70-Cİ BAHARIN SOLMAYAN ÇİÇƏYİ

tehsil
23-03-2022, 00:54 3249
70-Cİ BAHARIN SOLMAYAN ÇİÇƏYİ Ümmətimə dörd şeyi nəsihət edirəm:
1. Elm eşitmək; 2. Elm öyrənmək; 3. Elmi yaymaq; 4. Elmə əməl etmək!

Peyğəmbər SAV

Bu dünyada ən böyük yaradan Cənabi-Haqqdır. Hər bir şey onun izni ilə pərvəriş tapıb. Allah-təala daha sonra yaratmaq qabiliyyətini bir çoxlarına şamil eləyib. Məhz onun izni ilə hər kəsə bir cür yaşamaq və yaratmaq qabiliyyəti verilib. Biri bağban kimi, birisi dərzi kimi, birisi hetkəltəraş, digəri alim, bir başqası isə rəssam... kimi yaratmaq bacarığı qazanıb. Amma hamıdan fərqli olaraq, insan yaratmaq missiyasını Allah yalnız və yalnız analara şamil eləyib. Bu cür şərəfli bacarığı öz boyunlarına götürən xanımlar Rəbbimdən gələn bu möcüzəli təminata elə Rəbbimin sayəsində sahib olublar. Cənabi-Haqqdan sonra bir cana can vermək yalnız zərif cinsin əlindən gələ bilərdi. Məhz bu etimatdan sonra bu dünyada cənnəti anaların ayaqları altına sərib böyük yaradan!

