İqtisadçı: “Parlament seçkilərindən sonra böhran daha da dərinləşəcək”

sosial
8-09-2015, 14:54 870
İqtisadçı: “Parlament seçkilərindən sonra böhran daha da dərinləşəcək” Azərbaycanda vətəndaşların sosial vəziyyəti ilə bağlı monitorinq aparan qurum yoxdur. Normal ölkələrdə dövlət və müstəqil qurumlar hər zaman monitorinq aparır. Əhalinin qarşıdan gələn böhranlara reaksiyası barədə məlumatlar toplanılır. Bizdə belə mexanizm yoxdur.
bbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev bildirib.
İqtisadçının fikrincə, yaxın zaman Azərbaycan əhalisinə asan olmayacaq: “Statistik baxımdan götürdükdə, təbii ki, qarşıdan gələn dövr əhalinin geniş təbəqəsi üçün asan olmayacaq. Ona görə ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata ciddi təsir göstərir. Dövlət xərcləmələrinin azalması, bir sıra iş yerlərinin bağlanması ixtisarlara gətirib çıxarıb. Bank sektorundakı durum və kredit fəallığının azaldılması öz yerində, həm də banklarda ixtisarlar getməkdədir. Bu isə kreditlə dolanan əhalinin bundan məhrum olması deməkdir”.
Azər Mehtiyev deyib ki, ərzağın bahalaşmadığını iddia etmək əsassızdır: “Alıcılıq qabiliyyətinin aşağı olması əhalinin kredit ödəmə imkanlarını məhdudlaşdırır. Bir tərəfdən banklar kreditlərin geri alınmasında daha israrlıdır, digər tərəfdən əhali bu kreditləri ödəməkdə çətinlik çəkir. Bu da sosial gərginlik yaradan amildir. Ərzaq və digər məhsulların qiymətlərinin qalxması isə onsuz da çətin durumda olan vətəndaşa ağır zərbə deməkdir.
“Ərzaq bahalaşması yoxdur demək” isə çox yersizdir. Çünki insanlar gündəlik tələbat malları almaq üçün müraciət etdikləri marketlərdə, iri mağazalarda qiymətlərin azı 30-35 faiz qalxdığını hiss edir.
Bu onu göstərir ki, hökumət reallığı qiymətləndirib, real addımlar atmaq əvəzinə özünü və xalqı aldatmaqla məşğuldur. Qiymət artımı var və ciddidir. Əhalinin alıcılıq qabiliyyətinin məhdudlaşması gözlə görünür. Bu, qarşıdan gələn dövr üçün ciddi sosial gərginliyin yaranmasına rəvac verir.
Bu gərginliyin nəticələrini isə parlament seçkilərindən sonra görəcəyik. Çünki hökumət seçkilərə qədər bütün inzibati vasitələrdən istifadə etməklə ən azı seçkilərə qədərki dövrü daha sabit keçirməkdə maraqlıdır. Ona görə də “qiymət artımı yoxdur” kimi açıqlamaların hamısı seçkiyə hesablanıb”.