İKEDA DAYSAKUNUN KULTUROLOJİ FİKİRLƏRİNDƏ ŞƏRQ VƏ QƏRB MƏDƏNİ DƏYƏRLƏRİN HARMONİYASI İDEYASINA ƏSASLANAN QLOBALLAŞMA SSENARİSİ
Yeganə Əliyeva
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Az-1065, Bakı, İnşaatçılar prospekti 39
E-mail: eqana-aliyeva@yandex.ru
İKEDA DAYSAKUNUN KULTUROLOJİ FİKİRLƏRİNDƏ ŞƏRQ VƏ QƏRB MƏDƏNİ
DƏYƏRLƏRİN HARMONİYASI İDEYASINA ƏSASLANAN QLOBALLAŞMA SSENARİSİ
Xülasə: Məqalədə müasir dövr yapon humanist filosofu İkeda Daysakunun kulturoloji baxışları Şərq və Qərb mədəni dəyərlərinin sintezi ideyası kontekstində araşdırılır. Məlumdur ki, Yaponiya yüksək inkişaf etmiş bir ölkə kimi qloballaşmanın cağırışlarına cavab olaraq dünyaya öz təcrübəsinə arxalanan ən uğurlu inkişaf modelini təqdim etmək zərurətindədir. Qloballaşma proseslərinə qatılamağın özünəməxsus yollarını, hətta dəyərlərin harmoniyasına əsaslanan qloballaşma ssenarisini təklif edən yapon intellektualları içərisində ictimai xadim İkeda Daysakunun fikirləri diqqəti cəlb edir. İkeda Daysaku Şərqlə Qərbin arasında ideyalar dialoqunu reallaşdıran insanlardan biridir.
Açar sözlər: Yaponiya, kulturoloji ideya, İkeda Daysaku, universal dəyərlər, qloballaşma.
Müasir cəmiyyətin mənəvi və maddi mədəniyyətinin bütün sferalarının əsasını, özünəməxsus qanunları ilə inkişaf edən texnika və texnologiya təşkil edir. Texnika insanların həyat səviyyəsini gözə çarpan dərəcədə dəfələrlə yüksəltsə də, digər tərəfdən elektron kütləvi informasiya vasitələrinin təsiri nəticəsində insanlarda kütləvi mədəniyyətə xarakterik olan unifikasiya edilmiş dünyagörüşün formalaşmasına səbəb olur. Bu halda şəxsiyyətin nivelirləşməsi və ya məhvi kimi fəsadlı nəticələr qacılmazdır. Müasir dünyada yüksək texnologiyalar və elmi nailiyyətlər cəmiyyətin iqdisadi, siyasi,sosial və mənəvi həyatına bir başa təsir edir.
Texnogen sivilizasiyanın dayaq əsasları daim dəyişən cəmiyyət kimi xarakterizə edilə bilər. Bu səbəbdən texnogen sivilizasiyaya məxsus mədəniyyətdə yeni nümunələrin, ideyaların, nəzəriyyələrin daimi generasiyası dəstəklənir və yüksək dəyərləndirilir. Texnogen cəmiyyətlərin mədəniyyətində hər zaman dominant dəyərlərə alternativ olan ideya və dəyər istiqamətlərinə rast gəlmək olar. Texnogen mədəniyyətin dəyərləri insan fəallığının tamamilə yeni fərqli inkişaf xəttini təyin edir. Məlumdur ki, insan həyatının əsas təyinatı onun dəyişdirici fəaliyyəti hesab olunur. İnsanın təbiətə fəal dəyişdirici münasibəti tədricən sosial münasibətlər sferasına da sirayyət edir. Texnogen mədəniyyətdə sosial münasibətlər sosial obyektlərin məqsədyönlü dəyişdirilməsi ilə xarakterizə olunur.
