Parlament seçkiləri təxirə salına bilər?

siyaset
9-09-2015, 14:21 963
 Parlament seçkiləri təxirə salına bilər? Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə 2 aydan az vaxt qalıb. Bu günə kimi 259 şəxs namizədliyini irəli sürüb. Belə demək mümkünsə, deputat mandatı uğrunda mübarizə aparacaq şəxslər namizədliklərini irəli sürməyə tələsmirlər. Burada əsas məsələdə hakim Yeni Azərbaycan Partiyasının namizəd siyahısını açıqlamaması göstərilə bilər.
Ancaq son zamanlar cəbhə xəttində vəziyyətin gərginləşməsi, Müdafiə Nazirliyinin genişmiqyaslı hərbi təlimlərinin sayını artırması, ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyə cəlb olunması bir sıra şəxslərdə müharibə olacağı ehtimalını gücləndirib. Eyni zamanda deputatlığa namizəd olacaq şəxslər də müharibə ehtimalını əsas gətirərək, seçkinin təxirə salınacağını ehtimal edirlər.
Qeyd olunan məsələ ilə bağlı açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, müharibə ehtimalı seçki prosesini dayandıra bilməz.
Z. Oruc fikirlərini belə davam etdirib: “Hazırkı dövrdə hansısa ehtiyyatda olan zabitlərin Müdafiə Nazirliyinin keçirdiyi təlimlərə çağırılması, eyni zamanda bütün qoşun növlərinin təlimlərə cəlb olunması seçki prosesinə heç bir halda mənfi təsir göstərmir. Yalnız “Əlahiddə vəziyyəti haqqında” qanuna uyğun olaraq ölkədə müharibə vəziyyəti elan olunarsa, seçki prosesi dayandırıla bilər və ölkə bütövlükdə müharibə qanunlarına tabe etdirilə bilər.
Hakim Yeni Azərbaycan Partiyasının öz namizəd siyahısı ilə çıxış etməsi seçki mübarizəsinin mühüm bir hissəsini təşkil edir. Bu doğrudur. Amma, paralel şəkildə hər bir iddiaçının imkanı var ki, bu marafona qoşulsun və lazımı prosedurları yerinə yetirsin. Bununla bərabər qeyd olunmalıdır ki, aktiv seçki mübarizələri yalnız təbliğat dövründə baş verir. YAP indiyə qədər hakimiyyətdə olduğunu nəzərə alsaq onun parlament cihahında olan üzvləri müəyyən bir hazırlıq dövrünə malikdirlər. Yəni, bu resurslar hakim partiyanın tərəfindədir. Ona görə də digər qüvvələr üçün zaman itirilən roldan çıxış edir. Yəni, onlar zaman baxımından da uduzurlar`, - deyə Z. Oruc vurğulayıb.
Namizədlərin sayı ilə bağlı çıxarılan nəticələrə gəlincə Z. Oruc deyib ki, post-sovet ölkələrinin hər birində ilk inqilabi dövrlərdə çox böyük eyforiya ilə seçkilərə qoşulanların sayı minlərlə idi: “2010-cu il parlament seçkilərində iştirak edən namizədlərin sayı 2500 nəfər olub. Lakin zamanla bu proses enmə dinamikası ilə gedir. ABŞ-da keçirilən prezident seçkilərində səs verən elektoratın sayı 28 faizdən çox olmayıb. 5 prezident isə cəmi 25 faizlik səslə seçilib. Onların hüquq, siyasi sistemi bu qədər az sayda insanın səsi ilə idarəetmənin dayanıqlı olacağını kəşf ediblər. Ona görə də saylar üzərindən nəticələr çıxarmaq, ən azı 5 il bundan öncəki dövrlə müqayisədə namizədlərin sayının minlərlə olmayacağını Azərbaycandakı prosesin əleyhinə çevirmək çox yanlışdır. Çünki, demokratik ənənələrlə öyünən ölkələrdə prezidentlərin çoxu azlığın səsi ilə seçilib”.