Xatirələrdə əbədiləşən insan

medeniyyet
3-12-2020, 12:10 1846
 Xatirələrdə əbədiləşən insanBizi yaxşı –yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı insanı seçir.
Şəkər Aslan

Insan övladının göz açdığı dünyanın yaranışdan vəfasızlığı hamıya məlum bir həqiqətdir. Həyata göz açan adəm övladı bu dünyadan ancaq cismani olaraq köçür və hər bir kəs ömrünün müəyyən dövründə bu dünyanı tərk edir. Həyatda yaşadığı müddətdə “yaxşı insan”, “səmimi insan”, “yaxşı müəllim” adlarını qazanan insanlar vəfat etdikdən sonra yaddaşlarda əbədiləşir. Belə insanlardan biri də haqqında söhbət açmaq istədiyim Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rafiq Oruc oğlu Qurbanovdur. Adı hörmətlə çəkilən Azərbaycan Respublikasının mötəbər bu ali məktəbində Rafiq müəllim ömrünün yarım əsrdən çoxunu ürək yanğısı ilə, vətəndaş qeyrəti ilə apardığı axtarışlar, əldə etdiyi tapıntılar tarix elmimizin parlaq səhifəsinə həsr etmişdir.
Üç il hərbi xidmət keçdikdən sonra, kiçik leytenant rütbəsində vətənə qayıtdı. 1964-cü ildə hərbi formada bir nəcib istəklə Universitet müəllimləri qarşısında imtahan verərək Universitetin tarix fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra göndərişlə oxuduğu orta məktəbə -Zərdab rayonu, H.Zərdabi adına Əlvənd kənd orta məktəbinə müəllim göndərilmişdir. Yüksək biliyi, tədqiqatçılıq qabiliyyəti, qədim tariximizin araşdırılmasına sonsuz marağı, elmə olan həvəsi yenidən onu Universitetə qaytarmışdır. 1971 –ci ildən Universitetin tarix fakültəsinin, o dövrki “SSRİ tarixi kafedrasında baş laborant işləyə-işləyə qiyabi aspiranturaya qəbul olunmuşdur. 1980 –ci ildə “Azərbaycanda xalq maarifinin inkişafı (1962 -1970 –ci illər ümumi orta təhsilə keçmək”) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1992 –ci ildən “Türk və Qafqaz xalqları tarixi” kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləmişdir. “Qafqaz tarixi”, “Gürcüstan tarixi” və “Dağıstan tarixi” fənlərini tədris edirdi. Son 20 ildə yaşadığımız regionun, həm də dünyanın ən qaynar nöqtələrindən biri olan Qafqaz xalqlarının tarixini araşdırmaqla məşğul idi.
Rafiq müəllim işlədiyi müddətdə həm özünə, həm də tələbələrə qarşı tələbkar olmuşdur. Onun ali məktəb tələbələri üçün çap etdirdiyi “Qafqaz tarixi” dərsliyi geniş ictimaiyyət və tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Bu dərslik tarix elminə dəyərli bir töhfə idi. Bundan başqa onun “Dağıstan tarixi” adlı dərs vəsaiti və “Gürcüstan tarixi” adlı metodik vəsaiti də nəşr edilmişdir. Rafiq müəllim eyni zamanda orta məktəblərin 10 –cu sinifləri üçün hazırlanmış “Yeni tarix” dərsliyinin müəlliflərindən biri idi.
