AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.
Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub.
Bakı Dövlət Universitetində sosiologiya və psixologiya ixtisasına yiyələnib.
Rusiyanın San-Marino Universitetində biznes və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.
American University in London-da (hazırda American Intercontinental University, London) biznesin idarə olunması üzrə bakalavr dərəcəsinə yiyələnib.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited Bakı-Tbilisi-Ceyhan boru kəmərində əsas maliyyə mütəxəssisi işləyib.
Həmçinin RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin baş direktoru vəzifələrində çalışıb.
2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.