CƏMİYYƏT, İNSANLAR...

yazarlar
15-10-2020, 14:19 2459
CƏMİYYƏT, İNSANLAR...DÜNYA DOSTLUQ, SEVGİ VƏ GÖZƏLLİK NƏĞMƏSİDİR.


Milyardlarla yaşı olan dünyamızda sevgi olmasaydı, gözəllik olmasaydı, nə baş verərdi? Əlbəttə, bu bir fərziyyədi, dünya sevgi ilə yarandı, sevgi olan yerdə dostluq var. Dostluq hamı üçün açılan qapı deyil.

Bizi dəyərləndirən, sevən dostları, biz də dəyərləndirib, göz üstə saxlarıq. Dünya fani olsa da, iç dünyalar ayrı olsa da, sevgilər bəzən solğun olsa da, əsil fədakar dostlar unudulmaz. Uzaqlarda olsalar belə...Bəzən, ürəyimizə yaxın, əziz, hörmətli dostlarımızla danışarkən, yaşadıqları məkan, ölkə çox uzaq olsa belə, onların gözlərindəki işıltı, üzündəki nur, təbəssüm, daxili aləmlərindən xəbər vermirmi?!

Dünya gözəllik doludur, dostlar dəniz sahilindəki xırda, parlaq daşlara bənzər, öncə bir-bir toplayırsan, sonra, tək-tək dənizə atırsan. Amma, bəziləri var atmağa qıymırsan. Bax, o atmağa qıymadığımız dostlar, qiymətləndirdiyimiz dəyərli tutduğumuz dostlardı. Bəziləri deyirlər ki, dostum yalnız Tanrıdır. Bəli, hamımızın dostu ilk öncə Tanrıdır. Sonra, ailəmizdir. Ailəmiz bizi cəmiyyətə hazırlayıb yetişdirən kiçik dövlətdir, bəlkə də, böyük dövlətdir. Çünki, o ailədən cəmiyyətə bizim kimi vətənpərvər, aydın sözlü, açıqgözlü, güvənli şəxslər yetişir.

Şamforun belə bir deyimi məni fikirləşməyə sövq edir: “Həqiqi dostluğu əldə etmək üçün ilk öncə, sevməlisən.” Bəli, özü də, saf hisslərlə sevməlisən, düşünərək, duyaraq sevməlisən. Hamımızın uzun illərin sınaqlarından çıxan dostlarımız var. Güvənli, etibarlı, inamlı, arxamızda dağ kimi dayanan dostları qorumaq üçün, onların müsbət, bəzən az da olsa, mənfi tərəflərini qəbul etmək lazımdır. Dünyada eyibsiz insan ola bilməz, lakin, güvənli olan mərd adamda çox nöqsan ola biməz!!
M. Servantes dünyanın və gözəlliyin birgə vəhdətini vəsf edərək yazırdı:
“Gözəllik bütün dünyanı bir ürəyə yerləşdirə biləcək qədər güc və istedada malikdir”
K.Morgenştern isə, sevgi ilə gözəlliyi belə izah edirdi: “Sevgi dolu nəzərlərlə baxdığın hər şey gözünə gözəl görünür”
F. Larosfuko gözəlliyin vacibliyini belə izah edirdi: “ Bədən üçün qədd-qamət, beyin üçün sağlam düşüncə kimi bir şeydir”
Q.Lessinq qəlbin gözəlliyinin vacibliyini belə izah edirdi: “ Qəlbin gözəlliyi hətta, çöhrəyə qeyri-adi yaraşıq verir. Daxili eybəcərlik isə, ən füsunkar simanı belə korlayaraq, ona elə bir möhür vurur ki, həmin adama qarşı ikrah hissi oyanır. Əsil gözəlliyin heç bir zər-zibaya ehtiyacı yoxdur ”
Lope De Veqa yazırdı: “ Bir güc başqa bir gücə, gözəllik isə, hər şeyə qalib gəlir”
Bəli, dünya gözəllik nəğməsidir, onu dəyərləndirənlər üçün...
Hamımız Yer Kürəsinin əşrəfi olan insanlarıq. Hamımıza çalışıb-vuruşub yaşamaq, ailəmizə, yaxın ətrafımıza qayğı göstərmək, diqqət etmək lazımdı. Həyatla, cəmiyyətdə olan nöqsanlarla mübarizə də lazımdır, yeri gələndə, öz əyləncəmiz, istirahətimiz üçün vaxt ayırmaq da lazımdır.

Dostluqda dörd əsas göstəricilər məni özünə cəlb edir:
Birinci- pis günün acılarını, kədərli, sevincli xoşbəxtliyin yaddaqalan anlarını paylaşmaq. Nisbətən olsa da, yüngüllük tapırıq.
İkinci-güvənmək. Elə güvən vermək lazımdır ki, qarşındakı dost könül rahatlığı ilə, kədər və sevincini anlada bilsin.
Üçüncü- açıq gözlü olmaq. Dost dediyimiz bir insanın cəmiyyətdəki səhvini, yaxud, mənfi tərəfini görəndə, sakitcə kənara çəkib demək.
Dördüncü-fədakarlıq. Gerçək dostluq tez bitməz. Əgər kimsə dostluğu uca tutursa, mümkün qədər, bacardıqca dostlarını müdafiə edər. Əgər lazımsa, onunla pis, yaxşı günlərdə bir yerdə olar. Güvənlik, mehribançılıq və sadəlik, çox münasibətlərin açarıdır. Bu göstəricilər olan yerdə narazılıq, artıq söz-söhbət olmaz. Buna inanıram.

Dünyanı sevgisiz, gözəlliksiz təsəvvür etmədiyimiz kimi, gözəlliyin daxilində də zəka dayanır. O zəka ki, insanı saflaşdırır, duruldur, həm mənəvi olaraq, həm də, cəmiyyət arasında ucaldır.
Dünyamızı qoruyaq. Bu dünyanın içində güvənli dostlarımız, sevincimiz, sevgimiz, qəlbimizin gözəlliyi var.
Bu gözəllik özü bir nəğmədir...

Mayisə Əsədullaqızı
CƏMİYYƏT, İNSANLAR...