Əlilliyi olan şəxslərin biznesə başlamasına dəstək göstərilir

sosial
3-12-2020, 12:17 888
Əlilliyi olan şəxslərin biznesə başlamasına dəstək göstərilirƏlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Əlilliyi olan şəxslər Günü münasibətilə məlumat verilib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin olunmasında onların sahibkarlıq fəaliyyətinə və özünüməşğulluq proqramlarına cəlb olunması əhəmiyyətlidir.
Əlavə edilib ki, agentlik tərəfindən əlilliyi olan şəxslər arasında sahibkarlıq fəaliyyəti təşviq edilir, onların biznesə başlamasına və sahibkarlıq fəaliyyətlərinin inkişafına müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində dəstək göstərilir, biznesyönümlü təlim və məsləhət xidmətləri, əlaqələndirmə, məhsullarının tanıdılması və satışına dəstək olunur. Əlilliyi olan şəxslər öz bizneslərini qurmaq və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim, məsləhət, şəbəkələşmə və digər xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edilib ki, indiyədək 50-yə yaxın əlilliyi olan şəxs KOBİA-nın biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün təlim və məsləhət xidmətlərindən yararlanıb. Agentliyin “KOB Dostu” şəbəkəsi və KOB inkişaf mərkəzləri əlilliyi olan şəxslərin biznesə başlaması üçün zəruri mal və avadanlıqlarla təmin olunmaları məqsədilə onları özünüməşğulluq proqramları ilə də əlaqələndirir, bu istiqamətdə müvafiq dəstək göstərir.
Agentlik əlilliyi olan şəxslərin məhsullarının tanıdılmasına və satışına da dəstək olur. İndiyədək KOBİA 70-ə yaxın əlilliyi olan şəxsin 10-dan çox sərgi, yarmarka və festivalda ödənişsiz iştirakını təmin etməklə, onların məhsullarının tanıdılmasına və satışına, işgüzar əlaqələr qurmasına dəstək göstərib. 2019-cu ildə isə Beynəlxalq Əlillər Günü ərəfəsində KOBİA tərəfindən 20-yə yaxın əlilliyi olan şəxsin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
Ümumilikdə KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə əlilliyi olan şəxslərin iştirakı ilə 20-yə yaxın təlim, sərgi, konfrans və s. tədbirlər təşkil olunub. 100-dən çox əlilliyi olan şəxs biznesə başlamaq və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün agentliyin dəstək və xidmətlərindən faydalanıb. Eyni zamanda KOBİA yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biri də “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyidir və indiyədək birgə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər və layihələr həyata keçirilib.