SOCAR Pakistana LNG tədarükünü davam etdirəcək - AÇIQLAMA

gundem
24-11-2021, 17:04 750
SOCAR Pakistana LNG tədarükünü davam etdirəcək - AÇIQLAMASOCAR Pakistana mayeləşdirilmiş qaz tədarükünü həyata keçirir, investisiya məsələsi hələ gündəmdə deyil.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.


“Dünən bəzi informasiya agentliklərində Azərbaycan Respublikasının Pakistandakı səfirinə istinadən guya SOCAR-ın Pakistana 1 milyard dollar investisiya yatıracağı ilə bağlı məlumat yayılıb. Nəticədə KİV nümayəndələri tərəfindən bunun nə dərəcədə doğru olduğu ilə bağlı sorğular ünvanlamaqdadır.
Azərbaycanın Pakistandakı Səfirliyinin artıq dünən verilən rəsmi açıqlamasında buna aydınlıq gətirilib: cənab səfir əslində İslamabad Ticarət və Sənaye Palatasında Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanlarını müzakirə edib.
Bu gün SOCAR-ın hər hansı bir xarici ölkəyə yeni investisiya qərarı yoxdur. Əgər gələcəkdə Pakistana və ya başqa bir ölkəyə yeni investisiya qərarı kimi bir məsələ gündəmə gələrsə, öncə dövlətimizin müvafiq səlahiyyətli qurumları ilə razılaşdırılar və SOCAR tərəfindən ictimaiyyətə müvafiq rəsmi açıqlama verilər. Hazırkı dövrdə isə SOCAR qardaş ölkə Pakistana LNG (mayeləşdirilmiş qaz) tədarük edir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Qeyd edək ki, ötən gün Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanları müzakirə edilib. Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən verilən məlumatda bildirilib ki, görüş İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə Palatanın prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında baş tutub.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana həyata keçirdiyi LNG tədarükünün əhəmiyyəti qeyd olunaraq bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.