"Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək" - AÇIQLAMA

iqtisadiyyat
1-01-2021, 22:23 1365
"Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək" - AÇIQLAMAÖlkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Bununla da Azərbaycan böyük qaz ixracatçısına çevrilib. Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan qazının dünya bazarına çıxarılması dövlətimiz üçün iqtisadi və strateji baxımından olduqca əhəmiyyətlidir: “Bu, eyni zamanda həm də Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımından da olduqca vacib hesab olunur. Nəzərə alsaq ki, Azərbaycan qazı Cənub Qaz Dəhlizi çərçivəsində Avropa və xüsusilə də son dayanacaq kimi İtaliya bazarına çıxarılır. Bu bir tərəfdən Azərbaycan Avropa Birliyi arasındakı iqtisadi və strateji əməkdaşlığa pozitiv təsir göstərəcək. Xüsusilə də Azərbaycan-İtaliya əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq”.
Deputat vurğulayıb ki, Azərbaycan qazının dünya bazarına çıxarılması ölkəmiz üçün həm də iqtisadi hadisədir: “Çünki Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində bütövlükdə Avropaya il ərzində birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qaz nəql etmək niyyətindədir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 31.5 milyard kub metr illik mavi qaz ixrac etməyi düşünür. Bu da təbii ki, ölkəmiz üçün Cənub Qaz Dəhlizinin reallaşmasından 100 milyard dollardan artıq gəlirin daxil olması deməkdir. Bu da təbii ki, enerji gəlirlərimizin artmasına və Azərbaycanın regional strateji mövqeyinin daha da möhkəmlənməsinə səbəb olacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha yaxından töhfə vermək imkanı qazanacaq ki, təbii ki, bu da ölkəmizin strateji mövqeyinə ciddi, pozitiv təsir göstərəcək.

Təbii ki, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artıracaq. Azərbaycan praktiki olaraq Avropa üçün yeni alternativ enerji təhlükəsizliyinin formalaşmasında mənbədir. Məhz ona görə də Azərbaycan qazının dünya bazarına çıxarılması tarixi və strateji əhəmiyyət daşıyır. Bu hadisə ölkəmizin regional stareji mövqeyini daha da möhkəmləndilməsinə və güclənməsinə səbəb olacaq”.