Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL

siyaset
18-11-2022, 22:32 701
Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİLNoyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.
Danışıqlara siyasi-iqtisadi münasibətlər sisteminə yeni konsepsiya ilə yanaşmanın əlamətləri kimi baxa bilərik.


Azərbaycanla Rusiya arasında yaşanan siyasi gərginliyin üstünə su çiləmək üçün Mişustin cəlbedici ideyalarla Bakıya gəlib.
Bir gün öncə isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib, onlar ikitərəfli münasibətlərin bütün sferalar üzrə xarakterini müzakirə ediblər.
Mişustinin səfəri kodlu ştrixlərlə zəngin deyil, yəni hər hansı subliminal motivləri yoxdur, lakin perspektiv üçün əldə edilə biləcək razılaşmaların gündəliyini göz önündə tutmaq baxımından ipucları verir.
Rusiya Cənubi Qafqazda iki əsas beynəlxalq nəqliyyat dəhlizinin – Şimal-Cənub və Şərq-Qərb – kəsişməsinin yaradılmasına nail olmağa və maksimal iqtisadi faydalarla cibini doldurmağa çalışır.
Zəngəzur dəhlizi layihəsi isə hər iki beynəlxalq marşrutun Cənubi Qafqazdakı damarı olmaq potensialındadır, ona görə də Moskva koridor mövzusunda Azərbaycanın mövqeyini dəstəkləyir.
Rusiya ən çox Şimal-Cənub dəhlizi ilə daşınmalara önəm verir, çünki bu onun strateji maraqlarına daha uyğundur.
Əliyev-Mişustin danışıqlarında hər iki tərəf Şimal-Cənub dəhlizinə vurğu edib ki, bu da həmin marşrutla yükdaşımaların həcminin artmasına şərait yaradan praqmatik ideyalara söykənir.
Bununla belə, ortaya çıxa biləcək əngəllər siyahısında İran da dayanır, Tehran Bakı ilə yaşadığı siyasi gərginliklər səbəbi ilə iqtisadi layihələri də axsatmaq qabiliyyətinə malikdir.
Bu isə Azərbaycanın Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarını sual altında qoya bilər.
Üstəgəl, Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi reallaşmayıb, bunun səbəbləri Tehranın Rəşt-Astara dəmiryolunun tikintisini yubatmasıdır. Ona görə də belə bir fikir güclənir ki, Əliyev Mişustinə İranın sərgilədiyi mövqenin həmin arteriyaya vura biləcəyi ziyanlar barədə danışıb və indi Kreml Tehranı yola gətirmək məcburiyyətini hiss edir.
İstənilən halda, Mişustinin səfərindən çıxan nəticə budur ki, Azərbaycanla Rusiya Zəngəzur dəhlizinin açılması üçün iradə nümayiş etdirirlər və bu istiqamətdə İrəvana növbəti təzyiqlərin başlaması qaçılmazdır.
Ermənistan dəhliz barədə nala-mıxa vurduqca Azərbaycan dəhlizin açılması üçün taktiki və strateji həmlələrini gücləndirəcək və bu, hərbi müstəvidə də özünü göstərə bilər.
Rusiya isə sərhəd və dəhliz mövzularında Azərbaycanın mövqeyinin əksəriyyətini dəstəklədiyindən Moskva Bakının İrəvana təzyiqlərinə səssiz qalacaq.

İranın regionda təhlükəsizlik mühitini zədələyən xətti tutması Rusiyanı da narahat edir və bu mənada Bakı-Tehran gərginliyinin sonlanması üçün Kreml dövriyyəyə girməyə çalışır.