Bir sözlə, elmi-texniki tərəqqi qlobal xarakterli hadisələrin yaranmasına səbəb oldu. Müasir elmi ədəbiyyatda həmin qlobal dəyişikliklərin neqativ fəsadlarının alarmist nöqteyi-nəzərdən təhlilinə geniş yer verilir. Ekologiya, nüvə enerjisindən istifadə, canlıların klonlaşdırılması və ya transgen ərzaq məhsullarının istehsalı kimi biotexnoloji qlobal problemlər təkcə elm və texnika sahəsini deyil, həmçinin bütövlükdə mədəniyyəti əhatə edən məsələlərdi.
Bu gün cəmiyyət XXI əsr – “elm və texnika əsridir” tezisi ilə birmənalı olaraq razılaşıb. Texnogen mədəniyyət hiss olunan dərəcədə insan həyatına, onun varlığına ciddi təsir göstərir. Digər tərəfdən razılaşmaq olar ki, bütün bu dəyişikliklər həmçinin də mənəvi mədəniyyətin inkişafını stimullaşdırır, başqa sözlə ona yeni inkişaf impulsu verir.
XX əsrin 90-ci illərindən başlayaraq ictimai həyatın bütün sferalarında qlobal islahatların “üçüncü dalğasını” yaşayan Yaponiya qloballaşmanın çağırışlarına özünəməxsus cavab vermək dilleması ilə üzləşib. Qərb dəyərlərini mənimsəməyə meyilli olan Yaponiya sürətli islahatların 3 əsas “beynəlmilliləşmə” dövrü yaşamışdır.
Yaxın zamanlaradək Yaponiya “catch-up growth” inkişaf modelini, yəni inkişafda olan ölkələrə çatmaq siyasətini əsas tutaraq inkişaf edirdi. Bu model Qərbin mövcud qabaqcıl texnologiyalara və səmərəliliklərini təsdiq etmiş iqtisadi institutların təcrübəsinə əsaslanaraq inkişafı nəzərdə tuturdu. Hazırda isə Yaponiya yüksək inkişaf etmiş bir ölkə kimi dünyaya öz təcrübəsinə arxalanan ən uğurlu inkişaf modelini təqdim etmək zərurətindədir. Bu gün qloballaşma şəraitində belə Yaponiya Qərb təcrübəsindən nəyi mənimsəmək və ya nəyi inkişaf etdirmək seçimində müstəqil qərar vermək hüququnu qorumaqdadır.
Hazırda Yaponiyada qloballaşmanın çağırışlarına cavab 4 əsas istiqamət üzrə reallaşır:
1. Yaponiyanın özünüidentifikasiyası. “Milli ideya”nın transformasiyası. “Milli ideya”nın “Yaponiya brendi” anlayışına çevrilməsi. “Yaponiya brendi” anlayışının formalaşması.
2. Yaponiyanın dünya miqyasında öz yeni və müasir imicinin modelləşdirilməsi.
3. Yaponiyada dini tolerantlığın qorunması. Ölkədə İslamın yayılması. Dil aspektində qloballaşmanın reallaşması (ingilis dilinin – lingua fransa statusu alması).
4. Yaponiyanın kütləvi mədəniyyətin qlobal mərkəzinə çevrilməsi.
Müasir yapon intellektualları “Qərb və Şərq dəyərlərinin qarşıdurmasına deyil, məhz onların sintezinə və ümumbəşəri dəyərlərin formalaşmasına nail olmağa” (1) çalışırlar. Bir məsələyə aydınlıq gətirək. İstər yapon elmi dairələri istərsə də yapon biznes elitası “universal dəyərlər” dedikdə heçdə amerikan dəyərlərini nəzərdə tutmurlar. Yapon intellektualları bazar iqtisadiyyatı sisteminin inkişafı fonunda informasiya texnologiyaları sahəsində baş verən inqilabi dəyişiklikləri və digər transformasiyaları qloballaşma şəraitində millətlərin yaşamaq uğrunda kəskin mübarizəyə qalxmasının əsas səbəbi hesab edirdi. Bu durumda yaponlar öz ölkələrinin qloballaşma zəncirinin son bəndinə çevrilməsindən qorxurlar. Yaponlar etiraf edirlər ki,yaranan durumda Yaponiyanın qloballaşmaya dair milli strategiyaları hələ də hazır deyildir. Mövcud şəraitdə yaponlar beynəlxalq standartlara, ən azından isə digər ölkələrdə işlənilən standartlara müraciət edirlər. Bu gün Yaponiya qarşısında bütün dünya ictimaiyyəti tərəfindən qloballaşmaya istiqamət götürmüş bir dövlət kimi tanıdan transformasiya strategiyasının işlənilməsi məsələsi durur. Yapon vətəndaşlarının istedadlı, kosmopolitik, qlobal dəyərlərə sahib olan bir icmaya çevrilməsi məsələsi prioritet məqsədlər sırasındadır. Yapon biznes-elitası bu gün qloballaşmanın mövcud vesternləşmə, fraqmeqrasiya, lokalizasiya və qlokalizasiya adlandırılan dörd ssenarisindən qlokalizasiyaya üstünlük verir. Qlokalizasiya –mədəniyyətlərin qarşılıqlı zənginləşməsi fonunda baş tutan lokal mədəniyyətlərin modernizasiyasının formalaşan qlobal multikultural sivilizasiyanın nailiyyətlərilə sintezidir.
Beləliklə, XX əsrin sonlarında təşəkkül tapan və universal dəyərlərə söykənən Yaponiyanın rəsmi qloballaşma layihəsi güclü reallaşma mexanizmlərinə malik olan amerikan qloballaşma layihəsinə bir cavab kimi dəyərləndirilə bilər. Lakin Yaponiyanın qlobal standartların və universal dəyərlərin bərqərar olmasına tərəfdar olan həmin rəsmi layihə ilə yapon cəmiyyəti razılaşmır. Rəsmi layihənin opponentləri yapon iqtisadiyyatının innovativ islahatlarının zəruriliyini qəbul etsələrdə, mədəni müxtəlifliyin qorunması məsələsini vacib şərt hesab edirlər. Sosial inkişafın müxtəlif modellər üzrə reallaşmasını üstün tuturlar. Bu zaman qloballaşmanın təzyiqlərinə davam gətirə biləcək lokal və regional icmaların mədəni dəyərlərinin qorunmasına üstünlük verilir.
Yapon alim və ictimai xadimləri neoliberal layihədə yer alan qlobal standartlara, xüsusilə də qloballaşmanın mədəni dəyərlərin universallaşdırılması kimi fikirlərə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, mədəni dəyərlərin, ilk növbədə isə Qərb dəyərlərinin universallaşdırılması iri sosial qrupları,o cümlədən xalqları belə qlobal icmadan təcrid edə bilər. Neoliberal layihənin digər fəsadi isə Yaponiyanın sosial cəhətdən münbit dövlət kimi tanınmasına zərbə vura biləcəyi təhlükəsidir. Yapon politoloqu Yosixara Kumio sübut etməyə çalışır ki, Yaponiya amerikanın təklif etdiyi dinamik iqtisadiyyata söykənən, lakin sosial fəsadlarla nəticələnən qloballaşma modelinə alternativ model təklif etmək iqtidarındadır. Yosixara Kumio inadla təsdiqləyir: “Yaponiya Asiya və digər inkişaf etməkdə olan dünya ölkələrinə sosial inkişafın böhransız,mənfi fəsadlarsız etibarlı iqtisadi inkişaf modelini təqdim edir”. (1)
Bu gün Yaponiyanın düşünən elitası universal standartlar və mədəni relyativizm arasında müəyyən bir tarazlığın tapılmasına cəhd edir. Beynəlxalq standartların əslində Qərb dünyasının diktə etdiyi qaydalar olduğunu iddia edərək onlar bu gün bir çox milli dövlətlərin Qərb qaydalarının qloballaşma standartları kimi qəbul etməsini vurğulayırlar. Eyni zamanda, yapon intellektuallarının əksəriyyəti bunu qaçılmaz bir hal, hətta müasir kommunikasiyanın əsası olduğunu da etiraf edirlər. Qərb intellektual elitasının etnosentrizmi və ya avropasentrik yanaşması diskriminasıyaya səbəb olur. Bu mənfi fəsadların aradan qaldırılmasının yolu etnosentrizmi və mədəni relyativizmi dəf edə biləcək fərqli qlobal qayda və standartların işlənilməsində durur. Bu gün yapon cəmiyyəti fərqli mədəni cəhətləri qoruya biləcək və hamı üçün uyğun ola biləcək ümumi standartların işlənilməsini zəruri hesab edir. (2)
Yaponiya qarşısında duran qlobal məqsədlər sırasında “va” – harmoniya ruhunu və “kyosey” birgəyaşayışa hörmətlə yanaşma prinsiplərini bəşəriyyətə yaymaqdır. 2004-cü ildə Yaponiyada Mədəniyyət Diplomatiyası üzrə Məsləhət Şurasının təlimatlarında qeyd olunur ki, “İnsanlarla sülh içində birgəyaşam və təbiətlə harmoniya – yapon fəlsəfəsinin əsası və həyat tərzidir...” Məsləhət Şurası həmin dəyərləri yapon xalqının “milli mənəvi irs” statusu dərəcəsinə qaldıraraq onların qorunmasını və təbliğini gündəmdə olan məsələ hesab edir.(3,58)
Qloballaşma proseslərinə qatılamağın özünəməxsus yollarını, hətta dəyərlərin harmoniyasına əsaslanan qloballaşma ssenarisini təklif edən yapon intellektualları içərisində ictimai xadim İkeda Daysakunun fikirləri diqqəti cəlb edir. Bu gün İkeda Daysaku bütün dünyada dünyəvi buddist cəmiyyətinin rəhbəri, filosof, mütəfəkkir, şair və fotorəssam kimi tanınır. İkeda Daysaku Şərqlə Qərbin arasında ideyalar dialoqunu reallaşdıran insanlardan biridir. Hətta yaradıcılığında müasir dövrdə çox nadir hallarda rast gəlinən dialoqlar janrına müraciət etməsi buna sübutdur. İkinci dünya müharibəsinin dəhşətlərini görən İkeda Daysaku (1928- ) hələ uşaq yaşlarından keçirdiyi mənəvi sarsıntıdan xilas yolunu intuitiv olaraq Qərb dünyasına mənsub olan Höte, Uitmen və Tolstoyun əsərlərini mütaliə edərkən zamanın qanunlarına tabe olmayan universal dəyərlərdə görürdü. 1960-ci ildən “Soka Qakkay” sülh,mədəniyyət və təhsil cəmiyyətinə rəhbərlik edən İ.Daysaku təşkilatın əsas məqsədini dünyada sülhün bərqərar olması naminə siyasətçilər, alimlər və mədəniyyət xadimlərilə dialoq vasitəsilə insanlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması təşkil edir. Təşkilatın prezidenti olduğu gündən İkeda Daysaku neyinki Asiya regionunda, ümumiyyətlə dünyada “Soka Qakkay”ın nüfuzunu yaymağa çalışır. O, tez-tez dünya şöhrətli yazıçılar,aktyorlar,siyasətçilər və alimlərlə görüşür. Yaponiyada və bütün dünyada bu kimi fəallıq təşkilatın dini fundamentalist imicininin buttist, humanist və sülh uğrunda mübarizəyə qalxan təşkilat kimi dəyişməsinə yönəlməsi təəsüratını yaratmışdır. Digər dini təşkilatlar kimi “Soka Qakkay” sülh, mədəniyyət və təhsil cəmiyyəti nitiren ənənəsini qorumağa çalışır. Təşkilatın rəhbərliyi özünü dünyanı dəyişdirilməsini özünə məqsəd qoyan “sivil adi insanların hərəkatı” kimi təqdim edir. Bu məqsədə nail olmanın əsas vasitəsi hələ cəmiyyətin əsasını qoyan Djosey Tod tərəfindən elan olunan “insan inqilabı” (ninqen kakumey) olmalıdır. “İnsan inqilabının” əsas ideyasına görə, insan gərək öz psixoloji ustanovkalarını dəyişdirməli və cəmiyyəti,o cümlədən dünyanı yaxşılığa doğru dəyişdirə biləcək həyat tərzi sürməlidir. “İnsan inqilabı” ideyası müəyyən mənada ənənəvi buddizmdə inkişaf tapmış dirçəliş konsepsiyası ilə səsləşir.
Fudzi İnstitunun məzunu olan Daysaku müasirliyin aktual problemlərinə dair geniş auditoriyalar qarşısında çıxışlar edir. Daysaku unikal təhsil sisteminin müəllifi, “Min -On” konsert təşkilatının, Şərq Fəlsəfə İnstitutunun, Djosey Tod adına Sülh məsələlərinə dair Beynəlxalq Tədqiqat Mərkəzinin, XXI əsr problemləri Boston Tədqiqat Mərkəzinin yaradıcısıdır. 1973 və 1983-cü illərdə otuz minlik klassik və müasir Şərq və Qərb müəlliflərinə mənsub olan eksponatlardan ibarət “Fudzi” Bədii Muzeylərini təsisçisidir.
İkeda Daysaku 1600 yaxın müxtəlif siyasətçilər,din adamları, alim, yazıçı və incəsənət xadimlərilə dialoq və ya söhbətlər aparmışdır. Onun kitabları dünyanın 30 müxtəlif dillərinə tərcümə edilmişdir. İ.Daysakunun ən şöhrətli ədəbi əsəri 12 cilddən ibarət “İnsan qəlbində inqilab” kitabıdır. Bundan başqa, ingilis tarixçısı Arnold Toynbi ilə “Həyatı seç”, M.S. Qorbaçov ilə “XX əsrın əxlaq dərsləri”, kosmonavt A.A.Serebrovla “Yer kürəsi, kosmos və insan” və digər dialoq janrında yazılan kitabları onun fəlsəfi-kulturoloji düşüncələrini təhlil etməyə imkan verir.
Belə ki, yapon buddist mütəfəkkiri İkeda Daysaku ingilis tarixçisi Arnold Toynbi ilə “Həyatı seç” adlı dialoqlarında yazır, “1868-ci ildən Meydzi restavrasiyasından sonra Yaponiyanın yeni hakimiyyəti ölkənin xarici dünyaya açıqolma kursunu götürdü. Ölkənin Avropa ölkələrinin modeli üzrə intensiv modernizasiyasına başlandı. Ölkənin siyasi həyatında bu cür dəyişikliklər ölkənin mədəni və məişət sferasına təsirsiz ötüşmədi. Avropanın təsiri bu günün özündə də vardır. İkinci dünya müharibəsindən sonra ABŞ təsiri daha da gücləndi. Bu gün Yaponiya artıq Qərb mədəni dəyərlərinin intensiv mənimsəmə dövrünü atlayaraq assimilyasiya və baş verən proseslərə yaradıcı münasibətin bildirilməsinə kəskin ehtiyac duyulan keçid mərhələsindədir”.(4,286)
Müşahidələr göstərir ki, indinin özündə belə yaponlar yaradıcı yanaşma tələb edən situasiyalarda passivlik görsədirlər. Bu da cəmiyyətdə hər bir yeniliyə münasibətdə ənənəviliyin dominant xarakter daşımasındadır. Bu gün Yapon kulturologiyasında ənənə və innovasiyaların harmonik simbiozu fenomenə yeni refleksiyanın nəticəsi olaraq yapon mədəniyyətinin mahiyyətini açan yeni termin gündəmə gəlmişdir – dzasyusey, və ya hibridlik. Parodaksal faktdır: Yaponiyanın ənənəvi sistemində istənilən innovasiya narazılığa səbəb olsa da, yapon cəmiyyəti yüksək hibridləşmə bacarığına sahibdir. Bunun iki səbəbi vardır. Birincisi, yapon ictimai şüuru tarixən kənardan alınan mədəni dəyərlərin effektiv transformasiya və adaptasiya etmək məharətinə genetik səviyyədə malikdir. İkincisi, Yapon ənənəsinin özəlliyi ondadır ki, innovasiyaların mənimsənilməsi prosesi şüurun konseptual yenidənqurulmasını tələb etmir. Yaponiyada heç vaxt köhnənin yeni ilə zorla, məcburi əvəz olunması məsələsi gündəmdə olmamışdır. Tarixən innovasiyalar Yapon mədəniyyətinə assimilyasiya olaraq onu zənginləşdirib, orqanik şəkildə mövcud mədəni ənənəyə uyğunlaşmışdır.
İkeda Daysaku tanınmış avropa kulturoloqu A.Dj.Toynbi ilə məşhur “Həyatı seç” adlı dialoqunda yazır: «Keçmiş zamanlardan yapon xalqı yad mədəniyyət və sivilizasiyarın dəyərlərinin mənimsəmə və assimilyasiyasına böyük istedad göstərmişdir». (4,286) Həqiqətəndə yapon cəmiyyətinin özünütəşkilatlanma səviyyəsi innovasiyaların absorbsiyasına (hərfi mənada cəmiyyət daxilində yad mədəni dəyərlərin həll olunanadək mənimsənilməsi, qarışması prosesi) tam yararlıdır. Bu proses yapon cəmiyyətində identikliyə təsir etmir, əksinə ziddiyyətsiz ənənəvi-innovasion kompleks yaradır. Yapon özünüdərki üçün ənənə və innovasiya arasında müxalif münasibət yoxdur.
Humanist mütəfəkkir İkeda Daysakunu düşündürən əsas məsələlər sırasında “Yaponiya Asiyanın inkişafı üçün necə yararlı ola bilər? Ümumiyyətlə, dünyada sülhün bərqərar olması və bəşər sivilizasiyasının inkişafı üçün hansı töhfəsi ola bilər?” (4,279) suallarına cavabın axtarışı durur. O, Asiya regionunun iqtisadi baxımdan inkişafda olan, həmçinin də elm və mədəniyyətin inkişafı baxımından Qərb ölkələrindən geridə qalmasını etiraf etsə də, Şərqi Asiya xalqlarının buddist dini fəlsəfəsinə arxalanan ənənəsinə dünya ictimaiyyətinin diqqətin artırılmasına cağırış edir. “Müasir gündə buddist fəlsəfi ideyasının böyük təsiri olmasa da, əsrlər boyu o, Şərqi Asiya xalqlarının mənəvi həyatını zənginləşdirərək sülh və əmin-amanlıq şüaları çevrəsində tarixi yaşamını təmin edib. Şərqi-Asiya mədəniyyəti buddist fəlsəfəsinin təsiri altında inkişaf edib, insan və təbiət arasında möhtəşəm ahəngdarlığın təcəssümü olaraq, dünyanın bu hissəsində yaşayan xalqlara güclü yaşamaq eşqi impulsunu verirdi... Din və fəlsəfə, xüsusilə də buddizm vasitəsilə, Şərqi Asiya xalqları dünyaya sülh və sivilizasiyanın inkişafı uğrunda böyük töhfə verməyə imkan verəcəkdir”.(4,279)
Bu suala cavab axtarışında olan İkeda Daysaku böyük inamla vurğulayır ki, müasir dünyada insanların tərəqqidən daha çox stabillik və sülhə daha çox ehtiyacı vardır. O, Yaponiyanın dünyanın gələcəyinə töhfəsini iki amildə görür. “Birincisi, o digər xalqlar kimi müstəqil qurucu fəaliyyətinin nailiyyətlərini təklif edə bilər. İkincisi isə, Yaponiya digər ölkələr üçün öz mədəniyyətindən fərqlənən mədəniyyətlərlə sülh şəraitində birgə harmonik yaşamın nümunəsi ola bilər”. (4,288)
Bu gün Yaponiya dünya ictimaiyyətinin təsəvvüründə formalaşan dini fundamentalizm və ambisiyalı siyasətçi imicini buddist mütəfəkkiri, maarifçi, humanist və sülh uğrunda döyüşən ölkə obrazına dəyişmək iddiasındadır. İkeda Daysakunun 1975-ci ildən rəhbərlik etdiyi və bu günün özündə fəxri prezidenti olan Sokka-qakkay İnterneşnl təşkilatının əsas fəaliyyət istiqaməti də məhz “qloballaşma erasına” uyğun təhsilin inkişafı və yayılması vasitəsilə sülh və əminamanlıq şəraitində birgə yaşama nail olmaqdır. Bu da öz növbəsində mədəniyyətlərin qarşılıqlı əlaqələrini həyata keçirməkdə yardımçı olacaqdır. Təşkilatın tərəfdarları hesab edirlər ki, ideal planetar cəmiyyəti nitiren-buddizm prinsiplərinə söykənən Birləşmiş Millətlər Təşkilatı həyata keçirə bilər. Məhz “insan inqlabı” vasitəsilə materializm və idealizm arasında olan ziddiyyətlər aradan götürüləcək və bəşəriyyəti işıqlı gələcəyə doğru aparan utopik “üçüncü sivilizasiya” yaranacaqdır. Bu zaman Yaponiyanın üzərinə məsuliyyətli rol düşəcəkdir. Qlobal federasiyanın mərkəzinə çevrilən Yaponiya “Yer üzündə cənnətin dayaq nöqtəsinə”, bəşəriyyətin sitayiş mərkəzinə çevriləcəkdir. (5,155) Düzdür, bu gün Sokka-qakkay Interneşnl hərəkatı göstərilən tezisi aktuallaşdırmır. Çünki əsas məqsəd universal ideya və siyasi prinsiplərin işlənilməsidir. Qarşılıqlı anlaşma üzərində qurulan bəşəriyyətin mənəvi birliyinə nail olmaq “neobuddizmin” prioritet fəaliyyət istiqamətidir.
İkeda Daysaku buna nail olmanın yolunu Qərb dünyası ilə qarşılıqlı dialoqda görür. Qərbin tanınmış filosof, sosioloq, yazıçılarının ideyalarına müraciət etməsinin əsas səbəbi təmsil etdiyi hərəkatın dünyagörüş əsaslarını qlobal kontekstdə təqdim etmək iddiasındadır. İkeda Daysaku təliminin tərəfdarları bəşər problemlərinin izahını xristianllığın “apokalipsis arifmetikası”na bənzər “mappo” konsepsiyası çərçivəsində izah edirlər. Onların fikrincə, sülhün qorunması qlobal problem səviyyəsinə qaldırılan dörd prioritet vasitə ilə mümkündür: təhsilin yayılması, sülh içində birgə yaşam, ətraf mühitin qorunması və mədəniyyətlərin qarşılıqlı əlaqəsi.
Yaponlar tarixən müxtəlif dini-mədəni ənənələri mənimsəməyə meyilli olaraq ideyaların sinkretik sistemlərini yaratmağa müvəffəq olmuşdular. Maraqlı faktdır ki, Yaponiyanın bütün neobuddist hərəkatları, o cümlədən İkeda Daysakunun da təbliğ etdiyi ideyalar Asiya mənşəli sintoist və konfusian ənənələrə söykənməklə yanaşı harmonik şəkildə Qərbin dini-fəlsəfi baxışlar sistemini də özündə əks etdirmişdir. Bu da öz növbəsində bəşər sivilizasiyasının qorunması naminə müasir dünyanın mədəniyyətlərarası dialoqa dərin ehtiyacı ilə izah olunur.
