Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH

sosial
17-01-2022, 20:14 585
Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH“Hazırda daşınmaz əmlak bazarı dövrün ən yüksək qiymətləri ilə tarix yazır. Bu tendensiya ən çox yaşayış mənzillərində özünü büruzə verir”.
Oxu.Az xəbər verir ki, bu barədə əmlak eksperti Fərid Rüstəmov məlumat verib.


O bildirib ki, şəhərdaxili və ətraf rayonlarda yaşayış mənzillərinin qiymətində artım müşahidə olunur:
“Daşınmaz əmlakın alqı-satqısında yaranan durğunluğa baxmayaraq, təkliflər tələbləri üstələməkdə davam edir. Yeni ildə dövlət ipoteka proqramı çərçivəsində ayrılan kreditlərin həcmi də sözsüz ki, tələbin artmasına gətirib çıxaracaq. Bu da bir daha mənzillərin qiymət artımını daha da stimullaşdıra bilər. Daşınmaz əmlak bazarında artım ən çox üç və daha artıq otaqlı mənzillərdə müşahidə olunur. Bu isə insanlarımızın yaşam tərzinin daha komfortlu və yüksək səviyyədə olması istəyini özündə ehtiva edir. Birotaqlı və eləcə də ikiotaqlı mənzillər yalnız kirayə bazarında üstünlük təşkil edir. Bu tip mənzillərin kirayə qiymətlərinin 1 kvadratmetrinə nisbətdə çox otaqlı mənzillərdən baha olması müşahidə edilir”.
Ekspertin sözlərinə görə, ərazi baxımından mərkəz daxilində mənzilə yiyələnmək niyyəti olan həmvətənlərimiz daha çox yeni tikili, daha komfortlu və premium mənzillərə üstünlük verirlər:
“Bu proses mərkəzdə mənzil bazarına da təsirsiz ötüşmür. Belə ki, nəzər yetirsək mərkəz ərazilərdə yeni tikililərin qiymətlərində köhnə tikililərin qiymətlərinə nisbətən daha çox artım olduğunu müşahidə edə bilərik”.
Fərid Rüstəmov qeyd edib ki, şəhərətrafı qəsəbə və mikrorayonlarda isə bu tendensiya tam fərqlidir. İnsanlar orta büdcəyə uyğun mənzillərin axtarışını məhz bu zonalardan etdiyi üçün köhnə tikililərə daha çox üstünlük verilir:
“Təbii ki, bu tələb köhnə tikililərin qiymətində də öz təsirini əks etdirir. Yəni, sözügedən ərazilərdə köhnə tikililərin qiymətinin yeni tikililərin qiymətindən daha çox artdığı müşahidə edilir. Ətraf ərazilərdə köhnə tikililərə marağın bir səbəbi də yeni tikililərin kommunal xərclərinin daha artıq olmasıdır ki, təbii ki, orta büdcəsi olan alıcı seqmenti üçün bu fakt olduqca önəmlidir”.