Prezidentdən muzdlu iddialarına sərt reaksiya: “Bizim əlimizdə pasportlar var”

siyaset
5-11-2020, 22:58 684
Prezidentdən muzdlu iddialarına sərt reaksiya: “Bizim əlimizdə pasportlar var”“Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu barədə dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik:

“Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməyib.

Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var.

Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var.

Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib”, - deyə İ.Əliyev qeyd edib.