Musiqili Teatr Beynəlxalq festivala qatılacaq

medeniyyet
10-09-2015, 10:23 950
Musiqili Teatr Beynəlxalq festivala qatılacaq Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər – Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək.
Nazirlikdən bildirilib ki, festival tədbirləri çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də sentyabrın 18-də əbədiyaşar bəstəkar, Azərbaycan xalqının bəşəriyyətə ən böyük töhfələrindən biri olan Üzeyir Hacıbəylinin Fəxri xiyabanda məzarını ziyarət edəcək.
Habelə, həmin gün Dövlət Musiqili Teatrı Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində öz töhfəsini təqdim edəcək. Sentyabrın 19-da Musiqili Teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası, sentyabrın 20-də isə dahi sənətkarın "Ər və arvad" operettası festival iştirakçılarına təqdim olunacaq.
Qeyd edək ki, hər iki tamaşa ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək. (AzərTac)