» » Ermənilər “Kor ərəbin mahnısı”nı da oğurladı - Video


Ermənilər “Kor ərəbin mahnısı”nı da oğurladı - Video

29-08-2020, 13:27
Oxunub: 1554
Çap et
Ermənilər “Kor ərəbin mahnısı”nı da oğurladı - VideoGörkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək onun “Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Əmrə Gültəkin tərəfindən mənimsənildiyini və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək Yutub kanalında yayıldığını bildirib və bununla bağlı müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını və hüquq pozucularına münasibətdə tədbir görülməsini xahiş ediblər.

Bu barədə Kult.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Məsələ ilə bağlı Agentliyin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Əmrə Gültəkin tərəfindən ifa edilmiş və “Karin” musiqi albomuna daxil edilmiş, həmçinin Yutub kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilmiş, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Əmre Gültəkin göstərilmişdir. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulmuşdur.

Bununla yanaşı, Vardan Hovanissian və Əmrə Gültəkin tərəfindən www.bandcamp.com saytındakı səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməmiş, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək aranjemançı kimi Vardan Hovanissian və Əmrə Gültəkin göstərilmiş və bununla müəllifin şəxsi hüquqları pozulmuşdur. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulmuşdur.

“Houcher” musiqi əsəri haqqında verilən məlumatlardakı uyğunsuzluq da (özlərini bir halda müəllif-bəstəkar, digər halda aranjemançı kimi təqdim edirlər) bir daha sübut edir ki, Vardan Hovanissian və Əmrə Gültəkin “Kor ərəbin mahnısı” əsərindən Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla qeyri-qanuni istifadə etmişlər.

Bu hərəkətlər eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Belçikanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin Vardan Hovanissian və Əmrə Gültəkin tərəfindən pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Belçikanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Bildiririk ki, “Kor ərəbin mahnısı”nın musiqisi Fikrət Əmirov tərəfindən 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılmışdır. Həmin tamaşanın premyerası 1956-cı ildə Bakıda, Azərbaycan Dövlət Dram Teatrında olmuşdur.

Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilmişdir, o cümlədən:

- Fikrət Əmirovun 1957-ci ildə çap olunmuş “Kor ərəbin mahnısı”;

- Fikrət Əmirovun 1977-ci ildə çap olunmuş “Mahnı (fortepiano ilə oxumaq üçün)”.

“Kor ərəbin mahnısı” eyni zamanda 1961-ci ildə çəkilmiş “Korun mahnısı” adlı qısametrajlı bədii filmdə Məmmədəli Əliyev tərəfindən səsləndirilmişdir.

Bu mahnı həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova, Rəşid Behbudov, Alim Qasımov və başqaları tərəfindən də ifa edilmiş, maddi daşıyıcılara yazılaraq Yutub səhifələrinə yüklənmişdir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Kor ərəbin mahnısı” əsəri Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilmişdir.

Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir və Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilir.

Yuxarıda göstərilən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Agentlik tərəfindən Vardan Hovanissian və Əmrə Gültəkinə məktub göndərilib, həmçinin Yutub kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin Yutub kanalından çıxarılması xahişi ilə həmin kanalın Administrasiyasına müraciət hazırlanıb.

Reytinq: