HİKMƏT MƏLİKZADƏ UCALIĞI

gundem
6-01-2022, 21:54 1418
HİKMƏT MƏLİKZADƏ UCALIĞIHər bir insan zəhməti ilə seçilir. İnsan nə qədər zəhmətkeş olarsa, o qədər də xoşbəxt olar. Əlbəttə, öncə bir şeylərə başlamaq göz qorxuducudur. Amma, unutmayaq ki, hər bir insan nəyisə bütün səmimiyyəti ilə istəyirsə və onu əldə etmək üçün bir zaman və zəhmət sərf edirsə, mütləq çıxış yolu tapır. Amma natamam şəkildə istəyirsə, belə olduqda çıxış yolu tapa bilmir. Bu səbəbdən nəyə nail olmaq istəyirsə, mütləq zəhmətə alışmalıdır. İnsanı hər bir uğura aparan yolun başlanğıcı zəhmətlə başladığı kimi, nəticəsi də zəhmətdən asılıdır. Bu mənada uzun illər tanıdığım və özümə etibarlı, sadiq dost saydığım Hikmət Məlikzadə də zəhmətkeş, fədakar, zəhmətkeş və fədakar olduğu qədər də alicənab, səmimi bir insandır. Kiçik bir rəydə onun haqqında nə yaza bilərəm? Təbii ki, məkan və həcm baxımından mümkünsüzdür. 50 ildir yol gəlir, 50 ildir bu həyatda çarpışır. 50 ilin 50-sində də hələ özünü tam tapmayıb. O mənada ki, arzuları var, istəkləri var, bax onları tapmayıb. Əziz qardaşım, arzum budur ki, canın sağlam olsun, dərd-bəladan uzaq olasan. Qəlbinin dərinliyində itib-azan diləklərinə nail olasan. Allah səni heç kəsə möhtac eləməsin. Əsas da pula!..)))
Bağrıma basıram, qəlbən təbrik edirəm.
DAŞDƏMİR ƏJDƏROĞLU


Təbrik edirəm, Hikmət müəllim! 100 yaşa, sağlam yaşa.
HÜSEYN MƏMMƏDOV
HİKMƏT MƏLİKZADƏ UCALIĞI














MƏNƏ TƏNHALIĞIMI UNUTDURAN ADAM

Bir zaman Azərbaycan nəşriyyatında, eləcə də redaksiyamızda nə qədər şan-şöhrətli olsalar belə, Mirzə İbrahimov, Rəsul Rza, Əli Vəliyev, Yusif Əzimzdə, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Nəriman Həsənzadə, Məmməd Araz, Sabir Əhmədov, Ayaz Vəfalı, Xalidə Hasilova, Svetlana Nəcəfova, Zivər Ağayeva, Əlibala Hacızadə, Tofiq Bayram, İsi Məlikzadə, Tofiq Mütəllibov, Nəriman Süleymanov, Əmrah Əmrahov, Nəsir İmamquliyev, Şamil Fərzəliyev, Hikmət Ziya, Tofiq Mahmud, Emin Mahmudov, Osman Mirzəyev, Şahin Səfərov, Cavad Cavadlı, Aslan Kəmərli, Ağəddin Mansurzadə, Fazil Rəhmanzadə, Bəhlul Abbasov, Məmməd Aslan, Məmməd İsmayıl, Vaqif İbrahim, Abbas Abdulla, İsa İsmayılzadə, Davud Nəsib, Fərman Kərimzadə, Mikayıl Abdullayev, Yusif Hüseynov, Altay Hacıyev, Rafiq Mehdiyev, Arif Hüseynov, Nadir Cabbarov, Vidadi Məmmədov, Şamxəlil Məmmədov və onlarca bu kimi sadə, təvazökar qələm adamlarını, görkəmli yazıçıları, şairləri, jurnalistləri, rəssamları, bəstəkarları görən, onlarla ünsiyyətdə olan bir adama indi həmin nəşriyyatın dəhlizində bərkdən danışa-danışa o başa, bu başa gedən təkəbbürlü qəzet və jurnal redaktorlarını, jurnalistləri, özlərini dahi hesab eləyən yazı-pozu adamlarını görmək də qismət olub. Əlbəttə, heç kəs zamanın axınını saxlamaq gücündə deyil. Nəsillərin bir-birini əvəz eləməsi təbii bir prosesdir. Bu günə min şükür.
Mən indi haqqında söhbət açacağım Hikmət Məlikzadəni də əvvəlcə nəşriyyatın dəhlizində sürətlə o başa, bu başa gedən yeni nəslin nümayəndələri sırasında görmüşəm. Ancaq bu oğlan öz gülərüzlüyü, mehribanlığı, ədəb-ərkanı ilə digərlərindən seçilib. Bir-iki dəfə bu haqda onun özünə də demişəm.
Sonra zahirən bəyəndiyim bu gəncin ara-sıra mətbuatda şeirlərini də oxumuşam. Başqa yaşıdlarında görmədiyim cəhətlər, sözlərinin nizamı, şeir qayda-qanunlarını bilməsi, obrazlı təfəkkür tərzi diqqətimi cəlb edib. Özündə olduğu kimi sözündə də bir sadəlik, aydınlıq, səmimiyyət görmüşəm. Ancaq onun daxili dünyası, poetik düşüncələri, intellektual səviyyəsi haqqında o qədər də ətraflı təsəvvürüm olmayıb.
Bir dəfə Hikmət utana-utana yanıma gəldi, haqqımda bir məqalə yazdığını söylədi. Xahiş elədi ki, bu yazını oxuyub fikrimi deyim. O gedəndən sonra məqalənin başlığı diqqətimi cəlb elədi: “Ziyalı təfəkkürü insan həyatı üçün stimuldur”. Yazını maraqla oxudum. Hikmətin mənim 60 illik yubileyim münasibəti ilə yazdığı bu məqalə adi yubiley yazılarından tamamilə fərqli idi. Bu yazıda öz yazılarıma böyük dəyər verilsə belə, özümdən çox Hikmət Məlikzadənin özünü gördüm, onun səviyyəsi, intellekti, bədii mətni ümumi ədəbiyyat, fəlsəfə kontekstində dəyərləndirmə üslubu xoşuma gəldi.
Sonra Hikmət Məlikzadə mənim kitablarım haqda “Könül səltənəti”ndə insan zərurəti”, “Arzular kəhkəşanı” və ya könül dünyasının qırxıncı otağına düşən açar” kimi maraqlı, məni yaxşı mənada təəccübləndirən məqalələr yazıb çap etdirdi. Onun şeir duyumu, sətiraltı mənaları hiss etmə və incələmə qabiliyyəti, fikir və düşüncələrini özünəməxsus tərzdə ifadə etmə bacarığı çox xoşuma gəldi. Hikmətin yüksək səviyyəli təhlilərini oxuyanda düşündüm ki, yəqin ki, bu oğlan elmi tədqiqatla məşğul olur, dissertasiya üstündə işləyir. Ancaq onun ali təhsili olmadığını biləndə həm təəssüfləndim, həm də heyrətləndim. Bədii mətni ustalıqla şərh etmə qabiliyyəti, incə sənətkarlıq məsələlərindən dəqiqliklə istifadəsi, ümumiləşdirmələr aparma bacarığı, nəzəri, fəlsəfi qaynaqlardan xəbərdarlığı və ondan yerli-yerində istifadəsi heyrətimi daha da artırdı.
Doğrusu Hikmət Məlikzadənin öz istəyi ilə, məndən xəbərsiz haqqımda yazdığı məqalələri oxuyandan sonra çox təəccübləndim. Ona görə yox ki, mənim yazılarıma yüksək dəyər vermişdi, həm də ona görə ki, öz mətnlərimdə özümün belə görə bilmədiyim bəzi incə məqamları, adi sandığım misraların məna yükünü Hikmət məndən əvvəl görmüş, məndən yaxşı dəyərləndirmiş, necə deyərlər, özümü özümə sevdirmişdi. Bu, mənəm-mənəm deyən hər ədəbiyyatşünasa qismət olmayan bir cəhətdir. Bu mənada, Hikmət Məlıkzadənin yazıları onun intellektual səviyyəsinin göstəricisidir.
Bir var ümumi yaradıcılıq haqqında, yaxud hansısa kitab haqqındasa yazasan, bir də var ki, konkret bir şeiri təhlil eləyəsən. Birincidə materialın bolluğu ümumi söz demək imkanını çoxaldır, ikincidə isə vəziyyət başqadır, araşdırıcının ümumi söz, məzmun danşmaq arxasında gizlənmək imkanı olmur. Burda istər-istəməz ilk ədəbiyyatşünasımız Xətib Təbrizinin “Şeiri təhlil etmək onu yazmaqdan daha çətindir” kəlamına haqq qazandırmalı oluruq. Bu baxımdan Hikmət Məlikzadənin “Narahat ürəyin yanğısı, yaxud, səkiyə sığınmış bir varlığın sevda yalqızlığı” adlı yazısı onun düşüncə tərzi haqqında mənim təsəvvürümü xeyli dərəcədə genişləndirdi. Hikmət Məlikzadənin mənim təsadüfən əlinə keçən iki şeirimi necə təhlil eləməsini, yaradıclıq nümunəmi necə dəyərləndirməsini göstərmək fikrindən çox uzağam. Ancaq onun bu məqləni necə yazması ilə bağlı fakt olduqca maraqlıdır. Hikmət yazır: “16 dekabr 2009-cu il. Yasamal bazarının qarşısı. İşimlə əlaqədar demək olar ki, hər gün buradan keçməli oluram. Bu gün də həmin ünvandayam. Lal dayanacaqda bir mənəm, bir də küləyin atıb-tutduğu kağız-kuğuzlar. Sağ səmtdəki səkidə bir parça kağız yellənir. Küləyin sanki bu əl boyda kağızı oynatmağa gücü çatmır. Maraqla həmin kağızı götürürəm. Diqqətlə baxdıqdan sonra məlum olur ki, bu kağız, bu əl boyda vərəq istedadlı şair-alim Rafiq Yusifoğlunun “Həsrət sazağı” kitabından qoparılıb. Görəsən bu vərəq həmin kitabdan necə qopub? Kimsə ürəyinin başındamı gəzdirirmiş bu vərəqi və bir avtobusda bir cibgirin əlinə keçib və…
Nə isə… Yazıq baxışlarla vərəqə baxıram. Kitabın 197 və 198-ci səhifəsinə hədəf olan bu vərəqdə 2002 və 2003-cü illərdə yazılmış üç şeir yerləşdirilib. Birinci şeir 1, ikinci şeir 4, üçüncü isə 6 bənddən ibarətdir. Qəfildən içimdən bu yalqız şeirlər barədə fikir demək keçir. Nədənsə ilk olaraq “Mələklərdən söz açsam da…” şeirinə ürək qızdırıram. İlk olaraq bu şeirin sevda yalqız¬lığına son qoymaq istəyirəm (o biri iki şeirin sevda yanğısına yaxın günlərdə su çiləməyi düşünürəm, sağlıq olsun).
Maraq doğuran hal odur ki, misralarını sığalladığım ilk şeirin də yazılma tarixi məhz 16 dekabra təsadüf edir. Bu təsadüfdür, yoxsa?”
Bundan sonra mənim sıravi, adi hesab elədiyim şeirin qeyri-adi təhlili verilir ki, adam oxuduqca, Hikmətin hikmətlə yoğrulan kəlamları adamı xəyali bir dünyaya aparır... Düşüncə köhlənini səyirtmək üçün Hikmətə nəinki bir şer, bir misra da bəs eləyir...
Neçə illər sonra Hikmət Məlikzadənin mənim “Güzgüdə gördüyüm adam” şeirim haqda yazdığı məqalə onun necə istedadlı, qeyri-adi düşüncə tərzinə malik olmasından, fəlsəfi qaynaqları necə gözəl bilməsindən, məqamında onlardan necə istifadə etməsindən, bədii mətni dəyərləndirmə ustalığından xəbər verir. Bu yazını oxuyan qələm dostlarımızın, zövqünə inandığım insanların həmin məqaləyə istinadən onun müəllifini nə qədər tərifləmələrini eşitmək mənə çox xoş idi...
Ömür davam edir... Hikmət hikmət dolu ömrünün əllinci baharını da alnıaçıq, üzüağ qarşılayır. Mənəvi zənginlik onu maddi yoxsulluğun fövqünə qaldıra bilir...
Açığını deyim ki, Hikmət Məlikzadənin varlığı mənə necə-neçə görkəmli insanlar yola salmış nəşriyyatın dəhlizində öz tənhalığımı unutdurur və ədəbiyyatmızın, jurnalistikamızın, mədəniyyətimizin, ədəb-ərkanımızin gələcəyinə ümidimi artırır...
50 yaşın mübarək, Hikmət!
RAFİQ YUSİFOĞLU


Yazıçı-Jurnalist Hikmət Məlikzadənin 50 yaşı tamam olur...
Dəyərli qələm dostumuza uzun ömür, can sağlığı, tükənməz yaradıcılıq uğurları arzu edirik...
Yubileyin mübarək qardaş...
ADIGÖZƏLOV FƏRRUX SƏFƏR oğlu. HİKMƏT MƏLİKZADƏ UCALIĞI


Əziz Hikmət müəllim, dünyaya gəldiyiniz gün mübarək olsun! Nə xoş ki, gəlmisiniz, dünyada məskunluğunuz çox uzun çəksin. Uzun və gözəl ömür yaşayın. Təbrik edirəm!
XATİRƏ FƏRƏCLİ
HİKMƏT MƏLİKZADƏ UCALIĞI


Qələm dostumuz Hikmət müəllimi uzun illərdi yaxından tanıyıram. Ara-sıra redaksiyada həmsöhbət oluruq.
AYB və AJB üzvü, Prezident mükafatçısı, yaradıcılıq sahəsində məsləhət istəyənlərə usanmadan öz dəyərli məsləhətlərini verən Hikmət Məlikzadənin - 6 yanvar doğum günüdü. Çağdaş ədəbiyyatımızda Hikmət müəllimin sözünün kəsəri, qələminin xüsusi möhürü var. Dünyaya gəlişin mübarək, Hikmət müəllim, sizə sağlam can, uzun ömür, ruzi-bərəkət, övladlarınızın xeyir işlərini arzu edirəm. Elə beləcə saf, dürüst qalın, sizə çox yaraşır, mərd, alicənab, ziyalı dostumuz!
Bir daha təbrik edirəm!
MAYİSƏ ƏSƏDULLAQIZI