Deməli, qadın həm zəif, həm zərif, həm də böyük qüvvədir. Mən bu gün o məxluqatlardan biri haqqında danışmağa ehtiyac duyuram. Həmin xanım mənə həyat verən, Allahdan sonra bu dünyaya gəlməyimdə vasitəçi olan ən dəyərli varlığım, başımın tacı, ürəyimin bir parçası, həyatımın mənasıdır! O mənim anam- Qızılgül xanımdır! Bütün ləyaqətli analar qiymətlidir. Hər bir övlad anası ilə nəfəs alır, onu özünün idealı sayır. Mən də anamı – bu qiymətsiz varlığı, ürəyimin ən dəyərli və əbədi sakinini dünyalar qədər sevirəm. Deyə bilərsiniz ki, burada inteqral açılası nə var ki? Bu, isbat tələb etməyən bir həqiqətdır. Hamının anası övladı üçün əziz və əvəzolunmazdır. Əlbəttə, əgər söhbət əlçatmaz İNSAN, övladını canından çox sevən valideyn, zəhmətkeş qadın və üstəlik savadlı bir alimdən gedirsə... Əsil zirvə özündən sonra iz qoyan, biliklərini can yanğısı ilə başqalarına öyrədəndir. Yol çəkən, ağac əkən, çiçək yetişdirən, məscid, məktəb inşa edən, yetimləri sevindirən, qonşusunun ac qalmasına təhəmmül etməyən, ailəsi, övladları üçün yaşayan, ən önəmlisi Allah dərgahında yüksəklikdə dayanıb cənnətlə müjdələnən kəslərdir! Elə mənim də haqqında söhbət açmaq istədiyim qadın gözəl ürəyə malik olan şəxs, təsəvvür olunmayacaq dərəcədə əliaçıq İNSAN, əvəzolunmaz valideyn, kövrək ana, yuxarıda sadalanan keyfiyyətlərin, demək olar ki, hamısını ozündə ehtiva edən varlıq, akademik Tofiq İsmayıl oğlu Hacıyev ədəbi məktəbinin davamçısı, həyatını elm yolunda xərcləyən əsil alim, ömrünün əlli ilə yaxın bir zamanını minlərlə tələbə yetişdirməyə sərf edən əsil müəllim haqqında ̶ Qızılgül xanım haqqında olacaq.
Çoxdan görmədiyin və yaxud az tanıdığın bir kimsə haqqında nə isə yazmaq, fikir, mülahizə, rəy söyləmək asandan da asan, oyuncaq qədər bəsit imiş. Amma əlimə qələm götürüb yazmağa başlayanda anladım ki, sənə dünyalar qədər yaxın, canı canından olan birisi haqqında söz demək, nə qədər şərəfli və nə qədər müşgül imiş. Bu sözləri Sənin haqqında cızma-qara etdiyim bir zamanda – bax elə indicə duydum, əziz anam! Yubileyində söz deməyi özümə şərəf bildim. Duydum ki, belə bir gündə - ömrünün 70-ci baharında Allah tərəfindən mənə Səninlə bağlı söz demək haqqı verilib. Bunu mənə Sən və yaxud da kimsə sifariş etməyib. Bu vəh mənə içdən gəlib. Bu şərəfli missiyanı mənim daxilimdə yerləşdirdiyinə görə ilk növbədə əvəzolunmaz Rəbbimə və Sənə minnətdaram, mənim əziz və mehriban anam! Həm də müşgülə düşdüm, ona görə ki, yalnız müsbətlərlə əhatələnən (bir faiz xaric) keyfiyyətlərinin hansından başlayacağımla bağlı tərəddüdlər içində qaldım. Çünki müsbət xüsusiyyətin o qədər çoxdur ki, mənfi xüsusiyyətlərini iynə ilə axtarıram, tapa bilmirəm. Elə buna görə də müsbət xüsusiyyətlərinin hansından başlayıb, hansında qurtaracağım arasında çaşıb qalmışam.
Mən Sənə Nəbi Xəzrinin - böyük şairimizin təəbirincə, «günəşin bacısı» adını vermək istəyirəm. Buna haqqım da var. Çünki bu sözləri gününün çox hissəsini Sənin yanında keçirən bir insan ̶ qızın yazır. Hər kəsdən tez oyanıb, hamıdan gec yatan, günəşi vaxtından tez qarşılayıb, axşamla geç vidalaşan, ən çox üç saat yuxu ilə kifayətlənən anam! İzn versəydin, heç vaxt üzünə demədiyim xüsusiyyətlərini bir-bir sadalayardım:
1. Hamıya yaxşılıq edən, fəqət bu yaxşılıqlarını heç vədə qabartmayan, etdiklərini isə başqalarının yanında söyləməyəndir mənim anam.
