
İqtisadçı vurğulayıb ki, neft-qaz gəlirlərinin artması, istehsal sahələrinə real investisiyaların cəlbediciliyinin azalması qeyri-neft sektorunun inkişafına mane olur:
“Rəsmi statistik göstəricilərə əsasən, qeyri-neft sektorunun artımı 10 faiz civarındadır, amma bu, sektorun iqtisadiyyatda lokomotiv halına gəlməsi üçün kifayət etmir. Çünki neft-qaz sektorunun dəyər baxımından həcmi çox yüksəkdir. Bizim son illərə qədər neft-qaz ixracımız 80-90 faiz ətrafında idisə, artıq 93-94 faiz səviyyəsinə qədər çatıb. Bu da onu göstərir ki, qeyri-neft sahələrində ixracda müəyyən artım tendensiyası olsa da, bu, müqayisə baxımından yetərli deyil”.

Bəs sözügedən problemlərin işığında nə etmək olar?


Altay İsmayılov hesab edir ki, istehsal sektoru dəstəklənməlidir:
“İstehsal sektorunun qarşısındakı risklər nəzərə alınmalı və bu risklər azaldılmalıdır. Formal və qeyri-formal maneələr ortadan qaldırılmalı və bütünlükdə istehsal sektoru xüsusi təşviq paketi ilə dəstəklənməlidir. Biz bu gün Qarabağ regionunda yenidənqurma, bərpa işləri ilə məşğuluq, orada iqtisadiyyatın müxtəlif sahələrini qurmağa çalışırıq. Deməli, həmin regionda texnoloji sahələrlə birlikdə konkret olaraq istehsal sahələrinin də inkişafına çalışmalıyıq. O regionda bu gün maldarlıq və bitkiçilik imkanları genişdir. Kənd təsərrüfatında bizim asılı olduğumuz məhsulların iqlim və torpaq keyfiyyətinə uyğun olaraq orada yetişdirilməsi və yekunda istehlaka hazır məhsul halına gətirilməsi üçün sənaye investisiyalarının artırılması əhəmiyyətlidir. Bu həm də əhalinin regiona cəlb edilməsi və orada iqtisadiyyatın inkişafı baxımından da strateji addımdır. Buna nail olmaq üçün sənaye infrastrukturunun qurulması da vacibdir”.

Yağın idxal həcmi və qiymətindəki artım necə önlənə bilər? - TƏKLİFLƏR + FOTO