Bakıda polisi öldürən polisin məhkəməsi başladı

hadise
9-09-2015, 18:27 1010
Bakıda polisi öldürən polisin məhkəməsi başladı İbayev izi itirmək üçün onu yandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabil İbayevin CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu il aprelin 18-də Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri ilə yanmış naməlum kişi meyiti aşkar ediblər. İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, meyitin üzərində kəsilmiş-deşilmiş yaraların olması müəyyən edilib, bu da ona dəlalət edib ki, həmin şəxsə yandırılmamışdan əvvəl bıçaqla xəsarətlər yetirilib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, ölən şəxs İmişli RPŞ-nin polis nəfəri Muxtar Kazımzadədir (1988-ci il təv.).
İstintaqla müəyyən olunub ki, M.Kazımzadə R.İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alıblar, buna görə aprel ayında Bakıya imtahana gələrək Xətai rayonunda ev kirayələyiblər.
Muxtar Kazımzadənin şəxsiyyəti aydınlaşdırıldıqdan sonra şübhəli şəxs qismində dindirilən Rabil İbayev əvvəl yoldaşının yoxa çıxmasından xəbəri olmadığını bildirib, lakin sonra törətdiyi cinayəti etiraf edib.
O, iş yoldaşının özünə məxsus avtomobili satdığını bildikdən sonra pulu ələ keçirmək qərarına gəlib, buna görə İbayev tamah niyyəti ilə onu bıçaqlayaraq, qətlə yetirib və sonra cinayətin açılacağından qorxaraq Kazımzadənin meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.
Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri dinlənilib.
Proses davam edir.