Azərbaycandan Türkiyəyə dəstək: “Hər an döyüşə hazırıq”

siyaset
9-09-2015, 14:19 766
 Azərbaycandan Türkiyəyə dəstək: “Hər an döyüşə hazırıq” “İlham Əliyev Türkiyəyə dəstək verdiyini bəyan etdi”
Qardaş Türkiyə PKK terror təşkilatına qarşı mübarizədə ağır günlərini yaşayır. Son bir ay ərzində Türkiyə xeyli şəhid verib. Qanlı döyüşlərin miqyası getdikcə genişlənir. Əməliyyatların qızışdığı dönəmdə Azərbaycanın qardaş ölkəyə hərbi yardım verməsi məsələsi yenidən gündəmə gəlib.
Azərbaycan Türkiyəyə hərbi dəstək verə bilərmi?
“Azərbaycan PKK terror təşkilatı ilə mübarizədə Türkiyənin yanındadır”
Bu barədə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü, millət vəkili Rövşən Rzayev bildirib.
PKK-ya qarşı döyüşlərdə Azərbaycanın Türkiyəyə dəstək verməməsi ilə bağlı iradlara münasibət bildirən deputat qeyd edib ki, lazım gələrsə, türklərlə düşmənlərə qarşı çiyin-çiyinə vuruşmalıyıq.
“Türkiyə bizim üçün çox önəmli və qardaş dövlətdir. Bütün bu proseslər Türkiyənin gücünün, qüdrətinin əleyhinə aparılan siyasətdir. Yaxşı olardı ki, bu problem tezliklə bitsin. Son hadisələrdən çox narahatıq. Türklərin şəhid olması onlar kimi bizi də üzür, kədərləndirir”.
Deputat hesab edir ki, bəzi qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmağa çalışırlar.
“Kimlərsə ölkələrimizin arasını vurmağa çalışsa da Azərbaycanla Türkiyə qardaş dövlətdir. Türkiyənin problemi bizim problemimizdir. Nə qədər çalışsalar da Azərbaycan və Türkiyə arasında heç bir zaman problem yaşanmayacaq. Çünki xalqlar, dövlətlər bir-birinə çox yaxındır. Bu gün Türkiyənin Azərbaycana verdiyi dəstək, eləcə də bizim onlara verdiyimiz dəstək göz qabağındadır.
Düşünürəm ki, PKK-ya qarşı mübarizədə Türkiyə Azərbaycana müraciət etsə, biz onların yanında olacağıq. Azərbaycan həmişə Türkiyənin yanında olub və bundan sonra da belə olacaq. Necə ki, Türkiyə Azərbaycanın yanındadır. Amma konkret halda hər-hansı bir müraciət olarsa, Azərbaycan Türkiyənin köməkliyini göstərəcək”.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, prezident İlham Əliyev Ərdoğana göndərdiyi başsağlığı məktubunda, həmçinin telefon danışığında Azərbaycanın Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, Azərbaycan hər zaman qardaş Türkiyəni öz yanında hiss edib və müstəqilliyimizin ilk dövrlərində Türkiyə Azərbaycanın yanında olub: “İndiki həssas məqamda hər addımda Azərbaycan Türkiyənin yanında olduğunu bildirir. Türkiyə çox böyük və qüdrətli dövlətdir. Türkiyənin gücü, potensialı yetərincədir ki, həmin tör-töküntülər, hansılar ki, bu gün xeyli problem yaradırlar, onların öhdəsindən gəlsin. Düşünmürəm ki, Türkiyənin Azərbaycana hər-hansı bir ehtiyacı olsun, amma yetərki Azərbaycan Türkiyənin yanında olduğunu bəyan etsin. Biz bunu bəyan etmişik. Bu Türkiyə tərəfindən də yüksək qiymətləndirilir. Çox istərdim ki, türkdilli dövlətlər Türkiyənin yanında olduqlarını bəyan etsinlər. Bu məsələdə Azərbaycan hamıdan cəsarətli olaraq öz fikrini bildirir. Nədənsə hər zaman Türkiyəni özünə dost, tərəfdaş, qardaş sayan türkdilli dövlətlərin səsi çıxmır. Əgər onlar da öz səslərini ucaltsaydılar, yaxşı olardı”.
Ü.Cəfərovun sözlərinə görə, Türkiyənin gücü kifayət qədərdir ki, PKK və digər silahlı dəstələrlə mübarizə aparsın və onları məhv etsin: “Türkiyə Silahlı Qüvvələri əvvəllər PKK-ya o qədər də ciddi önəm vermirdilər. Çox təəssüflər olsun ki, onlar xaincəsinə bu illərdən vaxt udmaq üçün istifadə etdilər və bir qədər silahlandılar, hazırda da problemlər yaradırlar. Türkiyə ordusu bu çətinliyin də öhdəsindən gələcək. NATO-nun siyasi və hərbi rəhbərliyi hər zaman Türkiyəni dəstəkləyəciyini bəyan edib. Azərbaycan da bütün varlığı ilə Türkiyəyə yaxın bir dövlət kimi onları dəstəkləyir və onların haqq işində yanında olacağını hər zaman bəyan edib. Ötən gün də ölkə başçısı da bunu bir daha vurğuladı”.