"Unudulmuş" yazıçıdan unudulmayacaq sözlər - FOTO

medeniyyet
12-08-2015, 13:33 1193
"Unudulmuş" yazıçıdan unudulmayacaq sözlər - FOTO Ələviyyə xanım haqqında yazmaq, danışmaq çox məsuliyyətli və onu şəxsən görüb, həmsöhbət olduğum üçün fəxr ediləsidir.
İlk olaraq bu ismi anamın evimizdəki kitabxanasında gördüyüm, çox təəssüf ki, adını xatırlamadığım kitabdan oxumuşdum və yazıçısının Ələviyyə adı qonşumuzla adaş olduğu üçün yaddaşıma həkk olundu.
Uzun illər sonra, bayaq da qeyd etdiyim kimi, internetdə mədəniyyət xəbərlərini oxuyarkən, 90 yaşlı qadın yazıçımız haqqında yazı gördüm və bir anlığa beynimdə bütün tanıdığım qadın yazıçıları yadıma saldım və əksərinin vəfat etdiyini də bildiyim üçün tez materialı açıb oxudum. Düzünü desəm, mən bu yazını oxuyanda artıq məlumatın yerləşdirilməsindən aylar ötmüşdü. Oxudum, mənim xalq yazıçısı olduğunu düşündüyüm xanım yazıçımız, sən demə, sadəcə əməkdar mədəniyyət işçisi fəxri adı ilə ömrünün 91-ci ilini yaşayırmış. Çox təsiredici bir müsahibə idi. Onun haqqında ola biləcək digər materiallarla internetdə maraqlanmağa başladım. Təəssüf ki, elə də maraqlı bir şey tapmadım. Amma bir müsahibə mənə bəs etdi ki, o xanım haqqında bilgilənim və onunla canlı münasibət qurub, müasiri olduğum, tarix yazan bir yazıçı ilə üzbəsurət oturmağa can atım. Beləcə Azərbaycan Yazıçılar Birliyindən ev telefonunu aldım. Evlərinə zəng edib, köməkçisi ilə danışıb, görüş vaxtı təyin etdim. Öncədən köməkçisi onun görüş zamanı çox danışa bilməyəcəyini dedi. Sadəcə heç nə deməsəydi belə, onu canlı görmək mənə bəs edərmiş kimi düşünürdüm.

Təyin olunmuş zamanda Ələviyyə xanımın yaşadığı binanın qarşısında duranda qeyri-adi bir hiss yaşayırdım. Bəlkə də, heç bir görüşə elə bir həyəcanla, elə bir həvəslə getməmişdim. Çox zaman dostlarım belə məni bu cür xasiyyətimə görə qınayırlar ki, camaat sən yaşda kef edir, cavan qızlarla görüşür, əylənir, sən isə qoca nənələrlə, babalarla görüşürsən və bu görüşlərdən də zövq alırsan. Bəli, zövq alıram! Hətta deyərdim ki, bu zövqlə, bu görüşlərlə, bu yaşam tərzim ilə yaşayıram. Nə isə, binanın qarşısında bir az dayandım və içəri keçdim. İkinci mərtəbəyə qalxdım, köməkçisi məni qapıda qarşıladı. Evinə girən zaman yazıçı evində olduğumu hiss etməyə bilməzdim. Ələviyyə xanımın olduğu otağa keçənə qədər dəhliz, qonaq otağı - hər tərəf divar boyunca rəflərlə, həmin rəflər isə saysız-hesabsız kitablarla dolu idi... Kitablar və dahi yazıçı...
Və həyatımın unudulmaz anlarından olan tarixi bir hadisə - qısa, ağ saçlı, olduqca nurlu simalı, çox kübar, əsl azərbaycanlı, xanım-xatın və qeyri-adi adlandıra biləcəyimiz bir yazıçı ilə üzbəüz idim...
Məni olduqca səmimi qarşıladı.
- Salam. Xoş gəlmisən. Mənim gənclərimizə böyük ümidlərim var. (əl verib görüşdük) Necəsiz, necə gəldiz?
- Şükür, çox yaxşıyam. Siz yaxşı olun.
- Deyin görüm jurnalistsiz?

- Xeyr.

- Yazıçısız?

- Xeyr.

