Səməd Vurğun Ölüm sevinməsin qoy

yazarlar
6-09-2015, 13:45 11266
Səməd Vurğun Ölüm sevinməsin qoy
Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəçək.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Budur baxır üzümə, baxır sənətkar gözü
Yenə gülür, danışır, nəfəs alır Üzeyir.
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsindən qanad açır min şeir.

O sabahda bizimlə addımlayır yanaşı
Koroğludan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı
Şöhrət tapdı adınla bizim ana yurdumuz

Mən bu kiçik şeirimi yazıram göz yaşımla
Çünki vidalaşıram öz ürək sirdaşımla!