Rusiyalı deputat: Paşinyanın müharibə apardığı torpaqlar Azərbaycana məxsusdur - MÜSAHİBƏ

arasdirma
30-10-2020, 18:02 806
Rusiyalı deputat: Paşinyanın müharibə apardığı torpaqlar Azərbaycana məxsusdur - MÜSAHİBƏRusiya prezidenti Vladimir Putin oktyabrın 29-da “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hərbi əməliyyatlarla bağlı açıqlama verib. Rusiya liderinin sözlərinə görə, yeddi rayonun Ermənistanla heç bir əlaqəsi yoxdur.

“Bu torpaqlar əzəldən Azərbaycan ərazisidir və Azərbaycan tərəfi deyir: bizim bu əraziləri qaytarmaq və Dağlıq Qarabağla bağlı hüququmuz var. Başa düşürsünüz, hər kəsin öz həqiqəti var və burada sadə həll variantı yoxdur, çünki düyünü bağlamaq çox çətindir. Biz əvvəldən danışılması lazım olanları dedik və mövqeyimiz tamamilə aydındır - Azərbaycana beş, həmçinin iki rayonun Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi ilə, Ermənistanla qarşılıqlı əlaqədə olması ilə qaytarılması mümkünlüyündən danışmalıyıq”, - Rusiya lideri deyib.

Bununla yanaşı, əvvəllər bütün razılaşmaları rədd edən və ziddiyyətli açıqlamalar verən Ermənistanın baş naziri Nikol Paşinyanın tutduğu barışmaz mövqe hər kəsə bəllidir.

Media.Az bu barədə “Vətən” partiyasının sədri, Dövlət Dumasının deputatı, Dumanın beynəlxalq məsələlər komitəsinin üzvü Aleksey Juravlevlə müsahibə aparıb. Qeyd edək ki, həmsöhbətimiz Rusiya televiziyasındakı ictimai-siyasi verilişlərin daimi iştirakçısıdır:

- Öncə demək istəyirəm ki, Azərbaycan və erməni xalqları arasında baş verənləri ürək ağrısı ilə qəbul edirəm. Eyni zamanda başa düşürəm ki, Nikol Paşinyan sadəcə öz hakimiyyəti üçün mübarizə aparır, artıq heç nə yoxdur.

Əlbəttə ki, Paşinyanın müharibə apardığı torpaqlar Azərbaycana məxsusdur. Azərbaycan ordusu öz torpağında vuruşur. Məgər bunun düzgün olmadığını necə demək olar? Eyni zamanda, Rusiya Federasiyası bu müharibənin qarşısını almaq, dayandırmaq üçün hər şeyi edir. Bəs bir liderin (Nikol Paşinyan - red.) ambisiyaları buna imkan vermirsə, məsələ necə sülh yolu ilə həll edilə bilər?

Danışıqlar prosesi olmalıdır, onun prinsipləri birmənalı deyil və bu, bir çox sənədlərdə təsbit edilib. Rusiya rəhbərliyi Bakıya və İrəvana eyni dərəcədə yaxındır. Moskva danışıqlar prosesinin həyata keçirilməsinə zəmanət verə bilər. Bəli, tərəflərin bir-birinə qarşılıqlı inamsızlığı qısa zamanda ötüb keçməyəcək. Amma nəsə etmək lazımdır.

Kimisi deyir ki, erməni xalqının bir növ “soyqırımı” (dırnaq işarəsi - red.) olacaq. Amma, baxın, biz XXI əsrdə yaşayırıq. Hansı “soyqırım”?! Təhlükəsizlik məsələləri ayrıca razılaşmalarda müzakirə edilə bilər. Hazırki vaxtda isə insanlar ölür. Müharibənin necə bitəcəyini təsəvvür edirəm, ona görə də danışıqlar prosesini həyata keçirmək lazımdır. Mən hər şeydən öncə erməni xalqına və Ermənistanın rəhbərliyinə müraciət edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə danışıqlara hazır olduğunu söyləyib. Nikol Paşinyan da vaxtaşırı bu barədə deyib. Söhbət nədən gedən bilər? Aydın məsələdir ki, yalnız (işğal olunmuş Azərbaycan torpaqlarından - red.) ərazilərin qaytarılmasından. Ermənistan rəhbərliyinin danışıqlara nə üçün razı olmadığını anlaya bilmirəm.

- Bir neçə dəfə səsləndirilən variant var. Nikol Paşinyan Rusiya və KTMT-ni münaqişəyə cəlb edəcəyinə ümid etdiyindən, münaqişənin sülh yolu ilə həll olunmasına razı deyil. Bu səbəbdən münaqişə zonasından uzaq olan dinc Azərbaycan şəhərləri atəşə məruz qalır. Bir neçə uşaq da daxil olmaqla, təxminən 100 mülki şəxs həlak olub. Bu, Azərbaycanı KTMT-ya təsir etmək üçün Ermənistandakı yaşayış məntəqələrinə mərmi atmağa məcbur etməyə bənzəyir. Lakin Azərbaycan qarşı tərəfə cəbhə xəttində cavab verir, erməni şəhərlərini atəşə tutmur.

- Bu variant mümkündür. Və mən bu barədə eşitmişəm. Əlbəttə ki, müharibə gedir, amma dinc əhalisi olan şəhər və kəndləri necə atəşə məruz qoymaq olar? Bu cür zərbələrə yol verilməməlidir, bu cinayətdir. Bu barədə əmr verənlər məsuliyyət daşımalıdırlar.
Azərbaycan bu vəziyyətdə humanitar mövqe göstərir, Ermənistan şəhərlərini atəşə tutmur. Bunun elə özü güclü bir dövlətin mövqeyidir. Amma əlbəttə ki, dinc yaşayış məntəqələrinə düşən hər bir raketin hər hansı bir Azərbaycan vətəndaşının ürəyini necə parçaladığını təsəvvür edirəm...

- Və son sual. Onilliklər ərzində öz səmərəsini göstərməyən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin mənası varmı? ABŞ və ya Fransa Cənubi Qafqazdakı vəziyyəti başa düşürmü? Bəlkə regional bir formata keçmək daha yaxşıdır. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin artıq Türkiyə ilə birgə bir neçə ölkənin Qarabağla bağlı danışıqlarda iştirakının lazımlığını bildirib. Və artıq İran diplomatik fəaliyyət nümayiş etdirir...

- Bəli, siz regionda marağı olan oyunçuların adlarını çəkdiniz. Nə Fransa, nə ABŞ, nə də Minsk Qrupuna həmsədr olmayan, lakin ATƏT-in Minsk qrupunun üzvü olan digər ölkələrin regiondakı vəziyyətdən xəbəri yoxdur. Onların arasında deyək ki, İsveç, İtaliya və digər ölkələr var. Onların Qarabağ probleminə, Azərbaycana və Ermənistana nə əlaqəsi ola bilər? Əlbəttə ki, Minsk Qrupunun formatı sadəcə geridə qalıb.

Amma əminəm ki, Qafqazda sülhün bərqərar olması mümkündür, xüsusən də Nikol Paşinyanın Ermənistan hakimiyyətindən getməsindən sonra. Və Rusiya, yuxarıda qeyd etdiyim kimi, uzunmüddətli və konstruktiv sülhə kömək edəcək.