Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO
medeniyyet
26-09-2020, 11:05
1417

***
Gənclik illəri cazın inkişaf etdiyi dövrlərə düşən Arif Babayevin də musiqiyə həvəsi yaranır və o, bir müddət trubada ifa edir. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırır. Onun bu sevdasına ən çox etiraz edən atası olur. Hacıağa müəllim oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasına narazılıq edir.

***
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə “Rejissor pultunun Paqaninisi” tituluyla qayıdır.

***
Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır”, - deyir.

***
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi “Gün keçdi” filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.

***
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb”, - deyirdi.

***
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir.