AZƏRBAYCANDA QARIŞIQ NİKAHLAR TOLERANTLIQ KONTEKSTİNDƏ
İnsanların gündəlik həyatlarının bir hissəsinə çevrilən mədəniyyətlərarası qarşılıqlı münasibətlər hazırda xalqların, dillərin və mədəniyyətlərin qarışması ilə geniş vüsət alan bir prosesdir. Bu prosesin baş verməsi ilə insanlarda “öz” və “yad” mədəniyyətlərə qarşı dözümlülük, hörmət və anlayış hisslərinin tərbiyəsi məsələsi də ön plana çəkilir. Bildiyimiz kimi, multikulturalizm – müxtəlif mədəniyyətlərin öz xüsusiyyətlərini, ənənələrini, adətlərini qoruyub saxlamaq şərti ilə vahid məkanda muxtar şəkildə yan-yana yaşamasıdır. Ölkə Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. [5] Dünyanın qabaqcıl siyasətçiləri Avropa məkanında multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğu bir vaxtda Azərbaycanda bu siyasətin uğurla həyata keçirilməsi faktını qəbul və təqdir edirlər. İsrailin Beynəlxalq münasibətlər üzrə eksperti Arye Qut 2014-cü ildə IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində I Virtual Dəyirmi masada çıxışı zamanı: “Azərbaycan üçün tolerantlıq və multikulturalizm həyat tərzidir. Bu, Azərbaycanı mənəvi-əxlaqi potensialı dünya tərəfindən etiraf edilən çoxmillətli və çoxdinli ölkəyə çevirmişdir. Azərbaycanda heç vaxt antisemitizm olmamışdır. Azərbaycan sivilizasiyalararası dialoqun əsl nümunəsidir...” fikirlərini səsləndirmişdir. [2]
Multikultural cəmiyyətdə birgəyaşayış üçün insanların maarifləndirilməsinə, yeni təhsil və tərbiyə metodlarına ehtiyac duyulur. Bu cür sosial təhsil və tərbiyə metodlarının inkişaf proseslərinə nəzarət edən, multikultural cəmiyyətdə vətəndaş münasibətlərini tənzimləyən mühüm institut ailə institutu hesab oluna bilər. Yer üzündə tez bir zamanda ideal cəmiyyət qurmağın ən asan və effektiv üsulu multikultural nikahdır. Əsrlər boyu Azərbaycanda mövcud olan multikulturalizm ənənələri ailə institutundan da yan keçməmişdir. Tarix boyu məmləkətimizdə qarışıq ailələr mövcud olmuş, var və olacaqdır. Bu kimi hallar ədəbiyyatımızın görkəmli simalarının əsərlərində: N.Gəncəvi, H.Cavid, Y.V.Çəmənzəminli, N.Nərimanov, öz əksini tapmışdır.
Azərbaycanda multikulturalizm kontekstində qurulan ailə-nikah münasibətlərinin köklərinin “Kitabi-Dədə Qorqud” dastanının yaranma zamanına qədər uzandığının şahidi olmaq mümkündür. Kitabdakı boyların biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Burada əhvalat belə nəql olunur ki, gənc Qanturalı evlənmək üçün “kafir” qızını - sarı donlu Selcan xatunu, Trabzonun xristian başçısının qızını seçir. Oğuz bəyləri üçün bu dini mənsubiyyət heç bir ögeylik ifadə etmir. Qanturalının gələcək həyat yoldaşında görmək istədiyi yalnız bu keyfiyyətlərdir: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?... Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş olsun!...”. [1.s.248-260]
Selcanla evlənməsinə qızın atasından icazə almaq üçün, Qanturalı onun üçün hazırlanmış ağır sınaqdan keçərək özü də təbii ki, bir igidlik nümunəsi göstərməli olur, bir buğa, ardınca da bir aslanla güləşir. Sınağını qələbə ilə başa vurub Selcan xatunla öz yurduna yola düşür. Qızını müsəlman Oğuz gəncinə verdiyindən peşmançılıq çəkən Trabzon təkuru onların ardınca qoşun göndərir. İki gəncin üstünə bu dəfə düşmən qismində gələn təkur döyüşçülərini Qanturalı ilə Selcan xatun, biri müsəlman, o biri xristian olaraq birgə dəf edirlər.
