SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

gundem
14-01-2021, 14:12 868
SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOYanvarın 13-də SOCAR və Amerika Neft İnstitutunun (API) rəhbərliyi arasında onlayn video-görüş keçirilib, sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə memorandum imzalanıb. Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib. Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəlində Azərbaycanın neft sənayesinin elmi-texniki nailiyyətləri, tarixi ilkləri haqqında məlumat verib, bildirib ki, SOCAR-ın yeni inkişaf strategiyası təkmilləşdirilmiş effektiv idarəetmə sistemi və beynəlxalq standartların tətbiqini labüdləşdirir:
“Bu baxımdan davamlı inkişafın və texnologiyanın sürətli dinamikasına API çevik şəkildə öz töhfələrini verməkdədir. Dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları tərəfindən tətbiq olunan API Spesifikasiya Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının SOCAR-da tətbiqinə başlanılması buna bariz nümunə olacaq. İnanırıq ki, bu məqsədlə API-nin qabaqcıl sənaye standartlarının tələblərinə uyğunluq və bütün işlərimizi müvafiq standartlar çərçivəsində qurub müasir təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə verəcək”.
API-nin prezidenti Mayk Sommers API haqqında təqdimatla çıxış edib. O bildirib ki, 2019-cu ildə 100 yaşını qeyd edib API hazırda dünyanın əksər ölkələrində tətbiq olunan 700-dən artıq standarta sahibdir. API-nin fəaliyyətinin əhatə dairəsinə təlimlər və sertifikatlaşdırma da daxildir. Belə bir memorandumun imzalanması isə nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk dəfə baş verir.

Sonra tərəflər arasında memorandum imzalanıb. Sənədə əsasən SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaq.

Xatırladaq ki, API 1919-cu ildə ABŞ-ın Nyu-York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulmuşdur. 1924-cü ildə Birinci dünya müharibəsindən sonra şirkət, qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədi ilə ilk sənaye standartının tətbiqinə start verib. API standartları bu gün dünyanın aparıcı şirkətlərində tətbiq olunur və şirkətlər arasında əməkdaşlığın əsasını təşkil edir. SOCAR-ın API standartlarına uyğunlaşması son dövrdə aparılan islahatların zəruri tərkib hissəsidir. Bu, SOCAR-ın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer tutmaq və rəqabət qabiliyyətini artırmaq üçün zəruri şərtlərdən biridir.