Torpaqların təyinatı üzrə istifadəsində qanunsuzluqlar aşkar edilir - RƏSMİ

sosial
10-03-2021, 00:22 1099
Torpaqların təyinatı üzrə istifadəsində qanunsuzluqlar aşkar edilir - RƏSMİHazırda əsas nöqsanlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev “Vergilər” sosial-iqtisadi onlayn qəzetə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, təyinatı yaşayış olmayan torpaqlarda bir çox hallarda qeyri-qanuni yaşayış və qeyri-yaşayış obyektləri tikilir, pay torpaqlarının kiçik hissələrə bölünərək satılması nəticəsində həmin torpaqlar əkin dövriyyəsindən çıxarılır, bundan başqa, dövlət müəssisə və təşkilatlarının istifadəsində olan torpaq sahələrinin səmərəsiz istifadə olunması, qanunsuz tikinti işlərinin aparılması halları da müşahidə olunur. Agentliyinin direktor müavini əlavə edib ki, icarəyə verilmiş yay və qış otlaqlarının istifadə olunmasında da bır sıra nöqsanlara yol verilir:
“Həmin otlaqların icarə müddətinin bitməsinə baxmayaraq müqaviləsiz istifadə olunması, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq icarəyə verilməsi, o cümlədən müvafiq razılıq və rəylərin alınmaması həmin torpaqların səmərəsiz istifadəsinə şərait yaradır. Bu da dövlət büdcəsinə ödəniləcək vəsaitin yayınması ilə nəticələnir”.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerlərdə torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərinin aparıldığını, torpağın təyinatı üzrə istifadəsinin vacibliyinin izah edildiyini deyən Şamil Abdullayev qeyd edib ki, bundan başqa, aparılan monitorinqlər zamanı aşkar edilən pozuntu hallarının aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq orqanlara müraciət ünvanlanıb:

“İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 2020-ci ildə 1 682 inzibati protokol tərtib edilərək 693.380 manat cərimə tətbiq olunub”.