Dastan boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik göstərilmir. Əksinə, onun qəhrəmanlığının təsvirində şəxsinə məhrəm bir münasibət ifadə olunur. Selcan obrazı qadına ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq nümunəsi kimi baxılan oğuz qadınlarının mühitində tam doğmalaşmış biridir. Elə buna görə də bu xristian qızı Selcan xatunu müsəlman oğuz qızlarından fərqləndirmək olmur.
Azərbaycan üçün qarışıq (beynəlmiləl) ailələrin öyrənilməsi mədəniyyətlərarası kommunikasiyaların qarşılıqlı təsir və qarşılıqlı müdaxilə tendensiyaları prosesində aktualdır. Qarışıq ailələrin müsbət keyfiyyətləri ilə yanaşı, neqativ xüsusiyyətləri də mövcuddur. Bu cür nikahlar Azərbaycan cəmiyyətinin etno-demoqrafik strukturunun dəyişikliyinin əhəmiyyətli kanalıdır. Alimlər sübuta yetirmişlər ki, genetika baxımından qarışıq ailələrdə dünyaya gələn uşaqlar digərlərinə nisbətən daha sağlam və daha ağıllı olurlar. Misal olaraq məşhur azərbaycanlıların adlarını qeyd etmək olar: Davud Paşayev Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü, İren Məlikova - Azərbaycanşünas türkoloq alim, professor, Müslüm Maqomayev - Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Heydər Camal - Politoloq, yazıçı, filosof və şair, Oleq Babayev -Ukraynalı politoloq, Ukrayna Ali Radasının VI çağırış xalq deputatı; Kremençuk şəhərinin meri (2010-2014), Lütfəli Əsgərzadə (Lütfi-Zadə)-azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiqnəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. [4] Buna səbəb olaraq müxtəlif tipli genetik xəstəliklərin qanların qarışması nəticəsində mutasiyaya uğrayaraq ya məhv olunması, ya da müalicəyə təslim olması göstərilir. Lakin milli özünüdərk prosesi baxımdan bu cür nikahlarda iki etnik mənsubiyyətdən biri məğlub olur, çünki bu cür ailələrdə övladlar özlərinə milli mənsubluq seçərkən valideynlərindən birinin etnik xəttinə son qoymuş olur, və yaxud da üçüncü bir mənsubluq seçmiş olur. Bir faktı da vurğulamaq lazımdır ki, qarışıq ailələrdə dünyaya gələn övladlar daha çox hansı ölkədə yaşayırlarsa, o ölkəyə məxsus milli mənsubluğu seçmiş olurlar. Buna səbəb kimi ətraf mühit və ailədaxili etnik və sosial statusca tərəflərdən hər hansı birinin üstünlüyü göstərilir. Azərbaycanda statistik göstəricilərə görə son illərdə qarışıq nikahların sayı xeyli artmışdır. Qarışıq nikahların ölkədaxili və məsafəli ola biləcəyi nöqteyi-nəzərindən bu cür ailələrin hansının daha möhkəm və uzunmüddətli olması sualı ortaya çıxır. Bir sıra sosioloqların araşdırmalarına görə bir-birindən uzaq məsafədə yaşayan, yəni, iki müxtəlif ölkənin vətəndaşları olan ailələr, eyni ölkənin vətəndaşı olan, lakin müxtəlif etnik mənsubiyyətə malik olan ailələrə nisbətən qısamüddətli olur. Buna təbii olaraq hər bir şəxsin yaşadığı ölkənin qanunlarına, sosial tələblərinə, baxışlarına, milli-mənəvi, mədəni məxsusluğuna uyğun olaraq formalaşması digərinin sadalanan mövcudluğuna uyğunlaşmağına çətinlik çəkməsi ilə izah vermək olar, yəni əcnəbi vətəndaşlar üçün yeni cəmiyyətə uyğunlaşma olduqca çətin prosesdir. Bu cür ailələrdə yaranmış hər hansı bir konflikt situasiyaların aradan qaldırılması birmənalı şəkildə tərəflərin subyektiv və obyektiv münasibəti ilə öz həllini tapır. İstənilən halda tərəflərdən biri digərinə müəyyən məsələlərdə güzəştə getməli olur.
Yaxın keçmişə qədər Azərbaycanda qarışıq nikaha daha çox kişilər meyl göstərirdilər, qadınlar isə bu məsələyə bir qədər ehtiyatla yanaşırdılar. Lakin son illərin göstəricilərinə görə əcnəbi vətəndaşlarla və ya Azərbaycan ərazisində yaşayan digər azsaylı xalqların nümayəndələri ilə ailə quran qadınların sayı artıb. Daha çox azərbaycanlı xanımlar Türkiyə vətəndaşları ilə ailə qurmağa meyl göstərirlər. Eyniköklü, ortaq dini dünyagörüşünə, ortaq mədəniyyətə malik olmağımız bu cür ailələrin qurulmasında təkanverici faktor kimi qiymətləndirilə bilər.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda multikulturalizm kontekstində qarışıq nikahların mövcudluğu uzun bir tarixi yol keçmişdir. Təbiidir ki, bu mövzuda bütövlükdə hər kəsi tolerant hesab etmək düzgün olmaz. Bir qrup insanlar bu prosesi neqativ hal kimi qiymətləndirərək dini ayrılığı, adət-ənənələrin uyğunsuzluğunu, milli dəyərlərin müxtəlifliyini nəzərə alaraq bu ailədə anlaşılmazlıqların yaranmasına gətirib çıxaracağına inanırlar. Digər qrup insanlar isə əksinə, hesab edirlər ki, bu cür genetik qarışıqlardan sağlam və daha ağıllı uşaqların dünyaya gəlməsi bəşəriyyət üçün daha lazımlı və ehtiyac duyulan haldır. Bir qrup insanların fikrincə qarışıq ailələrin varlığı təkcə insanlar arasında deyil, müxtəlif xalqların, millətlərin, ölkələrin mədəniyyətlərinin bir-birinə yaxınlaşması, bir-birinə dəyər verməsi baxımdan olduqca vacib bir prosesdir. Digər qrup insanlar isə hesab edirlər ki, qarışıq ailələr vasitəsilə bəşəriyyəti müsibətlərdən xilas etmək mümkündür. Təsəvvür edin ki, iki bir-birinə düşmən olan millətin, irqin, etnik qrupun nümayəndələri öz həyatlarını birləşdirmək qərarı verirlər. Bu zaman artıq onlar nikaha daxil olan andan “yeni bir dövlətin vətəndaşlığını” qəbul etmiş olurlar. O dövlətin ki, iki düşmən tərəfi məhəbbətlə bir-birinə bağlayır, nifrət etdiyi millətin dəyərlərini qəbul edir, hörmətlə qarşılayır. Təbii ki, bu cür vasitələrlə millətlərarası düşmənçilik, nifrət, səbəbsiz müharibələrin qarşısının alınması mümkündür, lakin bir qədər ağır prosesdir.
Ailə institutu qarşılıqlı hörmət və anlayış əsasında mövcud olmalıdır. İstisna edilmir ki, qarışıq ailələr bir sıra problemlərlə üzləşə bilər, lakin möhkəm ailənin təməli sağlam insani münasibətlərə söykənir. Heç bir dini mənsubiyyət, dünyagörüşü, sosial-mədəni, maddi və digər ənənələrə söykənən münasibətlər ailə institutunun formalaşmasına mane olmamalıdır.
Ədəbiyyat:
1. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilnıiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 səh.
2. Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası. I Virtual Dəyirmi masa, 2014
3. http://legitimist.ru/
4. https://ru.wikipedia.org
5. http://multikulturalizm.gov.az/
İlahə Sadıqova