Londonda son 110 ildə tapılmış ən böyük almaz nümayişə çıxarılıb. Daşın 29 iyunda hərrac vasitəsilə satılacağı bildirilib. Almazın tenis topu boyda olduğu bildirilib.
Anspress-ə istinadən, Botsvanadan ötən il aşkar edilən almaz Londona satılmaq üçün gətirilib. Daşın çəkisi 1109 karatdır. Almazın 3 milyard ildən çox yaşı olduğu hesablanıb. Sotheby`s hərrac evində ayın sonunda satışa çıxarılacaq daşın rekord qiymətə satılacağı deyilib. Almaza sahib olmaq üçün ən azı 50 milyon ingilis funtu ödəmək lazım gələcək.
Bənzər əks-səda doğuran hadisə ötən ay baş verib. Kanadanın dağ-mədən fəaliyyəti ilə məşğul olan "Lucara Diamond Corporation" şirkəti böyük almaz daşını 63 milyon ABŞ dollarına satıb. Bu, indiyədək cilalanmamış qiymətli daş üçün ödənmiş ən böyük məbləğdir.
Şirkətin almaza olan sahiblik haqları bununla kifayətlənməyib. Kanadaya məxsus şirkət qiymətli daşın cilalandıqdan sonra hər dəfəki satışından 10 faizlik gəlir əldə edəcək.
"Lucara Diamond" almazı ötən il Botsvanada aşkar olunub. Daşın çəkisi 813 karatdır (162.6 qram). Şirkət rəsmisi bildirib ki, Botsvanada başqa bir almaz da tapılıb. Sözügedən almaz daha böyükdür və iyun ayında satışa çıxarılacaq.