Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”

siyaset
10-10-2020, 16:26 490
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”“Azərbaycanda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “CNN International” televiziya kanalına müsahibəsində danışıb.

Dövlətimizin başçısı daha sonra aparıcının F-16 qırıcı təyyarələri ilə bağlı sualını cavablandıraraq deyib:

“F-16 qırıcı təyyarələri Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər”.

Hərbi əməliyyatlarda F-16 təyyarələrinin istifadə olunmamasını birmənalı şəkildə təsdiqləyən Azərbaycan Prezidenti müsahibəsində bununla bağlı bir erməni feyk xəbərindən də danışıb. “Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində aparıcının “Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?” sualına cavabında bildirib:

“Azərbaycanda türk avadanlığı var, türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır”.

Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstək göstərdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik”.