2. Təsəvvür olunmayacaq dərəcədə qonaqpərvərdir. Anamın qonaqpərvərliyi dillər əzbəridir. Evimizdə qonaq olan hər bir kəs anamın qonaqpərvərliyindən ağızdolusu danışır. İnanmıram, kimsə qonaqpərvərlikdə onu ötə bilsin.
3. Sirr saxlamağı bacarandır mənim anam. Universitetin, yəni kafedranın sözünü nəinki evdə, ömür boyu heç bir yerdə danışmaz. Anamın bu xasiyyəti bizə də sirayət eləyib. Onu xüsusi vurğulamaq istəyirəm ki, atam da, qardaşım da belədir.
4. Qurmandır, dadlı yeməklərin demək olar ki, ustası, yaradıcısıdır. Bu sözləri mən deyil, evimizdə qonaq olan hər bir kəs təsdiqləyə bilər.
5. Həddən ziyadə əliaçıq, başqalarına yardım edən, hər bir insanın ayrı-ayrılıqda halına yanandır.
6. Əyilməzdir, qürurludur. Problemi olsa da, onu yalnız və yalnız özü dəf etməyi bacaranlardandır.
7. Narahatcıl, fikirçildir, hər bir detalı ürəyinə salan, həmin dərdi ürəyində çək-çevir edənlərdəndir.
8. Qiybətdən uzaq olanlardandır. Qiybət onun üçün yaddır. Bəlkə də, gözünün birinci düşməni onun-bunun sözünü danışanlardır.
9. Təsəvvür edilməyəcək dərəcədə kövrəkdir. Hətta serial qəhrəmanlarının belə dərdinə ağlayıb, onların fikrini çəkənlərdəndır.
10. Yaxşı dost, əla yol yoldaşıdır. Onunla yola çıxan heç vaxt uduzmaz. Əvəzolunmaz dostluğu var. Deyə bilərəm ki, dostluqda əlçatmaz və möhkəmdir.
11. Allahın izni ilə yaxşı yol göstərəndir, uzaqgörəndir mənim anam. Etiraf edim ki, ona qulaq asmayanda ziyan çəkirik.
12. Sözü üzə deyəndir. İncisən də, inciməsən də bunu deməlidir. Vəssalam, şüttamam!
13. Kinli deyil. Bəli, qətiyyən kini yoxdur. Qəlbinə dəyəni həmin andaca bağışlayır. Vay o gündən ki, ürəkdən inciyə. Bax, o zaman barışması, əvvəlki vəziyyətə qayıtması qeyri - mümkündür.
14. Ürəyi uşaq qəlbi kimi safdır, büllur kimi təmizdir mənim anamın. Qətiyyən bicliyi yoxdur.
15. Paxıllıq, xudbinlik, özündən razılıq onun təbiətinə yaddır. İstəyər ki, rəhmətlik nənəm demişkən: «qonşusu iki inəkli olsun ki, o da bir inəkli olsun».
16. Gözəl dizaynerlik qabiliyyəti var. Qurmağı, yaratmağı çox sevir. Zövqünə də ki, zövq çatmaz.
17. Gözəl təşkilatçılıq qabiliyyətinə malikdir.
18. Bütün intriqalardan uzaqdır mənim anam. Qətiyyən ara vurmağı sevmir. Buna cəhd göstərənlərin qarşısını isə elə alır, həmin insanı elə yönləndirir ki, sonda iki düşmən dost olmağı belə bacarır.
19. Daim: «Lalsan, karsan, korsan» - prinsipini bizə elə aşılayıb ki, buna görə ölənə qədər ona borcluyuq. Bu tövsiyələrini heç vaxt unutmayacağımıza adımız qədər əminik.
20. İlk baxışda ciddi, soyuq təbiətli görünsə də, çox sadə, çox səmimi, çox təvazökar və söhbətcildir mənim anam.
21. Diqqəti çox sevəndir. Çox sevir ki, onunla maraqlansınlar, ona az da olsa, vaxt ayırsınlar. Axı o özü də başqalarına qarşı çox diqqətcildir.
22. Yaxşılıq eləyib pislik görənlərdəndir mənim anam. Həmişə «niyə belə oldu, axı sən bu adama yaxşılıq elədin, həmin adam üçün canını verdin, bu qədər də haqsızlıq olarmı? sualıma ondan sadəcə bir cümlə ilə «əlimin duzu yoxdur» cavabını almışam.
23. Və ən nəhayət... öz işinin mükəmməli, ustasıdır, savadlı alim və peşəkar müəllim, tələbələrin isə sevimlisidir mənim anam.
Bu qədər müsbətlərin qarşısında bircə mənfisi var mənim anamın. Həddindən artıq əsəbidir. Bəzən hirsini cilovlamaqda belə acizdir. Təbii ki, bu cür xüsusiyyətlərlə çox gec-gec qarşılaşırıq. Çox istərdim ki, sağlamlığına zərər vuran əsəb onu tezliklə tərk etsin və tamamilə eybsiz olsun mənim anam!
Bax budur mənim anam! Yalansız, məkrsiz, hiyləsiz və riyasız...! Anaların Anasıdır mənim anam! Ay ana:

