SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

iqtisadiyyat
19-09-2020, 18:08 969
SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdiBeynəlxalq razılaşmaya əsasən, 2020-ci ilin Azərbaycan üzrə gündəlik hasilatı iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır.
Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib. Onun sözlərinə görə, qeyd edilən göstəricilər yalnız xam neftin hasilatına aiddir.
“Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yataqların istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlılığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürülüb.
Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək, məhsuldarlığı isə aşağı olan neft və qaz yataqlarının istismarı dayandırılıb, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismar tam həcmdə davam etdirilir”, - deyə R.Abdullayev əlavə edib.
O həmçinin qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcminin azaldıldığını da bildirib.
“Nəticədə əmək fəaliyyətinin həcmi azalan işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqlara texniki xidmət sahələrinə cəlb olunurlar”.