- Bəs kimsiz?
- Sadəcə sizin kimi insanlarla əlaqə yaratmağı sevən biriyəm və sizinlə ünsiyyət mənə çox xoşdur.
- Hə... Bəs özün nə işin sahibisən?
- Kolleksiya toplayıram.
- Çox çətin işdir. Nə üçün toplayırsan?
- Həm marağım var, həm də gələcəkdə bir muzey təşkil etməyi də düşünürəm.
- Belə de. Deməli, vətənpərəstsən. Əhsən. Gəncliyimiz ölməyib (gözləri doldu). (Bir az sükutdan sonra) Bəlkə, məni də qoyasan ora? Nadir tapıntıyam (hər ikimiz güldük). Mən çox fəxr etdim səninlə üzbəüz oturmağıma. 91 yaşı, bəlkə, Allah mənə qismət edib ki, səni də tanımış olum, səninlə də dostluq edim (gülümsəyir).
QEYD: Onu da qeyd edim ki, səlist və olduqca gümrah söhbətə başlaması Ələviyyə xanımın köməkçisini də təəccübləndirmişdi.
- Özün necə, yazırsan? Bacarırsanmı yazmağı?
- Ara-sıra yazıram. Böyük də çıxmasın, iki kitabım var. Bu kitabı da sizə hədiyyə gətirmişəm.
- Nədən yazırsan? Məqalələrin var?
- 4-5 məqaləm var. "Anaya məktub", "Laylasını eşitmədiyim anama" və başqaları.

- "Anaya məktub" nədən bəhs edir?
- Atılmış, fiziki qüsurlu uşağın tanımadığı bir insana üzünü görmədiyi anasına ünvanladığı məktubu verməsindən.
- (Ələviyyə xanım çox təsirləndi, əlini üzünə tutub kövrəldi) Sən bu məqalənin adı ilə məni özünə cəlb etdin, süjet xətti ilə kövrəltdin. Lənət olsun elə anaya. Neçə səhifədir?
- Bir səhifə yarım.
- Bu mövzudan böyük bir əsər yazmaq olar. (əlini üzündən çəkib əlimin üstünə qoydu) Bəs bu kitab nədən bəhs edir?

- Bu lüətdir. Bakılıların danışıqlarında işlədilən, sırf bakılılara məxsus sözlərin etnoqrafik dialektoloji lüğəti.
- Özün yazmısan?
- Bəli, tək. Altı ilə.
- Mən səni sevdim. Sənin böyük gələcəyinin olduğunu görürəm. Yaz. Heç kimə qulaq asma, yaz! Ürəyin nəyi deyirsə, nədən istəyirsə, onu da yaz. O yazdıqların, o uşaqların səni yaşadacaq. Mənim də əsərlərim məni yaşadır, yaşadacaq da. Öz ailəm belə razı deyildi yazmağıma. Amma mənim həyat yoldaşım mənə hər zaman dəstək olurdu. "Sən yazmaq, yaratmaq üçün doğulmusan, Ələviyyə!" - deyərdi. Hər zaman da mənim ilk tənqidçim və oxucularımdan olardı. Milliyyətcə yəhudi idi. Bəlkə də başqasına ərə getsəydim, mən yazıçı olmazdım...

(bir az xəyala daldı, çay içdik, heç bir sual vermədən söhbətə özü davam etdi. Həmin sükut anları min söhbətə dəyərdi, vallah!)

- Sən də mərdəkanlısan? Bakılılar mərd olurlar. Elə bax mənə. Həmişə sözün düzünü demişəm. Ona görə də mənə qarşı əksəriyyətinin münasibətləri elə də yaxşı deyil. Həmişə gənclərin də çatışmayan tərəflərini, səhvlərini üzlərinə demişəm. Buna görə Bəxtiyar Vahabzadə hər yerdə deyərdi ki, Ələviyyə kişi kimi bir qadındır. (Səid adlı bir dostum da bizim görüşümüzə qatıldı və Səidi də Ələviyyə xanıma təqdim etdim. P.S. Səid Ağayev yaxın saydığım dostlarımdan biridir. Güləşçidir. Çox səmimi və maraqlı bir insandır.)
- Mərdəkandan da çoxlu tanınmış insanlar çıxıb. Elə Qılman İlkin, Maral Rəhmanzadə...
- (fikrimi tamamlamamış) Qılman aramızdan tez getdi. Onun kimi insanlar gərək əbədi yaşasınlar. Sən onu da tanıyırdın?
- Əlbəttə. İki il dostluq etdik. Ömrü vəfa etmədi, 97 yaşında vəfat etdi. Maral xanımla görüşə bilmədim...
- Maşallah. (Bir az mənə baxdıqdan sonra) Maral çox gözəl qadın idi. Çox gözəl. Başdan-ayağa o xanım azərbaycanlı idi. Dostum idi. Rəhmətə gedəndə o qədər ağlamışam ki...

- Sizin qardaşınız da xalq rəssamıdır. Rasim Babayev. Tofiq Ağababayevin dostudur (Tofiq Ağababayev - Bakının ilk baş rəssamı olub, xalq rəssamıdır. Onunla da mənim dostluğum var. Rasim Babayevin necə bir rəssam olduğunu ilk dəfə Tofiq müəllimin danışıqlarından bilirdim. 2007-ci ildə Rasim Babayevin vəfat etməsinə baxmayaraq, Ələviyyə xanım onun hələ də xaricdə yaşadığını düşünür...)
- O, təkcə Tofiqin yox, bütün dünyanın dostudur. Uzun illərdir xaricdədir. Buraxmırlar gəlsin vətənə. Çox darıxmışam qardaşım üçün. Burnumun ucu göynəyir. Ömrümə də az qalıb. Heç bilmirəm, görə biləcəyəmmi onu?!

- Darıxmayın.
- (gözləri dolur, əli ilə divardakı tablonu göstərir) bax bu İçərişəhərin təsviri olan əsər onundur. Mənə hədiyyə edib. Gözümün qabağındadır, hər gün ona baxıb qardaşımı yadıma salıram.
- Bəlkə, mən gedim?
- Tələsdiyin yer var?
- Xeyr, sizə görə. Çox narahat etməyim.

- Məni narahat edirsən? Bilirsən, mənə nə qədər xoşdur sizinlə ünsiyyət saxlamaq? Sizin kimi gəncləri görürəm, ürəyim dağa dönür. Yaşayın! Yaradın! Ürəyinizə qulaq asın. Ağlınızla addım atın. Heç kimdən çəkinməyin. Sözünüz varsa, üzə deyin. Arxada danışmaqla heç nə olmaz. Qiymətdən düşərsən. İnsanlığını itirərsən. Buna görə məni yazıçılarımız, xüsusən də kişilər öz bacıları kimi qoruyurdular. Bir dəfə Süleyman Rəhimov dedi ki, "Ələviyyə kişi doğulmalıymış, Allah səhv edib onu qadın yaradıb". Bəxtiyar... Bəxtiyar çox millətpərəst idi, ən yaxın dostum idi mənim. O, özgə millətə ərə getmiş azərbaycanlıları sevməzdi. Amma həm mənimlə, həm də Qrişayla çox yaxın dost idi. Hətta Anar məndən ona şikayət edəndə o, "Ələviyyədə olan cəsərat, mərdlik bizim heç birimizdə yoxdur!" - deyib.

- Siz Banin Əsədullayevanı da tanımış olarsız. Onun və sizin olduqca oxşar fikirləriniz var ki, xəyala dalmağı, xəyallarla yaşamağı, irreal aləmi sevirsiz!? Siz Bakıda, o isə Parisdə.
- Bəli, Banin xanımı tanıyıram. Əslən o da bakılıdır. Milyonçular nəvəsidir. Xəyalı ona görə sevirik ki, xəyalı sən qurduğun an istədiyin kimi yaşaya bilirsən. O da sənin iç dünyandır axı. Banin xanım çox gözəl yazıçı idi, çox gözəl. Allah rəhmət eləsin" Allah sizə də özü yar olsun, özü kömək olsun ki, bizim hörmətimizi saxlayırsız.

- Ələviyyə xanım, yazmaq istərdiz yenə? Hansısa mövzunuz varmı ki, onu qələmə almaq istəyirsiz? Və ya hansısa hazır əlyazmanız varmi ki, kitab şəklində çap olunmağını istərdiz?
- Mən istədiyim hər mövzuya toxunmuşam, yazmışam. Artıq qocayam. Yaza bilmirəm. Yazdıqlarım, məncə, bəs edər. Ancaq bir əlyazmam var. Çapa tam hazırdır. Onu da vəsiyyət etmişəm ki, mən vəfat edəndən sonra çap etsinlər. Nə qədər ki sağam, lazım deyil. 63 kitabım bəs edər.
- Sonda istərdim sizin də, mənim də dədə-baba yurdumuz olan Mərdəkan haqqında bir fikir söyləyəsiz və sizinlə xatirə şəkli çəkdirmək istərdik, razılığınızla.
- Buyurun. Mərdəkanlıyam ,bununla, əlbəttə ki, fəxr edirəm. Xaricdə iranlı yazıçı kimi təqdim olunsam da, mən azərbaycanlıyam, mərd bakılıyam, mərdəkanlıyam.
- Ələviyyə xanım, biz daha gedək. Bəlkə, bir sözünüz, istəyiniz olar bizdən?
- Buyur. Sadəcə onu demək istərdim ki, Bütün Azərbaycan bizim ən yaxın dostumuz, ən yaxın doğma torpağımız, elimizdir. Biz nə qədər sağıq, bu yerlərin hesabına sağ olacağıq. Allah özü kömək eləsin vətənini, xalqını sevən bütün insanlara... Çox sağ olun ki, gəldiniz. Çox şad oldum. Sağ ol, əziz dostum Səyavuş. (üzünü Səidə tutaraq) Dostumun dostu mənim də dostumdur. Çox sağ ol, gözəl oğlan...
Beləcə, unudulmaz bir görüşdən ayrılmaq istəməsəm də, ayrılmalı və bu görüşü tarixə yazmalı oldum. Yazdım da! Köməkçisi Həmayıl xanım bizi yola salanda onu da dedi ki, Ələviyyə xanım son illər gələn jurnalistlərlə və ya başqa qonaqlarla bu qədər səmimi və çox danışmamışdı. Səninlə çox danışmağı məni təəccübləndirdi...
Bu ilk görüş idi... Son görüşüm də olduqca maraqlı söhbətlərlə dolu oldu. Həmin son görüş ötən ilin avqust ayında oldu. Hətta ayrılanda iki dəfə görüşdü. İkinci dəfə görüşəndə: "Gəl səni bir də öpüm. Ola bilsin, bu bizim sonuncu görüşümüz oldu. Amma məni yaddan çıxarma. Heç kimə qulaq asma! Özün nəyi düz bilirsənsə, onu da et..." - dedi və məni bərk-bərk qucaqladı...
Ondan sonra 2-3 dəfə mən Ələviyyə xanım ilə görüşmək istədim. Hər dəfə də bir iş çıxırdı. Axırıncı dəfə elə avqust ayında zəngləşdik. Əhvalı həmişəki kimi idi. Sağlamlığından şikayət edirdi: "Deyəsən, Allah məni yadından çıxarıb".
23 sentyabr... Səhər 10 radələrində köməkçisi Həmayıl xanım mənə zəng elədi. Telefonda ağladığını bilib hər şeyi anladım... Ələviyyə xanım səhər saatlarında dünyasını dəyişmişdi.
Evinə gəldim. Ən yaxın qohumlarından başqa, kimsə yox idi. Bütün mətbuata da mən xəbər verdim. Hətta təəssüblənirdilər ki, "Ələviyyə xanım sağ idi!?" Bəli, onun varlığından, sağlığından belə xəbərləri yox idi. Zamanında Azərbaycanın ən məşhur xanım yazıçılarından biri hansısa yazar kütləsinin təkidi, təqibi ilə gözdən kənarda qalmışdı. Maraqlısı da odur ki, Ələviyyə xanımı qadın yazıçıların deyil, kişi yazıçıların gözü götürmürdü. Hətta vəfat edəndə də Yazıçılar Birliyindən Fikrət Qoca, İlqar Fəhmi və digər 1-2 insan gəlmişdi.
Özünün vəsiyyətinə əsasən, həyat yoldaşının yanında dəfn edildi. Yaşasaydı, bu gün 94 yaşı tamam olacaqdı...
ALLAH RƏHMƏT ELƏSİN!