Rafiq müəllim gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, layiqli insanlara, yaxın qohumlara, tələbələrə xoş və səmimi münasibət bəsləyərdi. Heç vaxt, heç zaman xırdalıqlara, mənasız işlərə, dedi –qodulara qoşulmazdı. Sadəlik, mehribanlıq, təvazökarlıq, qohumcanlılıq Rafiq Qurbanovun xarakterinin aparıcı xüsusiyyətlərindən idi. Hər bir kəsin şəxsiyyətinin təsdiq olunması üçün insanın ilk növbədə zəngin daxili aləmi olmalıdır. O da Rafiq müəllimdə var idi. O sanki bu dünyaya xeyirxahlıq və yaxşılıq üçün gəlmişdir. Ona görə onun dostları, tanışları çox idi. O, eyni zamanda yüksək səviyyəyə və ləyaqətə malik idi. O, sözün əsl mənasında başdan –ayağa ziyalı idi. Evdə yataqda xəstə yatan zaman belə nikbin əhvali –ruhiyyə ilə hörmətli prezidentimiz İlham Əliyevin Qarabağ uğurlarına yüksək dəyər və qiymət verərdi. Rayonlarımızın alınmasına ürəkdən sevinər və qürrələnərdi.
Bu dünya gözlənilməz hadisələrlə doludur. Təbiətin ümumi qanunauyğunluqları var, hər kəsin bir ömür yolu var, hər kəs bir ömür yaşayır az və ya çox. Vaxtı –vədəsi yetişmiş ölümlər də olur, heç kəsin ağlına gəlməyən ölümlər də. Kimin ağlına gələrdi ki, hər gün tələbələrlə deyib –gülən, mühazirələr oxuyan Rafiq Qurbanov kimi sağlam cüssəli adamı da bir gün ölüm yaxalaya bilərmiş.
Azərbaycan, onun qədim mədəniyyəti, etnoqrafiyası, adət və ənənəsi, süfrə zənginliyi, füsunkar təbiəti, flora və faunası haqqında elə məhəbbətlə danışardı ki, bu hamımızın qəlbində ona qarşı iftixar hissi oyadardı. Millətini, torpağını, elini –obasını, onun mənəvi dəyərlərini, milli sərvətlərini sevən bu şəxslə həmsöhbət olan hər kəs özü mənən zənginləşərdi. Odur ki, gözəl insan, sevimli müəllim, səmimi ailə başçısı, əzizimiz özündən sonra həyatda böyük işlər, xoş xatirələr qoyub getdi.
...Heç yadımdan çıxmaz. Mən orta məktəbdə oxuyan zaman Rafiq həqiqi hərbi xidmətdə qulluq edirdi. Tez –tez məktublaşardıq. Hər məktubda da təkidlə yazardı ki, yaxşı oxu, dərslərinə ciddi fikir ver. Mənə məsləhət bilirdi ki, sənədlərimi də Bakı Dövlət Universitetinə verim.
...Mən Universitetdə təhsil aldığım illərdə artıq o universitetdə işləyirdi. Tez –tez fakültəmizə gələr, dərslərimlə maraqlanardı. Hətta yataqxanada da mənə baş çəkərdi.
Hamımızın ürəyində əbədi yaşayan rafiq müəllimi itirdik, bu hamımızı ağrıdır. Nə etməli, dahilərin dediyi kimi dünyada yaşamağın ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər. Rafiq müəllim də xeyir əməllər sahibi idi.
Rafiq müəllim övladlarının və nəvələrinin təhsildə və həyatda qazandıqları uğurlarına görə həmişə çox sevinərdi, ürəkdən qürrələnərdi. O, ailəsi ilə bərabər, yetirmələri ilə də fəxr edərdi. Neçə -neçə elmi müəssisələrdə, təhsil ocaqlarında, aparıcı təşkilatlarda onun yetirmələri çalışır.
Maarif fədaisi Rafiq müəllim mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə, ümumiyyətlə elmimizə gərəkli töhfələr vermişdir. Onun ruhu, mənəvi keyfiyyətləri həmişə hər yerdə bizimlə olacaq. Etibarlı, sədaqətli, əməli- saleh, sözü bütöv insanlardan olan Rafiq Qurbanov onu sevənlərin, tanıyanların, əzizlərinin qəlbində əbədi yaşayacaq.
Allah ona qəni –qəni rəhmət eləsin!
Ruhu şad olsun!

Adil Abdullayev
AYB və AİB –nin üzvü, Əməkdar mədəniyyət işçisi