Səninçün qəlbimi fəda edərəm
Getdiyin yollara sığal çəkərəm.
Bilsəm ki, dərmanın yalnız məndədir,
Çıxarıb qəlbimi sənə verərəm (Oğlun Vüsal).

Universitetdə elə bir müəllim, elə bir tələbə tapılmaz ki anamın dərs demək qabiliyyətindən ağız dolusu danışmasın. Əfsuslar olsun ki, universitetdə oxuduğum illərdə bütün tələbələrin ağız dolusu ilə tərif etdiyi, qiymətləndirdiyi, can yanğısyla, qısqanclıq hissi olmadan, əsl müəllim səriştəsi ilə biliklərini tələbələrə çatdıran anamın ̶ Qızılgül xanımın mənim də müəllimim olmasını görmək bizlərə nəsib olmadı. Bunun isə səbəbi vardı. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxuyurdum. Bir qayda olaraq üçüncü kursda qrupumuz ərəb mütəərcimliyi və ərəb filologiyasına bölündü. Bu qanun eyni qaydada türk və fars şöbələri üçün də şamil edilirdi. Təbii ki, arzuya müvafiq olaraq mən mütəərcimliyi deyil, ərəb filologiyasını seçdim. Məhz bundan sonra anladım ki, Qızılgül xanımın -anamın mənə dərs deməsi, müəllimim olması xəyal olaraq həmişəlik ürəyimdə qaldı. Çünki anam ədəbiyyatçı deyil, dilçi idi. Odur ki, mənə bundan sonra, yenidən onun uğurlarını, müəllimlik fəaliyyətinin özəlliklərini başqalarından eşitmək, ara-sıra dərslərində oturmaq qaldı. Yəni qazancım boş zamanlarımda filologiya, şərqşünaslıq fakültələrində anamın dərslərində oturmaq və evdə anlatdıqları, öyrətdikləri ilə kifayətlənmək oldu. Fəqət çox sonralar məlum olacaqdı ki, dünyalar qədər dəyər verdiyim əvəzolunmaz alim, əsl düha, elmi rəhbərim Tofiq Hacıyevin Bakı Slavyan Universitetində tədris etdiyi «Azərbaycan dilinin tarixi qrammatikası» fənninin mühazirəsini anam Qızılgül xanım tədris edəcək və həmin dərsin seminarını isə mən anamla böləcəyəm.
Özümü dərk edəndən bəri Qızılgül xanımın V.V. Bartold, N.A. Baskakov, S.E.Malov, N. Hacıyeva, B. A. Serebrennikov, Y. Radlov, L. Qumilyov, A. Axundov, T.Hacıyev, F. Zeynalov, Ə. Abdullayev, Y. Seyidov... kimi zirvə alimlərin kitabları ilə yoldaşlıq elədiyinin və gününün çox hissəsinin kitabxanalarda keçdiyinin şahidi olmuşam. Daim kitabların arasında, fasiləsiz oxuyan, yazıb-yaradan görmüşəm anamı. İnanmışam ki, elmlə dostluq edənin əvvəli və sonu yalnız və yalnız zirvədir. «Alimin mürəkkəbi şəhidin qanından üstündür» deyiminə hələ uşaq vaxtından inanmışam.
Hər kəs müəllim ola bilər. Fəqət bu adı şərəflə daşımaq, həmin ada zərrə qədər də olsa, ləkə gətirməmək və həmin adı zirvələrdə saxlamaq, bütün tələbələrin sevimlisi olmaq hər kəsə nəsib olmur. Qızılgül xanımın özəlliyi, sanbalı sadalanan amillərə, dəyərlərə sadiq qalmasındadır. Məhz bu səbəbdən bu tip müəllimlərin qiymətini, dəyərini bilmək hər birimizin daimi borcudur. Bir gün də anama öz sualları ilə nə qədər müəllimin, tələbənin, hətta artıq universiteti çoxdan bitirmiş məzunların zəng elədiyinin şahidiyəm. Yorulmadan, qısqanclıq etmədən saatlarla, detal-detal izahlarının da şahidiyəm. Hələ də şahid olmaqda davam edirəm. Çünki bildiyini qarşısında cavab gözləyən şəxsə ötürməyindən zövq alandır mənim anam! Əhatəsi tərəfindən hörmətlə qarşılanıb elə hörmətlə yola salınır ki! Kənardan seyr edən bir övlad olaraq bundan sadəcə qürurlanıram! Bunu ifadə etməyə bəzən sözün də gücü çatmır! İnsan gördükcə bir daha görmək, baxdıqca bir daha baxmaq istəyir! Mötəbər idman tədbirlərində insanların ayağa qalxması hər kəsə bəllidir. Yalnız qalib gələn idmançının ölkəsinin himni çalınanda, bayraq göylərə qalxanda! Maraqlıdır ki, müəllim üçün hər gün ayağa qalxırlar. Müəllim dərsxanəyə daxil olanda da, auditoriyanı tərk edəndə də! Nəzərə alsaq ki, bu hər gün təkrarlanır, deməli, müəllim peşəsinin ən azı bayraq qədər üstünlüyü var! Əsil müəllim üçün bundan ali nə ola bilər?!