Литература:
1. Глобализация: японские интерпретации социокультуных процессов// Журнал «Вопросы философии» // vphil.ru/index.php?option=com_content&task=view&id=52. 13 авг 2009// (дата обращения 12.02.2018)
2. Насибулина А.С.Глобальная биоэтика и устойчивое развитие// Конференция Ломоносова – 2014. https://lomonosov-msu.ru/archive/Lomonosov_2014/2723/2200_73723_6a2453.pdf (дата обращения 21.12.2017)
3. Катасонова Е.Л.. Япония и проблемы «мягкой силы» //Труды Института востоковедения РАН. Вып. 3: Культура и политика: проблемы взаимосвязи / отв. ред. Ю.В. Любимов; составитель С.В. Прожогина – М.: ИВ РАН, 2017. – 344 с., c.56-70
4. Тойнби А.Дж., Икеда Д. Избери жизнь. Диалог Арнольда Дж. Тойнби и Дайсаку Икеды / Перевод с английского Ю.М. Канцура. Сверка и дополнения по изданию на японском языке Экуко Сайто-Бенц. М., Изд-во Моск.Ун-та, 2007, 448 с., стр. 286. [Электронный ресурс]. URL: http:// http://www.klex.ru/n7e (дата обра- щения: 18.09.2017)
5. Смертин Ю.Г.. Японский необуддизм: Сока гаккай в условиях глобализации// Проблемы новистики и исторического славяноведения: памяти С.В. Павловского. Материалы международной научно- практической конференции / Под редакцией Э.Г. Вартаньян, О.В. Матвеева. Краснодар: Изд.- во «Кубанькино», 2010. – с., c.150-158, c.155/ http://old.kubsu.ru/University/departments/FISMO/NOC_and_Labours/Severokavkaz/sbornic_2010.pdf
6. Васильев Л.С. История религий Востока. М., 1988. С. 373.
7. Луцкий А.Л. О некоторых мировоззренческих проблемах современной буддийской литературы Японии. Критический анализ взглядов Дайсаку Икэды // Человек и мир в японской культуре. М., 1985. С. 268.
8. Энциклопедия «Япония от А до Я» // http://www.japantoday. ru. 12. Pereira R. Op. cit. P. 8.
9. Светлана Просенкова. Поэзия Вечности в ускользающей красоте // Журнал "Человек без границ" / http://www.manwb.ru/articles/persons/EarstPeople/daisaku_ikeda/
Егана Алиева
Сценарий глобализации в культурологических взглядах Икеда Дайсаку, основанных на идее гармонии культурных ценностей Востока и Запада
Резюме
В данной статье исследуются культурологические взгляды японского мыслителя Икеды Дайсаку, основанные на синтез культурных ценностей Востока и Запада. Среди многочисленных японских интеллектуалов, которые предлагают своеобразные пути решения глобальных проблем и различные сценарии глобализации, основанные на синтезе культурных ценностей, стоит обратить особое внимание идеям общественного деятеля И. Дайсаку.
Ключевые слова: Япония, Восток и Запад, культурологическая идея, Икеда Дайсаку, универсальные ценности, глобализация.
Egana Aliyeva
Scenario of globalization, based on the idea of harmony of cultural values of the East and West in the cultural concept of Ikeda Daisaku
Summary
This article explores the cultural views of our contemporary, Japanese thinker of humanistic philosophy in the context of an idea based on the synthesis of cultural values of the East and West. The author points out that Japan, as the most developed country in the East, including, despite the processes of global globalization, is ready to offer this planet the latest development model. Among the numerous Japanese intellectuals who describe the unique ways of solving the world problem and propose in this direction all the different scenarios of globalization based on the harmony of cultural traditions, nevertheless, special attention should be paid to the idea of public figure I. Daisak. The author of this scientific article gives valid examples to the fact that Ikeda Daisaku is the connecting brain of the world society, which skillfully embodies the ideological dialogues between East and West.
Keywords: Japan, East and West, culturological idea, Ikeda Daisaku, universal values, globalization.