Hadı Rəcəblidən icbari tibbi sığorta AÇIQLAMASI

sehiyye
12-08-2015, 14:56 989
Hadı Rəcəblidən icbari tibbi sığorta AÇIQLAMASI Azərbaycanda yaxın vaxtlarda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Bunu Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı sistemli iş aparılır.
Hazırda bununla bağlı bir neçə ölkənin təcrübəsinin öyrənildiyini deyən millət vəkili sözügedən məsələnin tətbiqindən sonra səhiyyə sisteminin maliyyələşməsinin tamamilə yenilənəcəyini qeyd etdi:
"Bilirsiniz, icbari sığorta ilə bağlı hüquqi baza var. Amma icbari tibbi sığortanın tətbiqi üçün səhiyyənin maliyyələşməsi kökündən dəyişməlidir. Ona görə də bu məsələ bir az gecikir. Mütəxəssislər dünya təcrübəsini öyrənir. Biz bu sahədə müsbət və mənfi ola biləcək tərəfləri araşdırırıq. Nəyin müsbət, nəyin mənfi ola biləcəyini müəyyənləşdiririk. Məsələn, Türkiyə və Xorvatiyanın bu sahədəki təcrübəsini çox bəyənirik. Bu iki ölkənin təcrübəsindən yararlanıb, onlardan istifadə edə bilərik".
İcbari tibbi sığortanın tətbiqinin gecikməsini onun çox ciddi və məsuliyyət tələb edən proses olması ilə əlaqələndirən H.Rəcəbli sözügedən məsələyə başlayandan sonra Azərbaycan səhiyyəsində çox böyük yeniliklərin olacağını qeyd etdi:
"Vətəndaş kartını gətitib göstərəcək həkimə, ona müalicə yazılacaq. Həkimin bütün gördüyü işlər sözügedən kartda görünəcək və bununla da o, gördüyü işlərə görə maaşından əlavə pul alacaq. Eyni zamanda bu həkimlə vətəndaş arasındakı neqativ hal saydığmız "həkimə hörmət" məsələsini aradan qaldırmış olacaq. Bununla yanaşı, həkimlərin yazdığı reseptlə dərmanların özünün alışı pulsuz ola bilər. Çünki o sığorta kartı vasitəsi ilə dərmanların pulu ödəniləcək".