Nizami Gəncəvi alimliyi «ən uca rütbə»yə, Sədi Şirazi əsərləri olmayan alimi «bar verməyən ağaca», İbn Sina elm öyrənməyin heç vaxt gec olmadığına, Albert Eynşteyn elmi «ideyalar dramı»na, Onore De Balzak isə bütün elmlərin açarını «sual işarəsi»nə bənzədir. Heç vədə dayanmaq, durmaq, dincəlmək bilməyən elm fədaisi, dil tarixinin əvəzsiz araşdırmaçısı, sözün birbaşa mənasında USTAD adını qazanmış dəyərli Qızılgül xanım bu çağa qədər Peyğəmbərimizin elmlə bağlı bizlərə vacib buyurduğu nəsihətlərin hamısına əməl edib və etməkdədir. Yorulmadan çalışan anam bu gün üç monoqrafiyanın, bir dərs vəsaitinin, bir neçə metodik vəsaitin, 30 ç.v. həcmində bir tərtibin, altı proqramın, yüzdən çox elmi məqalənin müəllifidir. «XVII əsr Azərbaycan ədəbi dili tarixi» adlı yeni monoqrafiyası artıq çapa hazırdır. «Qədim türk dili», «Azərbaycan dilinin tarixi qrammatikası», «Əski Azərbaycan yazısı» dərslikləri və «Azərbaycan ədəbi dili tarixi» (seminar məşğələləri əsasında) adlı dərs vəsaiti əlyazması hüququnda hazırdır. Bunları elm camiəsinə təqdim etmək üçün Qızılgül xanım hər gün Tanrıdan vəfa istəyir. «XVII əsr Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edən Qızılgül xanım 2020-ci ildə müsabiqənin qalibi olaraq «İlin alimi» adını alıb. Elə həmin ildə «XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi» və «XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi» adlı iki monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilən əsərlər içərisində ilin mühüm nəticəsi kimi dəyərləndirilib. Bundan əlavə 2018-ci ildə «Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə» medalı, 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibəti ilə Azərbaycan Respublikasının yubiley medalı iə təltif edilib. 2021-ci ildə «Qızıl qələm» media mükafatına layiq görülüb. Qızılgül xanıma yenicə «Həsən bəy Zərdabi mükafatı» da təqdim edilib. Nə deyim, bütün bunlardan qürur duyur və «mükafatların bol olsun, əziz anam» deyirəm.
Qızılgül xanım «Azərbaycan Jurnalistlər Birliyi»nin, həmçinin «Azərbaycan-Özbəkistan-Dostluq cəmiyyəti» idarə heyətinin üzvüdür.
O təkcə Azərbaycanda deyil, türk dünyasında, xüsusən türk dünyasının Məkkəsi sayılan Türkiyədə çox tanınır və çox sevilir. Elə bunun nəticəsidir ki, saysız-hesabsız beynəlxaq qurultayların, simpoziumların, konfransların iştirakçısı olan Qızılgül xanıma bu mötəbər məclislərdə həmişə Azərbaycan nümayəndə heyəti adından son söz demək missiyası həvalə edilir.
Hal-hazırda əlimdə 100 vərəqli bir dəftər var. Bu dəftər adi dəftər deyil. Çünki Qızılgül xanımın tələbələri öz ürək sözlərini məhz bu dəftərin ağ vərəqlərində əks etdiriblər. Əgər içi gözəl sözlərlə, səmimi etiraflarla dolu olan bu dəftəri oxumaq iqtidarında olsaydınız, görərdiniz ki, tələbələr mənim qürurum, dünyada Tanrıdan sonra ən dəyərli varlığım, doğma və əziz anam haqqında nələr yazıblar. Bunlar sadəcə anamın doğum gününə ünvanlanmayıb. Əksinə, anam haqqında söylənən bu etiraflar mütəmadi olaraq, hər gün bu tələbələrin nəfəsi ilə isinən, içdən gələn və səmimiyyətlə yoğrulan kəlmələrdir. Onları toplu halında təqdim etmək üçün gərəkdir ki, «Tələbələrin sevimlisi Qızılgül xanım» adlı bir kitab yazılsın. Kaş ki, hər bir müəllim Qızılgül xanımın hər gün eşitdiyi bu sözlərə sahib ola biləydi. Mən hər kəsə ̶ şəxsən özümə 70 yaşda bu sözlərin yarısından yarısını arzulayıram, mənim əziz və mehriban anam! Buna görə mən üzümü o tələbələrə tutub «sağ olun, var olun, yaşayın, yaradın və ömrü boyu bu dəyərləri qiymətləndirməyi bacarın» deyirəm.
Adı kimi ətirli, bahar kimi təravətli USTADım! Bu yerdə ürək sözlərimi ixtisasca hüquqşünas olan sevimli və əziz oğlun – qardaşım Vüsalın müxtəlif illərdə sənə ünvanladığı misralarla qoşalaşdırıram:

Ana, şəmin olum, sənsə bir çıraq
Düşək bu yollara saflıq axtaraq
Bu uzun yollarda çırağın sönsə,
Ömür kitabını birgə bağlayaq.

Ana, sevənlərinin saysız-hesabsız olduğunu nəzərə alıb təbrikləri təkcə qızın Xatirənin və oğlun Vüsalın adından deyil, sənə qarşı ürəyi sevgi ilə dolu olan bütün fərdlərin adından göndərirəm:
Dəyərli USTAD, görkəmli ALIM, əvəzolunmaz MÜƏLLİM! Biz Sizi çox sevirik və Sizinlə fəxr edirik. Bütün xəstəlikləri dəf edin və sağlam olun! Yüz yaşayın və həmişə qurub yaratmaq eşqi ilə yanın! Qoy auditoriyalarımızı həmişə Sizin səsiniz doldursun! Qoy elmimiz Sizin keşiyinizdən ilham alsın! Allah Sizi qorusun! AMİN!

Xatirə Abdullayeva
Bakı Slavyan Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru