GECƏ ROMANSI

yazarlar
11-08-2021, 23:32 2579
GECƏ ROMANSIBir az şıltaq kimiyik,
Bir az sevgi külüyük.
Gecə çöküb içinə,
Az qalır ki, keçinə.
Qəriblik geyib evlər,
Pusquda durub divlər.
Gecə qorxular artır,
Hər dalanda sirr yatır.
Sonra...sənin pəncərən,
Mənə tərəf açılır,
Əksini görən kimi,
Üzümdən nur saçılır.
Qəlbimiz uşaqlaşır,
Qəriblik uzaqlaşır.
Didərgin talelərin
Ruhları qucaqlaşır.
Gecə çöküb içinə,
Az qalır ki, keçinə...
Ulduzlar bu gecənin
Romansını çalırdı,
İki qərib taleyin
Nəğməsi ucalırdı...



ÜFÜQLƏRDƏ

Gündüzlərdən gecələrə
Qaçanlar,
Qucağını məhəbbətə açanlar.
Burda bizi tanıyan yox,
Yanağından öpsəm belə,
Qınayan yox.
Səhərlərin qeybət dolu çürüntüsü
Üzümüzdə.
Axşamların sevgi dolu
Hönkürtüsü gözümüzdə.
Gecələrin bu sığalı izləməyə
Daha səbri çatmadı.
Üfüqlərdə
Qara qəlbi çatladı...


Mayisə ƏSƏDULLAQIZI

GECƏ ROMANSI