Mədəniyyət və Turizm Nazirliyi xalq artisti İlham Əsgərovun vəfatı ilə bağlı nekroloq yayıb

medeniyyet
7-09-2015, 15:34 1095
Mədəniyyət və Turizm Nazirliyi xalq artisti İlham Əsgərovun vəfatı ilə bağlı nekroloq yayıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı xalq artisti, Prezident mükafatçısı İlham Əsgərovun vəfatı ilə bağlı nekroloq yayıb. “Report”un xəbərinə görə, nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr sənətinin tanınmış nümayəndəsi, Respublikanın xalq artisti, Prezident mükafatçısı İlham Təvəkkül oğlu Əsgərov 2015-ci il sentyabr ayının 6-da 57 yaşında qəflətən vəfat edib.
İlham Əsgərov 1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. Onun böyük ustalıqla ifa etdiyi Əli (M.İbrahimov “Közərən ocaqlar”), Ərəb (H.Cavid “İblis”), Əbubəkir (N.Həsənzadə “Atabəylər”), Həbib, Nicat, Anaşkin, Doktor Altay, İbrahim xan, Məhəmməd xan (İ.Əfəndiyev “Büllur sarayda”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Qarabağnamə”, “Hökmdar və qızı”), Loğman və Əmir, Sabutay, Nadir (B.Vahabzadə “Fəryad”, “Rəqabət”), Fransa kralı (U.Şekspir “Kral Lir”), N.Nərimanov (Ə.Əmirli “Mesenat”) Həbibi (M.Seyidzadə “Füzuli və Əsmər”), Piri baba (S.S.Axundov “Qaraca qız”) və başqa obrazlar təkcə İlham Əsgərovun yaradıcılıq müvəffəqiyyəti olmayıb, milli teatrın tarixinin parlaq səhifələrini təşkil edir.
İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında U.Şekspirin “İki veronalı”, İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, B.Vahabzadənin “Kimdir haqlı”, A.Qəhrəmanovun “Səndən xəbərsiz”, M.Süleymanlının “Fatehlərin divanı” teletamaşalarında Valentin, Valeh, Fərrux, Fikrət, Bilgə xan kimi yaddaqalan obrazlar yaratmışdır. “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Qəzəlxan” və “Əlahiddə vəziyyət” bədii filmlərində uğurla çəkilmişdir. O, radionun məşhur “Bulaq” verilişinin unudulmaz aparıcılarından biri idi.
Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident mükafatçısı idi.
Unudulmaz sənətkar, gözəl insan İlham Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi aktyor İlham Əsgərovun vəfatı ilə əlaqədar başsağlığı verir.
Allah rəhmət eləsin!”