CEYHUNUN QƏZƏLLƏRİ

yazarlar
5-11-2020, 12:47 5638
CEYHUNUN QƏZƏLLƏRİ














Yenə könlüm quşu pərvaz eyləyir, get Şuşaya,
Xarı bülbül darıxıb, naz eyləyir, get Şuşaya.

Axı yar-yarını qoymaz bu qədər, həsrət ilə,
Hər gecə tazə bir avaz eyləyir, get Şuşaya.

Deyin: O, can alana, solma daha, mən gəlirəm,
Gəlişimdir ki, qışı yaz eyləyir, get Şuşaya.

Ey Türkün qaziləri, Ərdoğan-İlham ilə bir,
Kafiri qovmağa həmraz eyləyir, get Şuşaya.

Şəhidin al qanını, ey ərənim, durma daha,
Qələmi zülfüqar et, az eyləyib, get Şuşaya.

Yığışıb cəmi şüəra, dedilər: Gəlsin “ağa”,
Yenə Ceyhun belə ecaz eyləyir, get Şuşaya.

CEYHUNUN QƏZƏLLƏRİ










Kəbə olub şamımız, biz də ki, pərvanəsi,
Damcıladıqca düşür hər gilə dürr danəsi.

Kim ki, dadıb şövqünü, nur ələyir ətrafa,
Şölələnir şöləsi, ləlü-bədəxşanəsi.

Yüksəlir hey sədası, əs-səlatı hər zaman,
Tükənməyir söhbəti, xeylidir əfsanəsi.

Fələk durub qəsdimə, zülm eləyir daimi,
Heç də kömək eyləməz, dəhr evi-“meyxanəsi”.

Şeriyyat aləmindən baş çıxaran olmasa,
Daima şair olar eşqinin qəmxanəsi.

Kim ki, bu Ceyhun kimi mədh eləsə yarını,
Nə vaxtsa yəqin ona şövq verər cananəsi.

CEYHUNUN QƏZƏLLƏRİ















Ol təbim, təkcə bu gün Həzrəti Loğmana qalıb,
Bu könül səltənətim, sevgisiz divanə qalıb.

Bütün eşq-əhli dağılmış hərə bir məmləkətə,
Yanıram, şəm kimi ah, bir dənə pərvanə qalıb.

Nədən olmuşdu belə, eşiqmizə layiq olan,
Cümlə sevdiklərimiz bizlərə biganə qalıb.

Bizləri sevməsə də, kimsə əgər dərd eləmə,
Hər bir aşiq kimi çarəm uca Rəhmanə qalıb.

Yəqin ol, dəvət edər dərgahına sevgili yar,
Ümidim söylə ki, Ceyhun həmin ünvana qalıb!

CEYHUNUN QƏZƏLLƏRİ