Azərbaycan məhsulları “Worldfood Moscow 2020” beynəlxalq sərgisində

dunya
22-09-2020, 21:37 730
Azərbaycan məhsulları “Worldfood Moscow 2020” beynəlxalq sərgisindəBu gün Rusiya Federasiyasının paytaxtı Moskvada “Worldfood Moscow 2020” beynəlxalq sərgisi öz işinə başlayıb. 25 sentyabr tarixinədək davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-a yaxın Azərbaycan şirkətinin nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, meyvə quruları, kompot, limonad və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan istehsalı olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilmiş bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, Azərbaycan sahibkarları və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub. Belə ki, ötən il Rusiyada təşkil olunmuş iki beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 milyon manat dəyərində müqavilə bağlayıblar. İndiyədək bu müqavilə üzrə dəyəri 10,7 milyon manatdan çox olan məhsul ixrac olunub.

Bu ilin 10-14 fevral tarixlərində Moskvada təşkil edilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində isə 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi nəticəsində Azərbaycan məhsullarının ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalanıb və artıq ümumi dəyəri 10 milyon manatdan çox məhsul ixrac olunub.