2000 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

tehsil
8-09-2015, 14:48 931
2000 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub “Bu günədək Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) 2000 təhsil müəssisəsi qoşulub. ATŞ-yə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyasına müvəffəq olunub”.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, ölkənin 353 ATS-ində quraşdırılmış avadanlıqlar ATS-ləri bir-biri və ATŞ-nin Şəbəkə İdarəetmə Mərkəzi ilə birləşdirərək təhsil müəssisələrinin vahid korporativ şəbəkəsinə qoşulmasını təmin edir.
“ATS-lərdə yerləşən avadanlıqlar vasitəsi ilə təhsil şəbəkəsinə ADSL və ya Fiber-optik xətlə qoşulması mümkün olmayan təhsil müəssisələri simsiz (3G və VSAT) rabitə kanalları ilə qoşulublar. Həmçinin “AzEduNet” MMC-nin mühəndisləri tərəfindən ölkənin çətin relyefi olan regionlarında 202 peyk terminalını quraşdırılıb”.
Təhsil Nazirliyi tərəfindən bugünə kimi 60 000-dən çox kompüter paylanılıb və şagirdlər üçün kompüterlərdən istifadə edərək internetə çıxış imkanları yardılıb.
“Hazırda Təhsil Nazirliyi tərəfindən www.edu.az, www.e-resurs.edu.az, www.e-derslik.edu.az., www.video.edu.az portalları yaradılıb ki, bu porallarda yerləşən elektron resursları şagirdlər dərs prosesində və dərsə hazırlıq prosesində istifadə edə bilirlər. Təhsil Nazirliyi tərəfindən yeni elektron resurs və portalların yaradılması, elektron məktəb pilot layihəsinin həyata keçirilməsi, müəllimlərin və eləcə də şagirdlərin İKT bacarıqlarının artırılması bügünkü gündə hər bir təhsil alan şagirdi kompüterdən istifadə etməyə stimullaşdırır”.
Nazirlikdən bildirilib ki, son illərin statistikası göstərir ki kompüterdən istifadə edərək təhsil resurslarına çıxış əldə edən və onda yararlanan şagirdlərin sayı artmaqdadır.
“Bu da birbaşa onların İKT biliklərinin artması deməkdir. Şagirdlərimizin əksəriyyəti artıq özləri kiçik elektron resurslar yaradaraq paylaşa bilirlər. Bloq, sayt, onlayn dərs resursları yaratmaq heç də bu gün əlçatmaz deyil. Bunu məktəb şagirdləri öz İKT biliklərindən istifadə edərək yaradırlar.
Təhsil Nazirliyinin ən son yaratdığı elektron dərsliklər portalında 25 mindən çox istifadəçi qeydiyyatdan keçib. 10-15 min nəfər isə davamlı şəkildə e-dərsliklərdən istifadə edir. Ən çox yüklənən e-dərsliklər isə 6-cı sinif üzrə Azərbaycan dili və Riyaziyyat fənninin dərslikləridir. Bu rəqəmlər hər ay getdikcə artır və təhsil ilinin başlanmasını nəzərə alaraq növbəti aylarda daha sürətlə artacağı proqnozlaşdırılır”.